Tovuz RİH və Azərbaycan Texniki Universiteti arasında müqavilə
Elm və təhsil

Tovuz RİH və Azərbaycan Texniki Universiteti arasında müqavilə

Tovuz rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə rayon icra hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır. İmzalanma mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, RİH başçısı aparatının və AzTU-nun əməkdaşları iştirak etmişlər.

Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun işlərin görülməsini nəzərdə tutur.

İmzalanma mərasimində bildirilib ki, müqavilənin Ulu Öndər Heydər Əliyevin 100 illiyində bağlanması və “Heydər Əliyev İli”ndə icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər, onun irsinin davamına mühüm töhfədir. Məhz Ulu Öndər ölkəmizin, o cümlədən Tovuz rayonunun dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.

“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Tovuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk əməkdaşlıqdır. Görüşdə layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.

Vəli VƏLİYEV,

“Respublika”.