Ümummilli Liderin ideyaları Azərbaycanı zirvələrə aparır
Digər xəbərlər

Ümummilli Liderin ideyaları Azərbaycanı zirvələrə aparır

Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, dünyaya təqdim etdiyi təkmil inkişaf modelindən qürurla bəhs edirik. Təbii ki, hər bir uğur keçilən yolun təqdimatı olmaqla yanaşı, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Müstəqilliyinin bərpasının 32-ci ilini arxada qoyan Azərbaycanın ayrı-ayrı dövrlərini tarixi paralellər fonunda təhlil etdikdə bu reallığı daha aydın görürük. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin xilaskarı, Azərbaycanı tarixi Zəfərə doğru aparan inkişaf strategiyasının müəllifidir.

Azərbaycanın çoxəsrlik tarixində Ulu Öndər Heydər Əliyevin dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının genişliyi aydın görünür. "Heydər Əliyev İli" bu xidmətlərin təqdimatında, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Dahi şəxsiyyətin 100 illiyinin Onun daim arzusunda olduğu Zəfər ovqatında qeyd etməyimiz böyük xoşbəxtlik və tarixi hadisədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 10 may tarixində Şuşadan xalqa müraciət edərkən "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi", - söyləyərək onu da əlavə etmişdir ki, Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusunu çin etdik.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə xalqına sədaqətlə xidmət etmişdir. 1969-1982-ci illərdə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ən geridə qalan ölkədən ən qabaqcıl ölkəyə çevrildi. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək ümumi inkişafa öz töhfələrini verirlər.

Ölkə başçısının müraciətində bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Belə ki, 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb. Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu bir həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Ümummilli Liderin hər bir addımı dövlətə, xalqa xidmət nümunəsi idi. Onun bütün dövrlər üçün aktual olan və hər birimizə Vətəni, torpağı sevmək çağırışını edən "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" tezisi xalqına bağlılığın bariz nümunəsidir. O, Azərbaycanı daim müstəqil görmək istəyirdi. Ölkəmizin bu günü, gələcəyi üçün çalışaraq möhkəm təməl formalaşdırdı, 2003-cü ildən sonrakı dövrdə Azərbaycanın bu bünövrə üzərində dayanıqlı inkişafını təmin etmək, qalan işlərin axıra çatdırılması üçün inamın növbəti ünvanını dəqiq göstərdi.

Azərbaycanın bu gününün reallıqlarını düzgün dəyərləndirmək üçün müstəqilliyinin bərpasının ilk illərində yaşananları yada salmağa zərurət duyulur. O illərdə Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət hakimiyyətdə olan ünsürlərin şəxsi xüsusiyyətlərindən irəli gəlirdi. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin yarıtmaz siyasətinin yaratdığı fəsadlar böyük faciələrə səbəb oldu, dövlət müstəqilliyimizin taleyi sual altında qaldı. 90-cı illərin çətin anlarında Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verərək hakimiyyətə qayıdışı ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi.

Ulu Öndər Heydər Əliyev ilk gündən belə bir inamı ifadə etmişdir ki, bu çətin günlər keçib gedəcək, hər bir azərbaycanlı belə qüdrətli ölkənin vətəndaşı olduğu üçün qürur duyacaq. Təbii ki, belə bir əminliyə əsas verən Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, dövlətinə, xalqına sıx bağlılığı idi. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Bu günümüzdən müstəqilliyimizin ilk illərinə bir baxış keçirsək, atılan addımların, görülən işlərin mahiyyətini, əhəmiyyətini daha dərindən dərk edərik.

1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" növbəti bir dönüş nöqtəsi oldu. Hazırda Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi iqtisadiyyatımızı gücləndirir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, eyni zamanda, Azərbaycanın bu gününə və gələcəyinə inamı artırmaqla yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə "Əsrin müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində qeyd etdiyi kimi, bu mühüm hadisə bu günə qədər görülən işlərin zirvəsi idi. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 4 ildən sonra - 2018-ci ilin mayında rəsmi açılışı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. "Əsrin müqaviləsi"nin 23 illiyi ərəfəsində, 2017-ci ildə "Yeni əsrin müqaviləsi" imzalandı. Bu kimi bir-birindən mühüm hadisələr Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən etibarlı tərəfdaş mövqeyini bir daha gücləndirdi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi istifadəyə verildi.

Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsinə də geniş yol açdı. Müstəqil dövlət kimi varlığını daha da möhkəmləndirmək üçün diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi bütün soydaşlarımıza belə bir çağırış oldu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, öz növbəsində, yeganə problemimiz olan Qarabağ münaqişəsinin əsl mahiyyətinin daha dərindən dərk olunmasına yol açdı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində erməni yalanları ifşa olundu, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı.

Azərbaycanın müasir siyasi sistemi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda böyük əks-səda doğurdu. Ölkənin müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını başladı. Yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və bu gün də belədir. Milyonların sevgisini qazanan partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşir.

Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli xalqa müraciəti Onun dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətlərindən biridir. Öz namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürən Ümummilli Lider belə bir çağırışı da etmişdir ki, üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanı möhkəm təməl üzərində inkişaf etdirərək tarixi Zəfərimizə addım-addım yaxınlaşdırdı. Ölkəmiz hər bir sahədə gücləndi, beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. İqtisadi imkanlarımızın artması bütün sahələrdə davamlı uğurları təmin etdi. Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirildi, döyüş qabiliyyəti gücləndirildi. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması görülən işlərin əyani sübutudur.

İkinci Qarabağ müharibəsindəki Qələbə tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Bu, qəhrəmanlıq dastanıdır. Ermənistan 30 ildə himayədarlarının dəstəyi ilə bu torpaqları geri qaytarmamağa çalışdı. Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, işğalla heç zaman barışmayacaq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağının dalğalanması dövlətimizin qətiyyətinin, xalqımızın birliyinin, rəşadətli Ordumuzun gücünün növbəti təqdimatıdır. Sentyabrın 19-da başlanan və bir sutkadan az vaxtda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmdən təmizlənən bu ərazilərə dövlət başçısı İlham Əliyevin səfəri, Azərbaycan Bayrağının əzəli torpaqlarımızda dalğalanması böyük xoşbəxtlikdir. Arxada qalan hər il Ulu Öndərin mənalı həyatı və titanik fəaliyyəti ilə bağlı daha yeni-yeni araşdırmaları zərurətə çevirir. Çünki dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır.

Çox illər keçəcək müasir müstəqil, qalib Azərbaycanın vətəndaşları ölkəmizin bu gününü və gələcəyini təmin etmiş dahi şəxsiyyəti unutmayacaq. Ümummilli Liderin ideyaları Azərbaycanı zirvələrə aparır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Gündüz BAYRAMOV,

YAP Samux rayon təşkilatının sədri.