DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDENİN İSRAİLƏ SƏFƏRİNİN DETALLARI MƏLUM OLUB

ABŞ prezidenti Cozef Bayden İsrailə səfərinin əsas məqsədlərini açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

“Çərşənbə günü mən HƏMAS-ın amansız terror hücumu qarşısında həmrəy olmaq üçün İsrailə gedəcəyəm. Daha sonra kəskin humanitar ehtiyacları həll etmək, liderlərlə görüşmək və HƏMAS-ın fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmədiyini aydınlaşdırmaq üçün İordaniyaya səfər edəcəyəm”, - deyə Bayden vurğulayıb.

Bu ərəfədə, ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Cozef Bayden oktyabrın 18-də İsrailə səfər edəcək. Birləşmiş Ştatlar liderinin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir.

Eyni zamanda, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, prezident Bayden İsraildən sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada kral II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcək.

RUSİYA NÜVƏ SİLAHLARI İLƏ BAĞLI MÜQAVİLƏDƏN ÇIXIR

Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu barədə “Trend” agentliyi Rusiya mediasına istinadən xəbər verib.

Qeyd edək ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Bir müddət əvvəl Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq alyansın nüvə sınaqlarını bərpa etmək niyyətində olmadığını bildirib.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib.

ABŞ VƏ CƏNUBİ KOREYA KXDR-İ HƏDƏLƏYİB

Cənubi Koreya Respublikasının Koreya yarımadasının sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Kim Qan və onun amerikalı həmkarı Son Kim bildiriblər ki, KXDR regionda və dünyada “sülh və sabitliyə xələl gətirən qeyri-qanuni hərəkətlərə” görə məsuliyyət daşıyacaq. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər Koreya yarımadasındakı ağır vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, o cümlədən ötən həftə Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq haqqında məlumatları müzakirə ediblər.

Eyni zamanda, tərəflər KXDR-lə hərbi əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulayıblar. Onlar məlumat mübadiləsində və cavab tədbirlərində koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

İki ölkənin nümayəndələri beynəlxalq ictimaiyyətin Şimali Koreyanı heç vaxt nüvə dövləti kimi tanımayacağını bir daha bəyan ediblər və KXDR-in nüvəsizləşdirilməsinə yönəlmiş səyləri davam etdirməyə razılaşıblar.

COZEP BORREL: İRANA QARŞI SANKSİYALAR QÜVVƏDƏ QALACAQ

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumat Aİ Şurasının saytında dərc olunub.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ Şurası İrana qarşı məhdudiyyətləri ləğv etmək üçün əsaslı səbəb olmadığı qənaətinə gəlib.

Ali nümayəndə qeyd edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri Tehranın nüvə proqramı üzrə sazişin şərtlərinə riayət etmədiyini və İrana qarşı sanksiyaları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran arasında nüvə sazişi - Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. Saziş İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

AVROPA DAHA BİR BÖHRANLA ÜZ-ÜZƏ

Avropa sakinlərinin, demək olar ki, üçdə biri su təchizatı ilə bağlı problemlər yaşamağa başlayıb ki, bu da zamanla daha da pisləşəcək. Bu vəziyyət artıq böhran adlandırılıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Euronews” telekanalı xəbər verib.

Qeyd edilir ki, hazırda dünyada 3,5 milyarddan çox insan müxtəlif dərəcədə su qıtlığından əziyyət çəkir. Belə problemlərlə ən çox Afrika və Yaxın Şərqin sakinləri üzləşir, lakin bu o demək deyil ki, planetin digər regionlarının əhalisi su qıtlığı yaşamır.

Alimlər təsdiq edirlər ki, 2030-cu ilə qədər dünya əhalisinin sayı 8,5 milyard nəfəri keçəcək və bu, təkcə insanların ehtiyaclarını ödəmək üçün deyil, həm də kənd təsərrüfatı, sənaye və enerji sektoru üçün zəruri olan su ehtiyatlarına təzyiqin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

London Kral Kollecinin ətraf mühit siyasəti üzrə professoru Naho Mirumaçi bildirib ki, bu il Avropada quraqlıqdan ən çox İspaniya əziyyət çəkib, lakin hətta yağış və duman ölkəsi kimi tanınan Böyük Britaniyada da su qıtlığı kifayət qədər güclü hiss olunub.

ABŞ ORDUSUNA YAXIN ŞƏRQƏ YERLƏŞDİRİLMƏYƏ HAZIR OLMAQ ƏMRİ VERİLİB

Pentaqon Yaxın Şərqə göndəriləcək hərbçilərin hazırlandığını təsdiqləyib. “TRT” telekanalının verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi İsrail və Fələstin arasında davam edən qarşıdurmaların 11-ci günündə Yaxın Şərqə mümkün göndərilmə üçün hərbçilərin hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Bununla yanaşı, Pentaqonun açıqlamasında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yerləşdirmə əmri ilə bağlı təxminən 2000 nəfərlik heyətin yüksək hazırlıq vəziyyətinə gətirdiyi qeyd edilib.

Açıqlamada hazırda hər hansı bir qoşun yeridilməsi ilə bağlı qərarın verilmədiyi vurğulansa da, müdafiə nazirinin bu mövzuda vəziyyəti qiymətləndirməyə davam edəcəyi, müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayacağı bildirilib.

Qeyd edək ki, ABŞ HƏMAS-ın başlatdığı hücumlarda İsrailə dəstək məqsədilə təyyarədaşıyan donanmasını Aralıq dənizinin şərqinə göndərib.

ƏFQANISTANIN ZƏLZƏLƏDƏN SONRA BƏRPASINA XEYLİ  VƏSAİT TƏLƏB OLUNUR

Əfqanıstanda oktyabrın 7-də baş vermiş 6,3 ballıq zəlzələ nəticəsində 1,5 min nəfər həlak olub, 2 minə yaxın insan yaralanıb, humanitar əməliyyatlar üçün 93,6 milyon dollar tələb olunur. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin ölkədəki humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bəyan edib.

“Növbəti 6 ay ərzində zərər çəkmiş ərazilərin bərpası və qurbanlara yardımın göstərilməsi üçün humanitar əməliyyatlar üçün 93,6 milyon dollar tələb olunur”, - deyə Daniel Enders vurğulayıb.

Eyni zamanda, BMT rəsmisinin sözlərinə görə, daha 43 min insan bu və ya digər dərəcədə zəlzələdən zərər çəkib.

Daniel Enders zəlzələ nəticəsində 3,3 mindən çox evin dağıldığını, su təchizatına və quyulara ciddi ziyan dəydiyini diqqətə çatdırıb.

“Ən çox zərər çəkən ərazi İncildir. Orada isə 23 minə yaxın zərərçəkmiş insan yaşayır. Bu, bütün qurbanların təxminən 53 faizini təşkil edir”, - deyə BMT rəsmisi əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.