Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Tasnim News Agency": Azərbaycan İranla əlaqələri genişləndirməkdə maraqlıdır

"Tasnim News Agency" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəsinin İran ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu açıqlayıb. Bundan başqa, o, İslam İnqilabının 45-ci qələbəsinin ildönümü münasibətilə İran xalqına və hökumətinə təbrik məktubunda Bakı ilə Tehran arasında tarixi və dostluq əlaqələrini yüksək qiymətləndirib.

"Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Sonda İlham Əliyev Azərbaycan ilə İran arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə inamını ifadə edib. Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisiyə ən xoş arzularını çatdırıb, İran xalqına uğurlar, əmin-amanlıq və rifah arzulayıb.

"Caspian News": Qarabağ bölgəsində tapılan yeni kütləvi məzarlıq 1992-ci il Xocalı soyqırımı qurbanları ilə bağlıdır

Qarabağ bölgəsinin Xocalı şəhərindəki Əsgəran qalası yaxınlığında aparılan qazıntılar zamanı 1992-ci il Xocalı soyqırımı zamanı faciə qurbanlarının qalıqlarının olduğu güman edilən yeni kütləvi məzarlıq aşkar edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı qətliamının iştirakçılarından olan Rəşid Beqlaryanın dindirilməsindən sonra məzarın yerləşdiyi yeri açıqlayıb.

Komissiyanın sözçüsü Zaur İsmayılov mətbuata açıqlamasında Beqlaryanın Xocalıdan Ağdama, Əsgəran qalasının yaxınlığından qaçmağa cəhd edən dinc sakinlərin pusquya düşməsi, qətlə yetirilməsi və qurbanların dəfn olunduğu yerdən daşınması barədə ətraflı məlumat verib.

Qeyd edək ki, ilkin təhlillərə əsasən qalıqlar 1992-ci ilin qanlı hadisələri zamanı həlak olmuş ən azı səkkiz şəxsə məxsusdur.

"İzvestiya": Rusiyanın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin alternativindən danışıb

Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır.

"İzvestiya" nəşri xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov açıqlama verib. Diplomat bildirib ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir. Çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutu bağlanıb. Yevdokimovun sözlərinə görə, bu marşrutda tunellər və körpü var. Rusiya Federasiyası da onları bərpa etməyə hazır idi. Amma müxtəlif və qeyri-real səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir.

Xəbərdə o da qeyd olunub ki, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb. Bu marşrut daha mürəkkəb olsa da, artıq tikinti işləri gedir.

"Turkic World": Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

"Turkic World" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinə müsahibəsində bildirib:

"Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq. Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var".

"Tass": Rusiya ilə Azərbaycan arasında milli valyutada qarşılıqlı hesablaşmalar 54 faizi ötüb

"Tass" yazır ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4,4 milyard dollara çatıb. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsində deyib: "2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Ancaq yanıldıq. 4,4 milyard dollar olub, 17 faiz artım", - deyə diplomat vurğulayıb. O həm də qeyd edib ki, sanksiyalar ölkələr arasında "münasibətlərin daha da sıxlaşmasına" gətirib çıxarıb. Səfir ticarət dövriyyəsindəki artımın Rusiyanın paralel idxal siyasəti ilə əlaqəli olmadığına da işarə edib: "Sanksiyalar ona gətirib çıxarıb ki, münasibətlərimiz daha da sıxlaşıb, biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə reeksportu deyil, bunlar xüsusən sənaye kooperasiyası üzrə böyük layihələrdir. Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından istifadə 54 faizi ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq", - deyə diplomat bildirib.

"Respublika".