Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"The New Voice of Ukraine": Prezident İlham Əliyev və Volodimir Zelenskinin görüşü baş tutub

Ukraynanın məşhur "The New Voice of Ukraine" informasiya portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü barədə məlumat yayımlayıb. Məlumatda Volodimir Zelenskinin dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdiyi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladığı qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

"Yeni Şafak": Azərbaycan Respublikasının Prezidenti Türkiyəyə gəlib

"Yeni Şafak" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ikigünlük rəsmi səfərə gəlib. Qeyd edilib ki, bu, İlham Əliyevin fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk xarici səfəridir. Türkiyə Kommunikasiyalar Müdirliyi məlumat verib ki, tərəflər arasında Azərbaycan-Türkiyə münasibətləri, habelə cari regional və qlobal hadisələr müzakirə mövzusu olub.

"Turkic World": Azərbaycan və ABŞ enerji əməkdaşlığının perspektivlərini müzakirə edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-a səfərə gəlib. Bu barədə "TurkicWorld"ə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər zamanı ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzularda müzakirələrin və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi demişdi ki, Azərbaycan şaxələndirmə və təhlükəsizliyi özündə cəmləşdirən enerji ixracı təklif edir:  "Avropa və digər müttəfiqlər Rusiya qazından asılılığını minimuma endirmək istəyirlər və Azərbaycan diversifikasiya vasitəsilə bu  təhlükəsizliyi təmin edir.

Mövcud infrastrukturun genişləndirilməsində, xüsusən də Mərkəzi Asiyadan enerji resursların tranzitinin asanlaşdırılmasında Azərbaycanın rolu çox böyükdür", - səfir bildirib.

"Euronews": Azərbaycan yarışı zirvədə bitirdi

"Euronews" yazır ki, Azərbaycan cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb. 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb. Tamaşaçıların dəstəyini vurğulayan Murad Fətiyev bildirib ki, onların sayəsində bu nəticəni əldə etdim. "Artıq üç qızıl medalımız var və inanırıq ki, növbəti finalda daha bir medalımız olacaq", - deyə cüdoçu bildirib. Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

"Argus Media": İqlim maliyyəsi üçün Azərbaycan körpüsü

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransının panel müzakirəsi zamanı bildirib: "Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) şəffaflıq və inklüzivliyə həsr olunacaq".

Bu barədə "Argus Media" xəbər saytı məlumat yayıb. M.Babayev qeyd edib ki, ötən həftə biz digər ölkələrlə danışıqlar aparmaq üçün BƏƏ-də olduq: "Gələn həftə Keniyaya, Nayrobiyə səfər etməyi, Afrika və regionun digər ölkələrindən irəli sürüləcək təşəbbüslərlə bağlı müzakirələrdə yenidən iştirak etməyi planlaşdırırıq. Hələ ki, bütün təklifləri dinləyirik". COP29-un prezidenti vurğulayıb ki, bu təşəbbüs düzgün qərarlar qəbul etməyə imkan verəcək.

"Respublika".