TƏHSIL MILLƏTIN GƏLƏCƏYIDIR
Elm və təhsil

TƏHSIL MILLƏTIN GƏLƏCƏYIDIR

"Bu gün müstəqil Azərbaycanın hər guşəsində məktəblər, ali məktəblər təhsil ilinə başlayır. Uşaqlar, körpələr 1-ci sinfə qədəm qoyur, orta təhsil almış gənclər universitetlərin auditoriyalarına daxil olurlar, yay istirahətindən sonra müəllimlər işə başlayırlar. Bu, Azərbaycanın həyatında ən böyük hadisədir. Çünki ölkəmizin əhalisinin demək olar ki, hamısı təhsilə cəlb olunubdur, onların hamısı bunda maraqlıdır. O mənada ki, hər bir ailənin uşağı vardır. Uşaq ya məktəbə, ya da universitetə gedir. Bu isə hər bir valideyn, ailə üçün ən böyük nemətdir. Bu, hər bir ailəyə böyük sevinc hissi gətirir". Bu sözləri 2000-ci il sentyabrın 1-də ulu öndər Heydər Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə keçirilən təntənəli toplantıda çıxışı zamanı səsləndirib.

 Azərbaycan tarix boyu regionda öz ziyalıları ilə seçilən ölkə olub. Əzim Əzimzadə, Məhəmməd Əmin Rəsulzadə, Xəlil Rza Ulutürk, Lütfi Zadə, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov kimi dahilər məhz bu torpağın yetirməsidir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan elmi XX əsrdə yüksələn xətlə inkişaf edib. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr bu cəhətdən xüsusilə seçilir. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, ümumiyyətlə, təhsil sisteminin inkişaf etdirilməsi məhz bu illərə təsadüf edir. Ulu öndər hər zaman təhsil sahəsində mövcud olan nöqsanların həllinə həssaslıqla yanaşırdı: "Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...".

Heydər Əliyev yeni təhsil müəssisələrinin açılmasına, mövcud olanların ən son texnologiyalarla təchiz olunmasına böyük diqqət göstərirdi. Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb, ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb, həmçinin 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Şübhəsiz ki, bu da həmin dövrdə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradıb.

Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sahədə ciddi islahatlar aparıb. Belə ki, 2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri olub. Sərəncama əsasən ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradılıb. Növbəti sərəncam isə "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında" 17 fevral 2003-cü il tarixində qəbul edilib. Bu sənəd ölkənin təhsil sahəsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müstəsna əhəmiyyətə malik olub.

Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" kimi layihələr həyata keçirir. Fondun ilk onilliyində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. Həmçinin "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa olunub və yenidən qurulub. "Təhsilə dəstək" layihəsi çərçivəsində isə respublika üzrə 50-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, Fond ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı da nəzərə alaraq "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirməyə başlayıb. Heydər Əliyev Fondunun gördüyü işlər təkcə Azərbaycanda deyil, respublikadan kənarda da uğurla reallaşdırılır. Bu baxımdan Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Rumıniyada, Rusiyada və Pakistanda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Həmçinin ABŞ-ın Merilend ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlıqların alınmasına maliyyə yardımı edilib, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görmə qüsurlu və ya zəif görən uşaqlar, həmçinin gənclər üçün mərkəz yenidən qurulub. Gürcüstanın həmyerlilərimiz yaşayan bölgələrindəki, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

Təhsil hər bir xalq üçün prioritet məsələdir. Ulu öndərin layiqli davamçısı İlham Əliyev milli təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm islahatların aparılmasına xüsusi diqqət göstərir və bu istiqamətdə ciddi addımlar atılır. Ölkə başçımızın 2004-cü il avqustun 21-də imzaladığı Fərmana əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslər 15 sentyabrdan başlanır və həmin gün ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Artıq 20 ildir ki, uşaqlar, gənclər bu günü sevinc və həvəslə gözləyir, məhz 15 sentyabr üçün xüsusi hazırlaşırlar. Təhsil ilinin ilk günü kimi qeyd edilən bu tarixdə balaca fidanlar üçün ilk zəng çalınır.

Töhfə SƏMƏDOVA,

“Respublika”.