Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 29-cu günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

25 oktyabr

  • Müharibənin 29-cu günündə Azərbaycan Ordusunun bölmələri uğurlu döyüş əməliyyatlarını davam etdirərək Qubadlı şəhərini düşməndən azad edib. Bu, Vətən müharibəsində işğaldan azad olunan 4-cü rayon mərkəzi-şəhər idi.
  • "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 oktyabr 2020-ci ildə rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda bildirib.
  • Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə verib: "Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar".
  • Prezident İlham Əliyev BMT TŞ-də keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.
  • Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə doğru irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə sarıdan çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 "Qiasint-B" topunu, 2 "Qrad" qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.
  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb. Nazirlik həmçinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
  • Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücuma cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.
  • Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.
  • Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Qarşı tərəf itkilər verərək geri çəkilib.

"Respublika".