DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ ÇİN LİDERLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜNÜN VAXTI AÇIQLANIB

ABŞ prezidenti Cozef Bayden noyabrda çinli həmkarı Si Cinpinlə görüşməyi planlaşdırır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti məlumatı yayıb.

Bildirilir ki, Ağ Ev gələn ay San-Fransiskoda prezident Cozef Bayden və Si Cinpin arasında təkbətək görüş keçirməyi planlaşdırır.

Verilən xəbərə əsasən, görüş iki ölkənin problemli münasibətlərini sabitləşdirmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı əlaqələr son illərdə Tayvan, “COVID-19” pandemiyası, casusluq iddiaları, insan hüquqları problemləri və ticarət tarifləri də daxil olmaqla bir sıra məsələlərə görə gərginləşib.

STOLTENBERQ NOBEL SÜLH MÜKAFATI ALAN NƏRGİZ MƏHƏMMƏDİNİ TƏBRİK EDİB

NATO-nun Baş katibi Yens Stoltenberq Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədini təbrik edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə baş katib “X” hesabında paylaşım edib.

“Nərgiz Məhəmmədini 2023-cü il üzrə Nobel Sülh mükafatını qazanması münasibətilə təbrik edirəm. Siz qadınların zülmünə qarşı mübarizənizdə cəsarət göstərmisiniz. İnsan hüquqları və hamı üçün azadlıq sülhün əsasını təşkil edir”, - deyə Yens Stoltenberq vurğulayıb.

Məlumat üçün, qeyd edək ki, Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılardan olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

TÜRKİYƏ VƏ ABŞ ARASINDA SURİYADAKI ƏMƏLİYYAT MÜZAKİRƏ OLUNUB

Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, telefon danışığı

 zamanı tərəflər Suriyada baş verən son hadisələri müzakirə ediblər.

Bununla yanaşı, Yaşar Güler həmkarına Türkiyənin İŞİD terror təşkilatına qarşı ABŞ-la birgə mübarizəyə hazır olduğunu bildirib.

Eyni zamanda, hər iki nazir regionda həyata keçirilən fəaliyyətlərdə ABŞ və Türkiyənin sıx koordinasiyasının vacibliyini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, oktyabrın 5-də Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) döyüş bölmələri Suriyada PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

MAHMUD ƏHMƏDİNEJADA XARİCƏ SƏFƏR ETMƏK QADAĞASI

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında pasportu müsadirə edilərək, ölkədən çıxmasına icazə verilməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, beynəlxalq simpoziumda iştirak etmək üçün Qvatemalaya getmək istəyən Mahmud Əhmədinejadın kəşfiyyat tərəfindən dayandırıldığı bildirilib.

İranın “İttilaat” qəzeti beynəlxalq sanksiyalar və Qvatemaladakı qeyri-sabit siyasi və təhlükəsizlik durumu səbəbindən həbs olunma ehtimalına görə kəşfiyyatın Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini, bunun ardınca səfərinin ləğv edildiyini yazıb.

Qeyd edilir ki, ABŞ Prezidenti Cozef Bayden sentyabrın 18-də İranda Amerika vətəndaşlarının qanunsuz həbsində rol oynadıqları üçün Mahmud Əhmədinejad və İran Kəşfiyyat Nazirliyini sanksiyalar siyahısına saldığını açıqlayıb.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə iki müddət ərzində İran prezidenti olub. ABŞ hökuməti 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident M.Əhmədinejadı və Kəşfiyyat Nazirliyini ittiham etmişdi.

VLADİMİR PUTİN: ABŞ ÖZ İQTİSADİ XƏTTİNİ AVROPAYA FƏAL ŞƏKİLDƏ TƏTBİQ EDİR

Amerika hökuməti öz iqtisadi xəttini Avropa ölkələrinə fəal şəkildə tətbiq edir. “Teleqraf.com”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Valday forumunda çıxışı zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Vaşinqton öz məqsədləri naminə beynəlxalq hüquq normalarını hansısa başqa qaydalarla əvəz etməyə çalışır. Putin qeyd edib ki, lakin heç kim bu qaydaları bilmir və başa düşmür.

“Bu nə qaydalardır? Onları kim icad edib? Tamamilə aydın deyil. Bəli, bu, sadəcə bir növ cəfəngiyyatdır”, - deyə prezident vurğulayıb.

Vladimir Putin əlavə edib ki, Qərb hökumətləri bütün bu normaları dünyada milyonlarla insanın şüuruna daxil etməyə çalışır. Rusiya lideri əlavə edib ki, insanlar “qaydalarla yaşamaq” lazım olduğuna əmindirlər, lakin bu prinsiplərin məzmununu heç kim bilmir.

Eyni zamanda, Kreml rəhbəri çıxışı zamanı diqqəti “yeni dünya qurmağın vaxtının gəldiyinə” yönəldib. Prezident həmçinin vurğulayıb ki, bu prosesin müəyyənedici mərhələlərində ziyalılara son dərəcə mühüm rol verilməlidir.

NİKOLA SARKOZİYƏ YENİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə yeni ittihamlar irəli sürülüb. “BFM TV” telekanalının məlumatına görə, Nikola Sarkozi üç gündür ardıcıl olaraq 2007-ci ildəki seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi məsələsi üzrə dindirilir.

Bildirilir ki, keçmiş prezidentə qarşı “saxta şahid toplama” və “fırıldaqçılıq məqsədli mütəşəkkil cinayətkar dəstənin fəaliyyətində iştirak etmə” ittihamı irəli sürülüb.

Məlumata əsasən, 2020-ci ildə Sarkozinin işi üzrə əsas şahid olan Ziyad Təkiəddin şahidlikdən imtina edib. Telekanal qeyd edib ki, müstəntiqlər bunun müqabilində Z.Təkiəddinə azı 608 min avro ödənildiyi qənaətindədirlər.

Qeyd edək ki, bir müddət öncə Nikola Sarkozi və daha iki şəxs haqqında üç il müddətinə həbs cəzası qərarı verilib. Onlara qarşı korrupsiya ittihamı irəli sürülüb.

SİCİLİYA MAFİYASININ 100 MİLYON AVROYA YAXIN ƏMLAKI MÜSADİRƏ OLUNUB

İtaliyanın Maliyyə Qvardiyası Siciliyada mafiya qruplaşmasının 98 milyon avro dəyərində aktivlərini və əmlakını müsadirə edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanı məlumat yayıb.

Verilən xəbərə görə, əməliyyat Siciliyanın müxtəlif əyalətlərində, Lombardiya bölgəsində, Veneto və Lazioda aparılıb.

Açıqlamada aktivlərin Siciliyanın Kataniya əyalətindən 2021-ci ildən həbsdə olan Siverino soyadlı ata və oğula məxsus olduğu vurğulanır. Mafiya fəaliyyətində ittiham olunan ata və oğulun işi məhkəməyə verilib.

Qeyd olunan şəxslərin 70 daşınmaz əmlakı, 1,7 milyon avro dəyərində nağd pulu, dəyəri 250 min avrodan yuxarı olan zinət əşyaları, o cümlədən 16 milyon avro dəyərində bank, maliyyə, şəxsi və korporativ aktivləri müsadirə olunub.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".