DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BENYAMİN NETANYAHU: TARİXİ SÜLHÜN ASTANASINDAYIQ

“İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa getdikcə daha çox yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş ola bilər”. “Report” agentliyinin xəbərinə görə, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Baş nazir çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, digər ərəb ölkələrinə münasibətlərin normallaşdırılması təklifi ilə müraciət etmək qərarına sadiqliyini bir daha bəyan edib. Netyanyahu xatırladıb ki, 2020-ci ildə ölkəsi ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib.

“Bu sazişlər, şübhəsiz ki, yeni sülh dövrünün müjdəçisi idi. Lakin əminəm ki, biz daha böyük irəliləyişin - İsrail və Səudiyyə Ərəbistanı arasında tarixi sülhün astanasındayıq. Belə sülh ərəb-İsrail münaqişəsinin sona çatmasına böyük töhfə verəcək, digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcək, fələstinlilərlə sülh perspektivlərini gücləndirəcək, yəhudilik və İslam, Qüds və Məkkə arasında geniş barışığa kömək edəcək”, - deyə Benyamin Netanyahu vurğulayıb.

AVSTRALİYA BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASINA ÜZV OLMAQ İSTƏYİR

Avstraliya 2029-2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq niyyətindədir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasında Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq diqqətə çatdırıb.

Məlumata əsasən, XİN başçısı çıxışının çox hissəsini “böyük güclər arasında” artan hərbi münaqişə riski mövzusuna həsr edib.

Avstraliyanın baş diplomatı, həmçinin, qeyd edib ki, Hind-Sakit okean regionunda da strateji etimadın olmaması fonunda görünməmiş hərbi güc artımı mövcuddur.

“Hərbi güc nümayişi genişlənir, lakin hərbi münaqişənin qarşısını almaq məqsədilə heç bir tədbir görülmür və bunun qarşısını almaq üçün konkret mexanizmlər azdır”, - deyən Penni Vonq əlavə edib.

ABŞ PROKURORLUĞUNDAN BOB MENENDESLƏ BAĞLI AÇIQLAMA

ABŞ-ın Nyu-York Cənub Dairəsi üzrə Prokurorluğu ermənipərəst demokrat senator Bob Menendesə və onun həyat yoldaşı Nadin Arslanyana qarşı korrupsiya ittihamı ilə bağlı mətbuat konfransı keçirib. “Report” agentliyinin prokurorluğa istinadən verdiyi xəbərə görə, Menendes və həyat yoldaşı demokrat senatora təsir göstərmək müqabilində yüzminlərlə dollar rüşvət almaqda ittiham olunur.

Prokurorluğun açıqlamasına görə, rüşvətlərə qızıl külçələr, nağd pul, ev ipotekası ödənişləri və dəbdəbəli avtomobil daxil olub. Həmçinin onun həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan üç iş adamı əvvəlcədən əlbir olaraq bu işlərdə iştirak etməkdə ittiham olunur. Bu şəxslər Menendesin ABŞ senatoru kimi səlahiyyətindən şəxsi maraqlar və Misirin xeyrinə, daha doğrusu, ABŞ-a halal ət tədarükündə inhisarı əldə saxlamaq üçün istifadə etmək səylərini koordinasiya etməkdə ittiham olunur.

Prokurorluqdan Menendesin evində və onun bank qutusunda aparılan axtarışlar zamanı, eləcə də üzərində Menendesin adı yazılmış pencəklərin içərisindəki zərflər də daxil olmaqla, təxminən 500 min dollar pul tapılıb.

ÖTƏN İL BÖYÜK BRİTANİYADA İSTİLƏR SƏBƏBİNDƏN ÖLÜM HALI REKORD HƏDDƏ ÇATIB

Anomal istilər ötən il Böyük Britaniyada 4500-dən çox insanın həyatına son qoyub. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsi Böyük Britaniya və Uelsdə 1988-2022-ci illərdə anomal istilərdən ölənlər və xəstəxanaya yerləşdirilənlərlə bağlı hesabatında qeyd olunur.

Hesabata görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb. Ölkədə 2022-ci ilin ən isti günlərində istilərdən 4507 nəfərin öldüyü bildirilib. Bunun rekord göstərici olduğu vurğulanıb. Açıqlamaya əsasən, ölüm faktları ən çox paytaxt Londonda qeydə alınıb.

