İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Avropa çempionatında  15 idmançımız mübarizə aparacaq

Azərbaycan Cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəcəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq. İdmançılar sentyabrın 7-9-da çempionatın fərdi yarışlarında, 10-da isə komanda yarışlarında iştirak edəcəklər.

Yığmamız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib.

 

Millimiz yarışları 4 medalla başa vurub

Xorvatiyanın Zaqreb şəhərində savat idman növünün (fransız əlbəyaxa milli idman növü) assault növü üzrə Avropa çempionatı keçirilib. Milli komandamız da bu yarışda 6 idmançı ilə təmsil olunub və 4 medal qazanıb. Qadınların yarışında Tutu İsmayılova (48 kiloqram), kişilərin yarışında Seymur Şahbazov (56 kiloqram), Həsən Əliyev (60 kiloqram), Ağadədə Əliyev (70 kiloqram), Beyrək Bağırov (75 kiloqram) və Sənan Babazadə (80 kiloqram) mübarizə aparıb. Seymur Şahbazov gümüş, Tutu İsmayılova, Həsən Əliyev və Sənan Babazadə isə bürünc medala layiq görülüblər. Tutu İsmayılova oktyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıb.

 

Kikboksçularımızın uğurlu çıxışı

Türkiyənin İstanbul şəhərində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda tarixi uğura imza ataraq 16 qızıl, 16 gümüş və 31 bürünc medal qazanıb. Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə qitə birinciliyinin ən yaxşı məşqçisi adına layiq görülüb. Yığmamız medal sıralamasında 7-ci, rinq döyüşlərində isə 1-ci yeri tutub.

 

Təmsilçimiz atçılıq idmanı üzrə üçüncü olub

Sentyabrın 1-3-dək atçılıq idmanının dresaj növü üzrə Almaniyada açıq çempionat keçirilib. Milli yığmamızın üzvü Aqata Zəhrabəyova ölkəmizi təmsil edib. O, üç gün davam edən çempionatda da xüsusi fərqlənərək finala vəsiqə qazanıb. İyirmi beş idmançının iştirak etdiyi yekun mərhələdə yığmamızın üzvü üçüncü yerə yüksəlib.

Nərgiz İSMAYILOVA,

"Respublika".