İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan Kubokunun ilk qalibləri

Dekabrın 21-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadın, kişi və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışın ilk günündə kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kiloqrama qədər olan atletlər çıxıblar. Toplam 207 kq (95+112) nəticə göstərən Amin Osmanov qızıl, 198 kq (88+110) nəticə göstərən Dəniz Cabbarlı gümüş, 165 kq (75+90) nəticə göstərən Orxan İmanov isə bürünc medal qazanıb.

 

Ağır atletika tarixində bir ilk

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadın, kişi və veteranlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku uğrunda yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin yüzdən çox atleti öz qüvvəsini sınayır.

Artıq ilk rekord qeydə alınıb. Turnirə 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bu günə qədər ağırlıqqaldırma üzrə respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağır atlet iştirak etməyib. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.

 

“Masters” turnirində bürünc medal

İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan “Masters” turnirində Azərbaycan cüdoçusu Balabəy Ağayev bürünc medal qazanıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan tatami ustamız həlledici mərhələdə komanda yoldaşı Turan Bayramovu məğlub edib.

Qeyd edək ki, yarışda ölkəmizi 13 cüdoçu təmsil edir. Turnirə 58 ölkədən 350-dən çox cüdoçu qatılıb.

 

Yunan-Roma güləşi üzrə beş nəfər ölkə çempionu oldu

Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Yarışın ikinci günündə - dekabrın 21-də 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışda Nihat Məmmədli (60 kq), Həsən Məmmədli (67 kq), Azad Əliyev (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Beka Kandelaki (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.