İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

"Mingəçevir Reqatası-2023" Avropa Kanoe Assosiasiyasının təqvim planında

"Mingəçevir Reqatası-2023" Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. 2023-cü il 25-27 oktyabr tarixlərində Azərbaycanda Beynəlxalq "Mingəçevir Reqatası-2023" keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışlarda avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək məqsədilə təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, idmançıların ustalıq səviyyəsini yüksəltməkdir. Qeyd edək ki, ilk dəfə ötən il "Mingəçevir Reqatası-2022" və cari il "Prezident Kuboku-2023" beynəlxalq reqataları Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

Ölkə birinciliyinə yekun vurulub

Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Birincilikdə klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edib. 67 kiloqramda toplam 258 kiloqram nəticə ilə Fuad Həsənov, 73 kiloqramda toplam 255 kiloqram nəticə ilə Murad Əliyev, 81 kiloqramda toplam 248 kiloqram nəticə ilə Hüseyn Heydərov, 89 kiloqramda toplam 260 kiloqram nəticə ilə Orxan Söhrabzadə, 96 kiloqramda toplam 237 kiloqram nəticə ilə Canəli Əsədov, 109 kiloqramda isə toplam 342 kiloqram nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar. Birincilik ölkə üzrə idman cəmiyyətləri və mərkəzlərində ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsi, perspektivli idmançıların müəyyənləşdirilməsi, yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunması baxımından əhəmiyyətlidir.

Komandamız yarımfinala yüksəlib

Çimərlik voleybolu üzrə ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) çıxış edən kişilərdən ibarət milli komandamız "Murov Az Terminal" yarımfinalına vəsiqə qazanıb.

Komanda 1/4 finalda Macarıstan  kollektivinə qalib gəlib. Komandalar arasında keçirilən iki oyundan birində rəqib, digərində isə "Murov Az Terminal" qələbə qazanıb. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:8 hesabı ilə qalib gələn komandamız növbəti mərhələyə adlayıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".