Sabah hava necə olacaq?
Ekologiya

Sabah hava necə olacaq?

Sentyabrın 17-si gündüzdən 18-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, sentyabrın 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Respublika"ya verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Sentyabrın 17-si qərb rayonlarından başlayaraq sentyabrın 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsindən axan Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgələrindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Gorançay, Quruçay, Köndələnçaydan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.