İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Üzgüçülük üzrə komandamız qızıl medal qazanıb

Latviyanın paytaxtı Riqada keçirilən yarışda ölkəmizin üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi uğurla çıxış edib. Yarışda 760 idmançı iştirak edib. Kişilərdən ibarət komanda 200 metr məsafədə sərbəst üsulda ən yüksək göstəriciyə nail olublar. Onlar komanda şəklində turnirin qalibi olublar. Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, 200 metr estafetdə sərbəst üsulda qızıl, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medala layiq görülüb, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, 200 metr estafetdə sərbəst üsulda qızıl, Səid Həmidov 200 metr məsafədə qarışıq üsulda 3 bürünc, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl, Mehri Əbdürrəhmanlı 200 metr məsafədə batterflay üsulunda bürünc medal əldə edib.

Xankəndi-Bakı ultramarafonu yekunlaşıb

İlk dəfə keçirilən Xankəndi-Bakı ultramarafonuna yekun vurulub. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilib. Yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər. Sonuncu mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb. Fevralın 29-da başlayan ultramarafonda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir. Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar.

Cüdo millimiz birinci olub

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb. Yığma komanda turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub. Bununla da yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub. Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".