MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Bu dövrlərdə daha xoşbəxt oluruqmuş

İsveçrəli  elm adamları bu yaxınlarda xoşbəxtliklə bağlı əhəmiyyətli bir araşdırmaya imza atıblar. Belə ki, İsveçrənin Köln Alman İdman, Mainz İohannes Qutenberq, Bern və Bazel universitetlərindən olan  tədqiqatçılar insan həyatının ən xoşbəxt dövrlərini müəyyən etməyə çalışıblar.

Elm adamları hərtərəfli sorğu apararaq insanların həyatı boyunca  xoşbəxtlik dövrlərini araşdırıblar. Araşdırma ümumilikdə 460 min 902 iştirakçıdan əldə edilən 443 nümunənin məlumatları əsasında aparılıb.  Tədqiqatın nəticələri göstərib  ki, həyatdan məmnunluq hissi 9-16 yaş arasında azalır, daha sonra isə  70 yaşa qədər bir qədər yüksəlir.  96 yaşdan sonra isə yenidən azalmağa doğru gedir.

Köln Alman İdman Universitetinin  professoru Susanne Bücker 9-16 yaş arasında həyatdan məmnunluq hissinin azalmasını  yeniyetməlik dövrü ilə əlaqələndirib. Onun sözlərinə görə,  yetkinlik dövründən sonra həyatdan məmnunluq hissi yenidən artır. Alim  70 yaşdan sonra isə həyatdan zövq almamağı yaşlanma ilə bağlı orqanizmdə gedən proseslərlə bağlı olduğunu bildirib.

Araşdırmanın nəticələri  "Psychology Bulletin" jurnalında dərc edilib.

Sən demə kök adamlar...

Almaniyalı elm adamları  xəsislik, simicliklə artıq çəki və piylənmə arasında əlaqə tapıblar. Türkiyə mətbuatının yaydığı xəbərə görə, tədqiqatçılar yeni bir araşdırma ilə kök insanların normal çəkiyə sahib olanlarla müqayisədə maddiyyata daha çox üstünlük verdiklərini ortaya çıxarıblar.

Tədqiqat zamanı beynin həzz, razılıq və motivə edən sahəsi tədqiq edilib. Həmçinin beynin bu sahəsinin aclıq və toxluq hissinin tənzimlənməsindən də məsul olduğu müəyyən edilib. Təcrübəyə 393 nəfər iştirakçı cəlb edilib və onlar arasında yarışı təşkil olunub. Hər  uğurlu cavaba görə iştirakçılara  pul mükafatları təyin edilib. Yarışma ərəfəsində iştirakçıların beyninin  reaksiyası kompüter tomoqrafiyası vasitəsilə qeydə alınıb. Nəticədə çəkinin artıq  olmasından asılı olaraq beynin həzzlə əlaqəli  sahəsinin aktiv olduğu müəyyən edilib. Belə insanların pul qazanmağa daha çox meyilli olduqları məlum olub. Bu kəşf, həmçinin onu göstərir ki, kök insanların beyni təkcə yeməyə yox, pula, bahalı hədiyyələrə qarşı da işləyir. Alimlər  beynin bu sahələrinə təsir etməklə gələcəkdə piylənmə ilə mübarizənin yeni metodlarının hazırlana biləcəyinə ümid edirlər.

 

"Witzelsucht" xəstəliyi nədir?

Dünyada elə qəribə  xəstəliklər var ki, ona yoluxan insanlar digərlərindən fərqlənir. Belə xəstəliklərdən biri də sinir sisteminin pozğunluğu nəticəsində yaranan "Witzelsucht" xəstəliyidir.  Bəs bu xəstəliyin əlamətləri nədir?

Alman dilində "zarafat asılılığı" mənasını verən  bu xəstəliyə düçar olanlar bütün günü gülür və zarafat edirlər. Belə xəstələrin beyinlərinin sağ yarımkürəsində problem olur. Əgər problem sol yarımkürədə olarsa, xəstəliyin əlaməti tam əksinə, qaraqabaqlıq, özünəqapanmaqla müşayiət olunur.

"Witzelsucht" xəstəliyinə tutulanların ən böyük problemlərindən biri ətrafdakı insanları rahatsız etmələridir. Onlar istənilən məqamda və istənilən məkanda yersiz zarafatları və gülüşləri ilə xoşagəlməz vəziyyət yarada bilirlər. Məsələ burasındadır ki, belə xəstələr yumor hissini, başqalarının zarafatlarını qəbul edə bilmirlər. Komediya janrında olan filmlər belə bu xəstələri güldürə bilmir və onlar bu filmlərə ciddi bir film kimi baxırlar. Ancaq film qurtardıqdan sonra sözün əsl mənasında komediya başlanır. Onlar bu filmdə göstərilən süjetləri öz məharətlərinə uyğun təkrarlamağa başlayırlar.

Bu gülməli xəstəliyin ən acınacaqlı tərəflərindən biri də odur ki, onlarla ciddi fikir mübadiləsi aparmaq və söhbət etmək mümkün deyil. Qarşıdakı insan nə qədər ciddi olarsa belə, xəstələrin gülüşü də bir o qədər də davamlı olar.

Hələ ki, tibb elmi bu xəstəliyin müalicəsində acizdir. Həkimlər sadəcə bəzi dərman preparatlarının vasitəsilə davamlı olaraq gülüşləri çox qısa bir müddətə müvəqqəti olaraq dayandıra bilirlər.

Qiymətli ölçü vahidi karatın yaranma tarixi

Bu gün qiymətli daşlar elektron tərəzilərdə ölçülür və ölçü vahidi olaraq da karat qəbul edilib. Bəs keçmişdə daş-qaşları necə ölçürdülər, karat nədir, niyə məhz karat etalon hesab edilib?

Qədim dövrlərdə insanlar qiymətli daşların ölçü vahidi kimi keçi buynuzu (Ceratonia siliqua) ağacının meyvəsinin tumlarından istifadə edirdilər. Bu toxumların hər biri stabil olaraq eyni forma və ağırlıqda olurdu. Keçi buynuzunun bu meyvələrinə latın dilində karat deyirdilər. Bir toxum 0,19 qrama bərabər idi. Əvvəllər karatın ağırlığı ilə yalnız daş-qaşları deyil, tibbi preparatları, dərman məhsullarını da hazırlayırdılar. Başqa sözlə, əczaçıların ölçü vahidi də karat idi. İndi karatdan qat-qat kiçik ölçü vahidlərini hesablayan elektron tərəzilər yaradılıb və karatı da yuvarlaq olaraq 0,20 qram elan ediblər.

Maraqlı bir fakt odur ki, qızıl və qiymətli daşlar üçün karat fərqli anlayışlar verir. Qarışığı olmayan təmiz qızıl ərintisi 24 karat və ya 999 əyar hesab edilir. Tərkibində 50 faiz qarışım olan qızıl külçələr isə 12 karat hesab olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".