Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ürəyinizin sağlam olmasını istəyirsinizsə...

Elə bir insan yoxdur ki, gülüş ona yaraşmasın. İnsanı gözəlləşdirməklə yanaşı, sağlamlıq baxımından da çox faydalı olan gülüş təkcə xoşbəxtlik hormonu endorfinin ifrazına kömək etmir, həmçinin ağrıları azaldır. Gülərkən otonom sinir sistemi hərəkətə keçərək stres hormonlarının səviyyəsini müsbət yöndə dəyişdirir. Bu yaxınlarda aparılan araşdırma zamanı isə gülməyin daha bir faydası ortaya çıxıb. Belə ki, braziliyalı alimlər gülüşün təsiri ilə ürək toxumasının genişləndiyini və bədəndəki oksigenin artdığını müəyyən ediblər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, gülüş terapiyasına qatılan koronar arteriya xəstəliyi olan xəstələrdə iltihabın azaldığı müşahidə edilib.

"Araşdırmalarımız göstərir ki, gülüş terapiyası ürək-damar sisteminin funksional imkanlarını artırır. Onun iltihab, infarkt və insult riskini azaltdığı sübut edilmişdir. Ürək problemi riski olan xəstələrə tətbiq oluna bilər," - deyə Avropa Kardiologiya Cəmiyyətinin tədqiqatçısı prof. Marko Saffi qeyd edib.

Britaniya Ürək Fondunun professoru Ceyms Leiper isə gülüşün təsirinin nə qədər davam etdiyini araşdırmağı təklif edib.

 

Əbəs yerə ona "kimyəvi silah", "ləng zəhər" demirlər

Marqarin XIX əsrdə fransız kimyaçısı İppolit Meje-Murye tərəfindən icad edilib. Bu icadın əsas məqsədi ən kasıb əhalini ucuz "yağ"la təmin etmək idi. Lakin illər keçdikdən sonra bəlli oldu ki, marqarinin müntəzəm istehlakı insan sağlamlığına çox ciddi ziyan vurur, təhlükəli xəstəliklərin riskini xeyli artırır.

Bu yağ ən ucuz bitki yağlarından (palma və s.) hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusi üsullarla emal olunur ki, onların strukturu dəyişilir və nəticədə kərə yağına bənzər konsistenisya alınır.

Bu kimyəvi reaksiyalar zamanı isə ziyanı bütün dünyada təsdiq olunmuş trans-yağlar əmələ gəlir. Mütəxəssislər belə yağları "kimyəvi silah", "səssiz qatil", "ləng zəhər" adlandırırlar.

Trans-yağların daimi qəbulu ürək-damar, sinir, immun sistemi, mübadilə prosesinə mənfi təsir edir, şəkərli diabetin inkişaf riskini artırır. Ən ciddi kanserogenlərdən (xərçəng əmələ gətirən maddələr) biri sayılan bu yağlar, həmçinin həzm sisteminin fəaliyyətini pozur, qanda xolesterinin səviyyəsini artırır, damarların tutulmasına səbəb olur. Onların müntəzəm istehlakı artıq çəkiyə də yol açır.

Nəzərinizə çatdıraq ki, "fast-food" qidalar, yarımfabrikatlar, dükanlarda satılan müxtəlif növ peçenye, vafli, tort, pirojna, dondurma, ucuz şokoladlar və s. məhsulların hazırlanmasında bu yağdan istifadə olunur. Bu yağ böyüklərə nisbətən uşaqlara daha ziyanlı olduğu üçün azyaşlıların belə qidaları qəbul etməsi tövsiyə olunmur.

 

Gözdə "itdirsəyi" təhlükəlidirmi?

Ömründə bir dəfə də olsa gözünə "itdirsəyi" çıxmayan bir insan tapmaq çətindir. Bəzi insanlar isə bu problemlə mütəmadi olaraq qarşılaşırlar. Bəs "itdirsəyi" nədir və təhlükəlidirmi?

"İtdirsəyi" - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin iltihabıdır. İlkin olaraq göz qapağının kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayan bu problem daha sonra gözətrafı şişkinlik və qızartı ilə nəticələnir. İki-üç gündən sonra həmin sahədə sarı rəngli irinli "başcıq" əmələ gəlir, deşiləndən sonra içindəki irin xaric olur. Göz qapağında eyni zamanda bir neçə "itdirsəyi"nin əmələ gəlib birləşməsi baş verəndə xəstənin ümumi vəziyyəti ağırlaşır, temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yaranır. Mütəxəssislər bildirirlər ki, "itdirsəyi"ni sıxmaq, onun üzərinə müxtəlif məhlullar çəkmək olmaz. "İtdirsəyi" ilə ehtiyatsız davranışlar görməni zədələyə bilər. Burada ən vacib məqam onu sıxıb çirkini çıxarmamaq, ora çirkli əl, dəsmal sürtməməkdir. Belə ki, gözün üstündə çox incə birləşdirici toxuma yerləşir ki, "itdirsəyi"ni sıxanda içəridən irin bu toxuma ilə gözün daha dərinlərinə və hətta kəllə içinə kimi yayıla bilər. Bu isə beyin üçün təhlükəlidir.

 Bəzən də elə olur ki, itdirsəyi keçib getmək əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır. İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar.

 

Keçi südü hansı xəstəliklərin çarəsidir?

Tərkibi ana südünə bənzər olan keçi südü insan orqanizmi üçün olduqca faydalıdır. Bu süd ta qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hippokrat keçi südünü vərəmin dərmanı, İbn Sina isə yaşlı insanlarda baş verən nasazlıqların aradan qaldırılmasında ən yaxşı vasitə hesab etmişdir. Bəs keçi südü daha hansı xəstəliklərin dərmanıdır?

Keçi südü nəinki müalicəvi xüsusiyyətlərinə, həm də keyfiyyətinə görə inək və digər mal-qaranın südündən fərqlənir. Tərkibi zəngin vitamin kompleksi, mineral və zülallarla zəngin olan bu süd, çox asan həzm olunur. Onun tərkibində doymuş yağ turşularından olan linol və linolen maddəsi var ki, bu da orqanizmin müqavimətini artırır, infeksion xəstəliklərə qarşı davamlı olub, maddələr mübadiləsi zamanı xolesterini nizamlayır. Keçi südünün tərkibi çoxlu miqdarda kalsium və manqan, həmçinin mikroelementlərdən - dəmir, mis və s. ilə də zəngindir. Onun tərkibində olan A vitamini inək südünün tərkibindəki A vitaminindən 3 dəfə çoxdur. Bu süd tərkibindəki kalium elementi sayəsində   ürək-damar sisteminin fəaliyyətini artırır və onun normal işləməsinə şərait yaradır. Bundan başqa, onun tərkibindəki B12 vitamini qan dövranının fəaliyyətinə müsbət təsir edir və maddələr mübadiləsini nizamlayır.

Keçi südü tərkibindəki süd şəkərinin (laktozanın) azlığına görə başqa heyvan südlərindən fərqli olaraq bağırsaqlarda heç bir köp əmələ gətirmir. Amerika alimlərinin apardıqları təcrübələr zamanı müəyyən olunmuşdur ki, bu süd inək südünə nisbətən orqanizmin bütün fizioloji tələblərinə müsbət reaksiya verən yeganə süddür. Kanadalı alimlərin apardıqları araşdırmaların nəticələri isə göstərir ki, keçi südünün tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan ondan bir çox xəstəlikləri, o cümlədən öd kisəsi daşları, həzm pozuntuları, fibrom və epilepsiyaların müalicəsində istifadə oluna bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".