DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SƏUDİYYƏ ƏRƏBİSTANI İLƏ ABŞ ARASINDA SAZİŞ VƏ MEMORANDUM İMZALANIB

ABŞ prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandum imzalayıblar. “Report”un verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının “SPA” dövlət agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanının energetika, investisiya, rabitə və səhiyyə nazirləri amerikalı həmkarları ilə 18 müqavilə bağlayıblar”, - deyə agentlik bildirib. Məlumata əsasən, sazişlər kosmik, investisiya, enerji, rabitə və səhiyyə sahələrində bağlanıb.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatl

arın Ukraynadakı müharibə ilə bağlı BMT Baş Assambleyasının bu il martın 2-də qəbul etdiyi və dövlətlərin ərazi bütövlüyü, eləcə də suverenliyinin vacibliyini vurğulayan qətnaməyə sadiq olduqları qeyd edilib.

Eyni zamanda, Cozef Bayden və Səudiyyə Ərəbistanı rəhbərliyinin nümayəndələri arasında keçirilən danışıqların yekunlarına dair Ağ Evin bəyanatında bildirilir ki, Səudiyyə Ərəbistanı davamlı iqtisadi artımı təmin etmək üçün qlobal neft bazarını yenidən balanslaşdırmaq səylərini dəstəkləməyə söz verib.

 

TAXIL DƏHLİZİ İLƏ BAĞLI YEKUN SƏNƏD ÜZƏRİNDƏ İŞ BAŞA ÇATIR

Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarından taxıl ixracına icazəni nəzərdə tutan yekun sənədin tezliklə hazır olacağını açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, həftə ərzində İstanbulda keçirilən üçtərəfli görüşlərdən sonra danışıqlarda irəliləyişin əldə edildiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya dövlət televiziyasına verdiyi açıqlamada qeyd edib ki, yekun sənəd üzrə işlər tezliklə başa çatacaq.

Eyni zamanda, rəsmi Kiyevə silah və hərbi texnika göndərilməsinin qarşısını almaq istədiklərini vurğulayan İqor Konaşenkov Moskvanın təkliflərinin iştirakçılar tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Qeyd edək ki, çərşənbə günü İstanbulda taxıl daşınması üçün üçtərəfli koordinasiya mərkəzinin yaradılması və liman çıxışlarında və təyinat məntəqələrində birgə nəzarətə dair danışıqlarda irəliləyiş əldə edilib.

Tərəflərin gələn həftə yenidən görüşməsi gözlənildiyi halda, prezident Rəcəb Tayyib Ərdoğan gələn həftənin çərşənbə axşamı Tehranda Rusiya lideri Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.

 

BƏƏ UZUN İLLƏRDƏN SONRA İRANA YENİ SƏFİR TƏYİN EDİB

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 7 ildən sonra İrana yeni səfir təyin edib. “APA”nın xəbərinə görə, BƏƏ hökuməti başçısının diplomatik müşaviri Ənvər Qarqaş ölkəsinin anti-İran oxunun bir parçası olmayacağını bəyan edib.

Bununla yanaşı, müşavir qeyd edib ki, İranın regiondakı davranışları diplomatik səylərə kömək etmir. Ənvər Qarqaş əlavə edib ki, BƏƏ İranla münasibətləri bərpa etmək üçün Tehrana səfir göndərir.

Xatırladaq ki, BƏƏ-nin 2015-ci ildən Tehranda səfiri yoxdur. Qətər və Küveytlə yanaşı, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra BƏƏ etiraz əlaməti olaraq öz səfirini Tehrandan geri çağırmışdı.

Bununla yanaşı, BƏƏ hökuməti başçısının müşaviri onu da əlavə edib ki, bu ölkə İrana münasibətdə körpü qurmağa çalışır. “İranla qarşıdurma ideyası BƏƏ-nin prioriteti deyil. BƏƏ İranla qarşıdurma xəttini dəstəkləmir”, - deyə Ənvər Qarqaş bildirib.

 

AVROPADA KƏSKİN İSTİLƏR GÜCLÜ MEŞƏ YANĞINLARINA SƏBƏB OLUB

Avropanın cənub-qərbində kəskin istilər fonunda şiddətli meşə yanğınları başlayıb. “Report” agentliyinin xəbərinə görə, Fransa, Portuqaliya və İspaniyanın bir sıra regionlarında yanğınsöndürənlər güclü meşə yanğınları ilə fəal mübarizə aparırlar.

