AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"News.ru": Azərbaycan tərəfi Ermənistanla aparılan danışıqları dəyərləndirib

"News.ru" xəbər saytı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqqında xəbər yayımlayıb. Azərbaycan XİN-in dediyinə görə, Ermənistan tərəfinə yeni təkliflər təqdim olunub və hazırda cavab gözlənilir. C.Bayramov onu da bildirib ki, oktyabrın 23-də Tehranda "3+3" formatında baş tutan nazirlər görüşündə o, erməni həmkarı Ararat Mirzoyanla ölkələr arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib. Diplomatın sözlərinə görə, görüş əvvəlcədən planlaşdırılmasa da, 40 dəqiqədən çox davam edib. Xarici işlər naziri onu da vurğulayıb ki, Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəyə qarşı hər hansı təhlükənin qarşısını almaq haqqı var. O, almaniyalı həmkarını Qarabağda olan şəhərlərdən danışarkən erməni deyil, Azərbaycan adlarından istifadə etməyə çağırıb.

"Daily Sabah": Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının alternativi olmadığını deyir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün başqa alternativ yoxdur.

O, şənbə günü Bakıda almaniyalı həmkarı Annalena Berbok ilə birgə mətbuat konfransında deyib: "Hazırda Ermənistanın təkliflərimizə cavab verməsini gözləyirik və onlar bizim şərtlərimizi qəbul edərlərsə, dialoqumuzu davam etdirməyə hazırıq".

"Turkic World": Biz Almaniyadan şəffaflıq prinsiplərinə hörmət etməyi tələb edirik - Qərbi Azərbaycan İcması

Almaniyanın xarici işlər naziri Annalena Berbok 4 noyabr 2023-cü il tarixində Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, həmin gün Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüşmüşdür. Bu barədə TurkicWorld xəbər verir. Qərbi Azərbaycan İcması Almaniya xarici işlər nazirinin bəyanatını şərh etmişdir: "...Bütün bunlar onu göstərir ki, xanım Berbok ya yalan danışır, ya da bədxah məqsədlərə xidmət edən bəzi hərəkətləri ört-basdır etməyə çalışır. Ermənistandan qovulmuş azərbaycanlıların qanuni və etibarlı nümayəndəsi olan Qərbi Azərbaycan İcması Almaniyadan şəffaflıq prinsiplərinə hörmət etməyi və sözügedən görüşlə bağlı hərtərəfli məlumatı açıqlamasını tələb edir."

"Ankasam": Azərbaycan Mərkəzi Bankı və SWIFT əməkdaşlığı müzakirə edir

"Ankasam" (Ankara Kriz və Siyasət Araşdırmaları Mərkəzi) saytı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov və onun komandasının SWIFT təşkilatının Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə prezidenti Matye De Heering arasında keçirdiyi görüş barəsində xəbər yayımlayıb. Yazıda qeyd olunur ki, iclasda Azərbaycan Mərkəzi Bankının nümayəndələri mövcud qlobal vəziyyəti və ölkə ilə SWIFT təşkilatı arasında əməkdaşlığın cari perspektivləri müzakirə edilib. Görüş iştirakçıları Azərbaycanın maliyyə institutları arasında qarşılıqlı əlaqələrin inkişafına toxunublar. Bundan əlavə, Matye De Heering ilə görüşdə Azərbaycanda ən müasir ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və ödənişlərlə bağlı yeni həllərin tətbiqi məsələsinə toxunulub.

"Vestnik Kavkaza": Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Cüdo üzrə Avropa çempionatında Azərbaycan cüdoçusu Zelim Kotsoyev ağır çəki dərəcəsində birinci yeri tutub. Onun qələbəsi sayəsində milli komandamız cüdo üzrə çempionatda iştirak edən bütün ölkələr arasında medallarda ikinci yerdə qərarlaşıb.

"Vestnik Kavkaza" xəbər verir ki, Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının sonuncu günündə Azərbaycan milli komandası xəzinəsini Zelim Kotsoyevin ardıcıl qələbələri sayəsində ikinci qızıl medalla doldurub. Kotsoyev ağır çəki dərəcəsində (100 kq-a qədər) mübarizə aparıb və cüdoçular arasında daha bir azərbaycanlı Avropa çempionu olub.

Qızıl medala gedən yolda Zelim Kotsoyev Britaniya, Xorvatiya, İspaniya və Rusiya cüdoçularını məğlub edib. Final döyüşündə onun qarşısına gürcü idmançı İlya Sulamanidze çıxıb. Kotsoyev öz məharətini və üstünlüyünü inamlı şəkildə göstərək mübarizəni vaxtından əvvəl başa vurub.

Qeyd edək ki, Zelim Kotsoyev əvvəllər böyük turnirlərdə yalnız bürünc medal qazanıb. O, dörd dəfə Avropa çempionatında üçüncü, iki dəfə dünya çempionatında üçüncü yeri tutub.

Xatırladaq ki, dünən Azərbaycan idmançısı Hidayət Heydərov üçüncü dəfə cüdo üzrə Avropa çempionu olub.

Nəticədə Azərbaycan komandası Avropa çempionatının iştirakçıları arasında medal sayına görə ikinci olub.

“Respublika”.