Xatırladaq ki, beynəlxalq ekspertər tərəfindən ötən il dərc edilən araşdırmada 2022-ci ilin 30 may - 4 sentyabr tarixləri arasında Avropada 61 min 672 adamın anomal istilərdən öldüyü, ən çox ölüm faktının isə İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada qeydə alındığı bildirilib.

POLŞADAN UKRAYNAYA SİLAH VETOSU

“Polşanın təhlükəsizliyini artırmaq üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına verə bilmərik”. “TRT” telekanalının verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda “PAP” agentliyinə verdiyi açıqlamada bildirib.

Prezident baş nazir Mateuş Moravitskinin bu mövzuda verdiyi açıqlamaların “mümkün olan ən pis şəkildə” şərh edildiyini bildirərək, onun açıqlamasının Polşa ordusu üçün alınan yeni silahlarla bağlı olduğunu vurğulayıb.

Polşa ordusunu gücləndirmək istədiklərini vurğulayan Anjey Duda deyib: “Polşanın təhlükəsizliyini artırmaq üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına təhvil verə bilmərik. Hazırda Cənubi Koreya, yaxud ABŞ-dan aldığımız “Abrams”, “Patriot” sistemləri və ya “HIMARS” kimi yeni silahların təhvil verilməsinə qarşı ilk etiraz edən mən olacağam”.

Eyni zamanda, Anjey Duda qeyd edib ki, onlar Polşa ilə Ukrayna arasında əvvəllər imzalanmış tədarük müqavilələrini artıq yerinə yetiriblər. Prezident həmçinin bəyan edib ki, ordunun ehtiyatlarından çıxarılan bəzi texnikalar Ukraynaya verilə bilər.

DÜNYA ÖLKƏLƏRİNƏ BƏŞƏRİYYƏTİ GÖZLƏYƏN TƏHLÜKƏ İLƏ BAĞLI ÇAĞIRIŞ

İndoneziyanın xarici işlər naziri Retno Marsudi dünya ölkələrini dəniz səviyyəsinin qalxmasının yaratdığı təhlükələrə qarşı mübarizədə birləşməyə çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

XİN başçısı bu çağırışı Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində BMT-nin Qlobal İqlim Mobilliyi Mərkəzinin birgə təşkil etdiyi səhər yeməyi zamanı edib.

“Dəniz səviyyəsinin yüksəlməsi bizim sağ qalmağımızı təhdid edən real təhlükədir, ona görə də bunun öhdəsindən gəlmək üçün birləşməliyik”, - deyə Retno Marsudi qeyd edib.

Xarici işlər naziri ölkələri CO2 emissiyalarını azaltmaqla və iqlim dəyişikliyinin sürətini yavaşlatmaqla dəniz səviyyəsinin qalxmasının qarşısını almaq və təsirlərini yumşaltmaq üçün birgə işləməyə çağırıb.

“Qlobal istiləşmə 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılsa belə, bu, dəniz səviyyəsinin qalxmasını dayandıra bilməyəcək”, - deyə nazir xəbərdarlıq edib.

Aİ QANUNSUZ MİQRASİYA İLƏ ƏLAQƏDAR TUNİSƏ 127 MİLYON AVRO AYIRIB

Avropa İttifaqı qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyan razılaşma çərçivəsində Tunisə maliyyə vəsaiti ödəyəcək. “Frans-Press” agentliyinin xəbərinə görə, bu barədə Avropa Komissiyasının sözçüsü Ana Pisoreno mətbuat konfransında bildirib.

Mətbuat katibinin sözlərinə görə, 127 milyon avro məbləğində ilk maliyyə vəsaiti yaxın günlərdə ödəniləcək. Məlumata əsasən, razılaşmanın məqsədi Tunis vasitəsilə Aİ-yə qeyri-qanuni miqrasiyanın qarşısını almaqdır.

Xatırladaq ki, Aİ və Tunis strateji və hərtərəfli tərəfdaşlıq haqqında razılığa gəliblər. Buna nümunə olaraq 2016-cı ildə Türkiyə ilə bağlanmış müqaviləni göstərmək olar.

Tunis ya Aralıq dənizindən keçməyə mane olacaq, ya da Avropadan miqrantları geri alacaq. Bunun müqabilində Aİ Tunisə bir milyard avrodan çox maliyyə yardımı vəd edib. Vəsait birbaşa Afrika ölkəsinin administrasiyasına deyil, investisiya layihələrinə verilir.