Fransada Jironde departamentində yanğınlar artıq 7,5 min hektar meşəni məhv edib. Yanğınların söndürülməsinə 1000-ə yaxın yanğınsöndürən və aviasiya cəlb olunub.

Portuqaliyanın qərbindəki Leiria bölgəsində yanğınsöndürənlər güclü küləklər səbəbindən sürətlə yayılan şiddətli meşə yanğınlarını nəzarət altına almağa çalışırlar.

Eyni zamanda, yanğınlar İspaniyanın cənub-qərbindəki Ekstremadura muxtar icmasında da meşələri bürüyüb, burada yanğınlar son bir həftə ərzində təxminən 5500 hektar meşə sahəsini məhv edib.

Qeyd edək ki, bir sıra Avropa ölkələrində anomal istilər hökm sürür. Belə ki, Portuqaliyada havanın temperaturu 47 dərəcəyə yüksəlib. Fransanın cənubunda isə iyul ayı üçün rekord istilər qeydə alınıb. Nim və Bezye şəhərlərində tarixdə ilk dəfə 40 dərəcə temperatur müşahidə olunub. İspaniyada havanın hərarəti 40 dərəcədən yüksəkdir, bəzi bölgələrdə isə 45 dərəcəyə çatıb.

 

TÜRKİYƏ VƏ ABŞ MALİYYƏ SAHƏSİNDƏ MÜZAKİRƏLƏR APARIR

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati ilə ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyanın Bali adasında danışıqlar aparıb. Danışıqlar “G20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü çərçivəsində baş tutub. Bu barədə “Report” agentliyi "Anadolu"ya istinadən xəbər verib.

Məlumata əsasən, nazirlər Ankara ilə Vaşinqton arasında maliyyə əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Nurəddin Nebati görüşün yekunlarına dair açıqlamasında bildirib ki, danışıqlar zamanı ikitərəfli ticarət əlaqələrinin potensialının reallaşdırılması və qarşılıqlı investisiyaların daha da artırılması üçün məqsədyönlü işin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Bununla yanaşı, Nurəddin Nebatinin sözlərinə görə, nazirlər qlobal iqtisadiyyatın üzləşdiyi problemlər barədə də fikir mübadiləsi aparıblar.

Eyni zamanda, tərəflər terrorizmə və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

AVROPA KOMİSSİYASI MACARISTANLA BAĞLI ARAŞDIRMALARA BAŞLAYIB

Avropa Komissiyası yanacaq qiymətinə görə Macarıstanla bağlı təhqiqata başlayıb. “APA”nın verdiyi xəbərə görə, Avropa Komissiyasının açıqlamasına əsasən, yanacağa sabit qiymət tətbiq etməklə, rəsmi Budapeşt Avropanın bazar qaydalarını pozub.

Bununla yanaşı, Avropa Komissiya hesab edir ki, Macarıstan mal və xidmətlərin, həmçinin insanların sərbəst hərəkətinə dair Avropa normalarına əməl etməlidir.

Qeyd edək ki, noyabr ayından etibarən Macarıstan yanacaq qiymətlərinə sabit tarif tətbiq edib. May ayından etibarən isə “yanacaq turizminin” qarşısını almaq üçün ucuz yanacaq yalnız Macarıstan nömrəli avtomobillərə satılır.

Məlumat üçün qeyd edək ki, hazırda Macarıstanda yanacaq digər Avropa ölkələri ilə müqayisədə 70 faizədək ucuzdur.

 

ÇİN ƏN İSTİ VƏ ƏN PARLAQ PLANETƏ KOSMİK MİSSİYA GÖNDƏRMƏYİ PLANLAŞDIRIR

Çin 2026-cı ildə Venera planetinə kosmik missiyaya başlamaq niyyyətindədir. “Report” agentliyinin məlumatına görə, Çin sözügedən planetə pilotsuz uçuş aparatı göndərməyi planlaşdırır.

Verilən xəbərə əsasən, “VOICE” adlı missiya dörd ildən sonra başlaya bilər və ilk uçuş aparatı 2027-ci ildə Günəş sistemindəki ən isti və ən parlaq planetin orbitinə çıxacaq.

Aparat Veneranın səthindən 350 kilometr məsafədə yerləşəcək və onun geoloji təkamülünü, atmosferdəki istilik və kimyəvi prosesləri öyrənəcək.

Məlumata görə, missiya hələ yekun olaraq bəyənilməyib. Büdcə, texnologiya və raket buraxılış cədvəli baxımından bir neçə fərqli layihə nəzərdən keçirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.