Azərbaycan həm də idman ölkəsidir
İdman

Azərbaycan həm də idman ölkəsidir

"Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki, bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır". Bu sözləri ölkə başçısı İlham Əliyev 2017-ci ildə Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxış edərkən söyləyib.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra idmançılarımız Olimpiya Oyunlarına daha da yaxınlaşdı, onlar Olimpiyanın fəal və davamlı iştirakçısına çevrildi. 1992-ci ildə Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradılması ilə milli idmanın dinamik inkişafı daha çox nəzərə çarpdı. Təsisat 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edildi. Bundan sonra idmançılarımız Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr qazandılar. Olimpiya Oyunlarında əldə olunan medalların sayı 53-ə çatdırıldı. İdmançılarımız bununla da Azərbaycanın idman şöhrətini artırdılar.

26 il öncə 31 iyul 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Komitəsinin növbəti Baş Məclisinin yeni idarə heyəti müəyyənləşdirildi və İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu seçim Azərbaycan idmanı üçün dönüş nöqtəsi oldu və ölkəmizin idman tarixində qələbə və zəfər dolu yeni səhifələr yazılmağa başladı. 26 il sonra bu gün biz həmin qərarın düzgünlüyünü bir daha görürük. Azərbaycanda keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, möhtəşəm idman qələbələrimiz, dünyaya təqdim olunan Azərbaycan standartları, Formula 1 Qran-Prisi, digər dünya və Avropa çempionatları, Şahmat Olimpiadası, Tur de Azərbaycan və s. idman tədbirləri, həm də ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, gözəlliyini bütün dünyaya təqdim edir.

Azərbaycan Milli Olimpiya Komitəsinin ötən illərdəki fəaliyyətini iki beşilliyə bölə bilərik. Birinci dövrdə Olimpiya Hərəkatı öyrənilməmiş, onun beynəlxalq miqyasdakı rolu dəyərləndirilməmiş, heç bir təşəbbüskarlıq göstərilməmişdi. Fəaliyyət yalnız Beynəlxalq və qitə Olimpiya Komitələrinin bəzi tədbirlərində iştirakla məhdudlaşdırılmışdı. Nəinki ölkədən kənarda, hətta respublikada Azərbaycan Milli Olimpiya Komitəsinin varlığı hiss olunmurdu. Amma sonrakı mərhələdə bu təşkilat idman sahəsində böyük işlər gördü, bu gün də o işləri davam etdirməkdədir. 1998-ci il dövlətimizin Olimpiya Hərəkatına qoşulması üçün bir istiqamət oldu. Belə ki, respublika ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublika 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunurdu. 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 2022-ci ildə 30 ili tamam oldu.

Bir sözlə, ötən bu müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub.

Röya RÜSTƏMLİ,

"Respublika".