ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Gələcəkdə telefonu əvəz edəcək cihaz

Dünyanın aparıcı şirkətlərindən olan "Apple" gələcəkdə telefonu əvəz edə biləcək cihaz hazırlayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "Humane Ai Pin" adı verilən yeni cihaz əl ilə qarşılıqlı əlaqədə olan təsvir proyeksiya edir.

Cihaz displey əvəzinə proyektoru (böyük ekranda təsvirin yaradılması üçün nəzərdə tutulmuş optik cihaz) olan çox yığcam telefona bənzəyir. O, geyimə yapışdırılır, mətn və şəkilləri birbaşa ovucun üzərinə çıxarır. Yeni texnologiya haqqında hələ ki, çox az məlumat var. Onun funksiyalarına zənglər, kamera, tərcüməçi, səsli köməkçi, həmçinin ətrafdakı obyektlərin tanınması daxildir. Məsələn, cihaz mağazadakı məhsulu skan edə və onunla bağlı suallara cavab verə bilər. Bu, süni intellekt alqoritmlərinin geniş tətbiqi sayəsində mümkündür.

Qeyd edilir ki, beş il ərzində "Humane" startapı artıq 240 milyon dollar məbləğində vəsait toplayıb və bundan əvvəl o, "ChatGPT" çatbotunu yaradan "Open Ai" şirkətinin rəhbəri Sam Altmanın diqqətini çəkib. O, təkmilləşdirmədə birbaşa iştirak etməsə də, "Humane"yə fəal şəkildə sərmayə qoyur.

İnqilabi cihazın neçəyə başa gələcəyi və nə vaxt satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur. Məlumata görə, "Humane Ai Pin"in tam təqdimatı bu ayın sonuna planlaşdırılır.

"Meta"nın xəyalları suya düşdü

"Meta" şirkəti uzun müddətdir ki, "Metaverse" üçün yüksək məbləğdə yatırımlar edirdi. Hətta bir çoxları bu yatırımların şirkəti çökdürəcəyini düşünürdü. Bütün bunlara baxmayaraq, şirkətin icraçı direktoru Mark Zukerberq "Metaverse" xəyalını gerçəkləşdirmək üçün əlindən gələni etməyə çalışırdı. Lakin bu yaxınlarda məlum olub ki, Markın "Metaverse" xəyalı suya düşüb, şirkət maliyyə problemi ilə üz-üzədir. Məhz bu səbəbdən şirkət kritik vəziyyətdən çıxa bilmək üçün ixtisarlara da başlayıb.

Hazırda şirkət bir çox departamentlərində iri həcmli ixtisarlar edib. Bunlardan biri də milyardlarla dollar sərmayə qoyulan "Meta Reality labs" adlı bölmədir. Əslində bu bölmə şirkətin "Meta Quest" adlı virtual başlıqlarını hazırlayıb. Hətta bu virtual reallıq başlıqları üçün xüsusi çipsetlər belə yaradıb.

Əldə edilən məlumata görə, şirkətin 600 nəfərlik işçi komandasının işdən kənarlaşdırılması barədə əmr verilib. Belə ki, həftə ərzində işdən çıxarılmasına qərar verilən işçilərə kompensasiya və işdən çıxma prosedurları ilə bağlı məlumatlandırıcı elektron məktublar gəlməyə başlayıb. İşçi komandası şirkətin xarici asılılığını azaltmaq üçün yaradılsa da, gözlənilən nəticəni verə bilməyib. Onu da qeyd edək ki, "Meta" şirkətinin çip istehsal edən digər komandası da hazırda çıxılmaz vəziyyətdədir. Görünən odur ki, "Metaverse" xəyalı şirkətə hələ çox zərər vuracaq.

Marsdan nümunə gətirilmə planı sual altındadır

Analitiklər hesab edir ki, NASA-nın nümunələri Marsdan qaytarmaq missiyası qeyri-mümkün ola bilər. Bunun səbəbi isə agentlikdə cari xərclərlə bağlı bir sıra problemlərin yaranmasıdır. Məhz bu səbəbdən də bir çox tədqiqatçı NASA-nın Marsdan nümunə gətirmək planının sual altında olduğunu düşünür.

Qeyd edək ki, NASA-nın bu missiyası 2028-ci ilə qədər Qırmızı Planetə göndərilməsi planlaşdırılan orbiter (planet və başqa səma cismi ətrafında dövr edən kosmik gəmi), eniş modulu, iki helikopter və bir raket də daxil olmaqla bir çox kosmik gəmini əhatə edir. Bununla belə, hesabatda qeyd edilir ki, eniş modulu və orbiterin həmin vaxt çərçivəsində buraxılışa hazır olması ehtimalı demək olar ki, sıfırdır. Mütəxəssislər agentliyə 2030-cu ili daha real buraxılış tarixi kimi nəzərdən keçirməyi tövsiyə edirlər. Bundan əlavə, belə bir əməliyyatın dəyəri 8-11 milyard dollar arasında qiymətləndirilir, lakin NASA-da hesablandığı kimi, heç bir halda - 7 milyardlıq büdcə real görünmür. Qısacası, büdcə belə Marsdan nümunə gətirmək planının uğursuz ola biləcəyini göstərir. Məhz bu səbəbdən tədqiqatçılar NASA-nın may ayında missiya planını təsdiq etməzdən əvvəl texniki, xərc və qrafik planlarını qiymətləndirmək üçün təkrar araşdırmaların vacib olduğunu bildiriblər.

"Starship" Yer kürəsinin orbitinə çata bilər

"SpaceX" şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru Elon Mask bəyanat verib ki, "Starship" raketinin ikinci cəhddə Yer kürəsinin orbitinə çıxma şansı çox böyükdür. Məlumata əsasən şirkət "Starship"in ilk orbital uçuşunu reallaşdırmağa hazırlaşır.

Şirkət sadəcə olaraq müvafiq tənzimləyici orqandan icazənin verilməsini gözləyir. Məlumatda qeyd edilib ki, raketin ikinci uçuş cəhdi çərçivəsində ən təhlükəli proses kosmik gəminin öz mühərriklərinin işə salınması olacaq. Məsələ burasındadır ki, kosmik gəminin mühərrikləri onun sürətləndirici raketə bitişik olduğu zaman işə salınacaq.

"Təbii ki, biz bunu ilk dəfədir edirik. Mən hətta deyərdim ki, bu, ikinci uçuş cəhdinin ən riskli anıdır. Əgər mühərriklər işə düşsə və kosmik gəmi start anında partlamasa, düşünürəm ki, biz bu uçuş missiyasını uğurla həyata keçirəcəyik", - deyə Mask qeyd edib. Məlumat üçün qeyd edək ki, "Starship" SpaceX şirkətinin indiyə kimi hazırlanmış ən güclü və ən böyük raketidir. Maskın planına əsasən bu raket sistemi Starlink peyklərinin Yer kürəsinin orbitinə çatdırılması və insanların Aya, Marsa göndərilməsində istifadə ediləcək. Lakin "Starship" hələ heç Yer kürəsinin orbitinə də çatmayıb. Qeyd edək ki, aprel ayında keçirilmiş ilk uçuş cəhdi çərçivəsində kosmik gəmi sürətləndirici raketdən ayrıla bilmədiyi üçün o, havada olan zaman partladılmışdı.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".