İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Çempionatın ilk günündə 17 güləşçimiz medal qazanıb

Bakıda Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə kəmər güləşi üzrə üçüncü Avropa çempionatı keçirilir. Milli komandanın 17 üzvü fəxri kürsüyə qalxıb. 76 kiloqram çəki dərəcəsində çıxış edən Gözəl Zutova qızıl medal qazanıb. Qadınlar arasında Pərvin Hüseynova (76 kq) gümüş, Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kq), Bəsti Səfərova (58 kq), Aytac Quliyeva (hər ikisi 58 kq), Diana Şoranova (66 kq) və Şəhla Allahverdiyeva (76 kq) isə bürünc medala layiq görülüblər. Kişilər arasında Eyvaz Baxşıyev (62 kq), Tərlan Ağayev (75 kq), Namiq Abbaslı (57 kq), Soltan Ağayev (82 kq) ikinci, Elnur Abdullayev (57 kq), Əli Mikayılov (75 kq), Əli Hümbətzadə (82 kq), Nihad Məmmədzadə (90 kq) və Nihad İsgəndərli (90 kq) isə üçüncü yeri tutublar.

İdmançılarımızın reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Siyahıda ilk pillədə Zöhrə Ağamirova qərarlaşıb. Bədii gimnastımızın aktivində 610 xal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. Stend atıcılığı üzrə qarışıq yığmamız (MİX) isə üçüncü sırada yer alıb. Qeyd edək ki, reytinq xallarının hesablanması müəyyən edilmiş qaydalar çərçivəsində aparılır. Növlər üzrə beynəlxalq yarışlar reytinqə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Basketbol klubumuzdan ilk oyunda qələbə

"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb. A qrupunda yer alan Azərbaycan çempionu ilk oyununda Niderlandın "Donar" komandası ilə qarşılaşıb. Şimali Makedoniyanın paytaxtı Skopyedəki "Kale Arena"da keçirilən görüş Bakı klubunun 75:72 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "Sabah" növbəti oyunlarını oktyabrın 3-də "Rabotniçki"yə, 5-də isə "Rapid"ə qarşı keçirəcək.

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi

Oktyabrın 5-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək. Yarış iki gün davam edəcək. Ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet birincilikdə mübarizə aparacaq. Çempionatın təşkilində məqsəd idmanın ağırlıqqaldırma növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği, inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Həmçinin bu yarışın keçirilməsində məqsəd şəhər və rayonlarda ağırlıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

Nərgiz İSMAYILOVA,

"Respublika".