Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 8-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

4 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib: Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun  doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! ...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın  4-də Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.
  • "Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil". Bu sözləri "Əl-Ərəbiyə" televiziya kanalına verdiyi müsahibə zamanı Prezident cənab İlham Əliyev deyib.
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib: "Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
  • Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancıldığı xəbəri verilib. Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.
  • Ermənistan ordusu Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirib. Ermənistan ordusu Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə daha dörd yeni raket atılıb. Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş Prokurorluq Gəncənin ağır artilleriya atəşinə tutulması barədə açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər isə yaralanıb.
  • Verilən məlumata görə, yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryandır. Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub.
  • Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə raket hücumu edib. Şəhərə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxılıb. Bir neçə dəqiqə sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələrinin, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirildiyi və yaralalıların olduğu barədə məlumat yayıb. Mingəçevir şəhərinə atılmış 3 raketdən 2-si partlamayıb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib. Azərbaycan tərəfi Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atıldığını bildirib.
  • Müdafiə Nazirliyinin məlumatına görə, Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib.

"Respublika".