Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Sən demə bu fikir yanlış imiş...

İndiyə qədər bir çoxlarımız elə düşünürdük ki, nə qədər çox su içərsək bir o qədər tez arıqlayarıq. Çünki suyun kalori yandırdığı və iştahı azaltdığına inanılır. Lakin Aston Universitetinin mütəxəssisləri bu mifi təkzib ediblər. Bu barədə "Sözcü" veb saytı məlumat yayıb.

14 nəfər üzərində  aparılan təcrübənin nəticələri göstərib ki, istirahət zamanı 500 millilitr su içmək  enerji sərfiyyatını təxminən 24 faiz  artırır. Bu, cazibədar görünsə də, təsir yalnız bir saat davam edir. Tədqiqatçılar müəyyən ediblər ki, çəkisi 70 kiloqram olan bir insana itirilmiş kaloriləri bərpa etmək üçün yalnız əlavə 20 kalori  lazımdır.

Digər bir araşdırmanın nəticələri yalnız su soyuq olduqda enerji sərfiyyatının 4 faiz artdığını göstərib. Başqa bir araşdırmada isə orta yaşlı və yaşlı insanların 12 həftə ərzində yeməkdən əvvəl su içdikdə 2 kiloqram  arıqladıqları məlum olub. Tədqiqatçılar düşünürlər ki, bu, onları məqsədyönlü şəkildə yedikləri yeməyin miqdarını azaltmağa sövq etmiş ola bilər. Son olaraq alimlər belə qənaətə gəliblər ki, arıqlamaq üçün çox su içmək kifayət deyil. Su maye olduğundan, mədədən tez xaric olur. Buna görə də məşhur inancın əksinə olaraq, su mədəni doldurmur və ya doydurmur.

Ölümdən sonrakı həyatla bağlı şok açıqlama

Kvant fizikası sahəsində fəaliyyət göstərən bəzi mütəxəssislər bədənin fizioloji ölümündən sonra ruhun və axirətin varlığını istisna etmirlər. Lakin Con Hopkins Universitetinin  professoru Şon Kerroll isə mövzuya elmi baxımdan yanaşaraq bunun tam əksini iddia edir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, alim fiziki ölümdən sonra həyatın qeyri-mümkün olduğunu düşünür. O, gündəlik həyatın əsasını təşkil edən fizika qanunlarının tamamilə başa düşüldüyünü ifadə edib. Qeyd edib ki, insanın fiziki olaraq öldükdən sonra başqa bir dünyada  yaşamağa davam edə biləcəyinə dair heç bir maddi anlayış yoxdur.

"Bu ona görədir ki, ölümdən sonra beynimizdə məlumat saxlaya biləcək hissəcik və qüvvələr yoxdur. Həyatımızı təyin edən kimyəvi reaksiyadan sonra ölümdən əvvəl kim olduğumuza dair məlumatın qalması mümkün deyil. Bu, fizika qanunlarına ziddir".

Kerroll həmçinin əlavə edib ki, məsələni daha ətraflı öyrənməyə ehtiyac yoxdur, çünki bu, həyatın fiziki olaraq necə baş verdiyinə dair nəzəriyyəyə mahiyyətcə uyğun gəlmir.

Sükan arxasında bunu etməyin, yoxsa...

Əksər sürücülər yola çıxarkən sıxılmamaq üçün musiqi dinləməyə üstünlük verirlər. Lakin mütəxəssislər sürücülərə avtomobildə musiqi dinləməyin təhlükəli olduğunu söyləyirlər.

Məlumdur ki, avtomobil idarə edərkən musiqiyə qulaq asmaq qəzaya səbəb ola biləcəyi üçün sürücülük qaydalarına ziddir. Lakin sürücülərin əksəriyyəti bunun nə qədər təhlükəli olduğunu bilsələr də, vərdişlərindən əl çəkmirlər.

Hətta istehsalçılar indi avtomobillərdə ən müasir audio sistemləri quraşdırır və tez-tez portativ musiqi pleyerlərini birləşdirmək üçün həllər təqdim edirlər. Bir çox köhnə avtomobillər isə bu cür imkanlarla təchiz edilmədiyi üçün sürücülər musiqiyə portativ pleyer və qulaqcıq vasitəsilə qulaq asırlar. Bu isə daha təhlükəli  halların yaranmasına gətirib çıxarır.

Mövzu ilə bağlı araşdırma aparan elm adamları tövsiyə edirlər ki, sürücülər maşın sürərkən fikirlərini cəmləməli və diqqətlərini yayındırmamalıdırlar. Belə ki, musiqi sürücüdə reflekslərin azalmasına səbəb ola bilər. Alimlər izah edir ki, xüsusilə qulaqcıq vasitəsilə musiqi dinləyən sürücülər təcili yardım maşınlarının sirenalarını, qarşıdan gələn nəqliyyat vasitələrinin səsini və ya yol vəziyyətini təhlil etməyə imkan verən digər səsləri eşitməyə bilərlər. Ona görə də sükan arxasında olanlara bu vərdişdən çəkinmək tövsiyə olunur.

Qeyri-adi evlilik adət-ənənələri

Dünyanın bir çox ölkələrində evliliklə bağlı müxtəlif adət-ənənələr mövcuddur. Bununla yanaşı, onlar arasında elələri var ki, öz qəribəliyi ilə fərqlənir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq...

Məsələn, Cənubi Çində toy üçün hazırlıqlara başlamadan əvvəl cütlüklər evliliklərinin uğurlu olub-olmadığını öyrənmək üçün maraqlı bir ritual həyata keçirirlər. Belə ki, həm gəlin, həm də bəy bir toyuğu öldürüb onun qara ciyərini çıxarırlar. Əgər qara ciyər  sağlam çıxarsa, bu yaxşı əlamət olaraq qəbul edilir və toy mərasiminə davam edilir. Əks təqdirdə bu ritual fərqli bir zamanda  yenidən təkrarlanır.

Cənubi Koreyada isə  bəy və gəlin nikaha girmədən öncə  bir adət yerinə yetirilməlidir. Bu adəti yalnız  kişilər edir. Burada məqsəd  kürəkənin güclü olub-olmamasını yoxlamaqdır. Adətən yaşlı bir qohum kürəkənin ayaqqabılarını çıxararaq onun dabanına balıqla vurur. Bunu edərkən isə kürəkəndən gələcəklə bağlı planlarını soruşur. İstifadə olunan balıq isə təsadüfi olaraq seçilmir. Əgər kürəkən bu ağrıya tab gətirə bilərsə, evlilik həyatını çətinliklərilə başa çıxa biləcəyini sübut etmiş olur.

İsveçrə və  bəzi Himalay adaları ölkələrində isə  toylar üstündə donuz şəkli olan tortun təqdim olunması ilə başlayır. Tort adətən badam yağı ilə hazırlanır və donuza bənzəyən şəkildə bəzədilir. Bu adətin evlilərə yaxşı bir şans gətirəcəyinə inanılır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".