Qazaxda bayram əhvali-ruhiyyəsi
Region

Qazaxda bayram əhvali-ruhiyyəsi

Son 20 il ərzində respublikamızın iqtisadi potensialı dəfələrlə güclənmiş, Azərbaycan ordusu formalaşmışdır. Rəşadətli Azərbaycan əsgəri ölkəmizi istənilən hərbi təcavüzdən qorumağa qadir olduğunu döyüş meydanında sübut etdi. 30 ildən artıq müddətdə Fransa və bir sıra ermənipərəst ölkələrin açıq-aşkar dəstəyi ilə ermənilərin qurduğu istehkamlar müzəffər ordumuz tərəfindən 2020-ci ildə cəmi 44 gün ərzində tamamilə darmadağın edildi.

Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə insanlar dəmir yumruq kimi sıx birlik nümayiş etdirdilər. Əsgərlərimiz bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərməklə bütün dünyanı heyrətə gətirdi. Bu gün qürurla deyə bilərik ki, ordumuz dünyanın güclü orduları sırasında yer alır. Döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Azərbaycan qalib gəldi. Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Ağdam, Laçın və Kəlbəcəri ermənilər müharibəsiz tərk etdilər. Ardınca 2023-cü ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddət ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütövlüyü və suverenliyi tam təmin olundu. Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Xankəndi, Ağdərə, Xocavənd və digər  işğaldan azad edilən  yerlərə sancdı. Bu gün bayrağımız doğma torpaqlarımızın hər yerində əzəmətlə dalğalanır.

1992-ci ildə Qarabağdan kənarda yerləşən, ölkəmizin qərb qapısı sayılan Qazax rayonunun sərhəd kəndlərində bütün insani keyfiyyətlərdən uzaq mənfur düşmən günahsız insanlara ağlasığmaz əzablar verərək qətlə yetirmiş, var-dövlətlərini talamışdır. Düşmən öz havadarlarının birbaşa köməkliyi ilə Qazaxın füsunkar gözəlliyə malik olan 7 kəndini işğal etmişdir. Hər zaman verdiyi sözü əməlləriylə gerçəkləşdirən, Azərbaycanın bütövlüyünün təminatçısı, dünya siyasi arenasında özünəməxsus yeri olan Ali Baş Komandanın ustalıqla atdığı diplomatik addımlar nəticəsində Qazaxın işğal altında qalan 4 kəndinin qaytarılması ilə bağlı razılığa gəlindi. Artıq Ermənistanla sərhəddə dirəklər basdırılır. Bu gün xalqımız bu tarixi hadisəni yüksək sevinc hissi ilə qarşılayır. Qazaxlıların sevincini isə sözlə ifadə etmək mümkün deyil. Qazaxın hər tərəfində bayram əhvali-ruhiyyəsi hökm sürür. Yurdundan didərgin salınmış sakinlər əmindir ki, qısa zaman kəsiyində doğma Qarabağımızda olduğu kimi, Qazaxın işğaldan azad olmuş kəndlərində də irimiqyaslı infrastruktur layihələr həyata keçiriləcək, insanlar öz ata-baba yurdlarında xoşbəxt və firavan həyat sürəcəklər.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev söhbət zamanı bildirdi ki,  bu gün Avropa və Asiyanın qovşağında, əlverişli bir coğrafi məkanda yerləşən müstəqil Azərbaycan nəinki regionda, eləcə də Avropada, dünyada heç bir ittifaqa, heç bir bloka qoşulmayan, güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik bir ölkə kimi tanınır.  Azərbaycan, həmçinin yüzə qədər ölkəyə yardımlar edən, köməklik göstərən donor, etibarlı tərəfdaş, sülhsevər ölkədir.

Məhz müstəqil, güclü iqtisadiyyat nəticəsində müstəqil siyasət yürüdən Azərbaycan 44 günlük Vətən müharibəsində, eləcə də 19-20 sentyabr tarixində keçirilən birgünlük antiterror tədbirlərində elə bir möhtəşəm uğura imza atdı ki, 30 il işğal altında olan torpaqlarımız, doğma Qarabağımız, Şərqi Zəngəzurumuz işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. Şanlı Qələbəmiz Azərbaycan xalqının müzəffər, yenilməz, mübariz xalq olduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimiz milli qürurumuzu, milli ləyaqətimizi, kimliyimizi özümüzə qaytardı. Müdrik xalqımız 30 il işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamını bir gün belə itirmədi. Dövlət başçımız İlham Əliyevin həmişə  ən yüksək tribunalardan bəyan etdiyi "Biz işğalla heç zaman barışmayacağıq", "Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz", "Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik" kimi bəyanatları da məhz mövcud reallıqlara söykənirdi. Bu gün Azərbaycan həm hərb meydanında, siyasətdə, iqtisadiyyatda, həm də diplomatik müstəvidə qalib tərəf, qalib bir ölkədir.

Tarixi Zəfərimizdən sonra Azərbaycan münasibətlərdə yeni səhifələrin açılması, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana dəfələrlə sülh təklifləri etdi.

Bütün bunların məntiqi davamı olaraq aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə olundu. Bəli, 4 kəndimizin bir güllə atılmadan, qan tökülmədən öz sahibinə qaytarılması nəyi, necə, nə vaxt etməyi yaxşı bilən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin növbəti qələbəsidir!

Qazaxın işğal altında olan 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması bütün xalqımız kimi, Qazax sakinləri tərəfindən də böyük ruh yüksəkliyi, fərəh, sevinc göz yaşları ilə qarşılandı. Bu şad xəbəri eşidən həmin kəndlərin sakinləri bu möhtəşəm hadisəni böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd etdilər.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin, faciə, soyqırımı, qətliam qurbanlarının ruhu şaddır. Çünki bütün şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Odur ki, biz qazaxlılar çox nikbinik, əhvali-ruhiyyəmiz yaxşıdır və inanırıq ki, günbəgün, zaman-zaman xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə növbəti hədəflərinə də çatacaq. Bunu mövcud Azərbaycan reallıqları bir daha sübut edir.

Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru  Fəridə Xudiyeva böyük fərəh hissi ilə qeyd etdi ki, təməli Ümummilli Lider, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan  və bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə müstəqil Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında inamla irəliləyir. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi ideyalarını tarixə çevirir.

Ölməz Cavidin dahiyanə söylədiyi:

"Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü" -

fikirləri bu gün reallığının təntənəsini yaşayır. Ölkəmizin qürurlu tarixini yazan, iki yüz ildə zəbt olunmuş, işğal edilmiş Vətən torpağını uzaqgörənliyi, müdrikliyi, Vətən, xalq sevgisi ilə azad edən yeganə Sərkərdə - Qalib ölkənin Qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  qətiyyətli, uzaqgörən diplomatiyasının nəticəsidir ki, Qarabağın baş tacı Şuşada, döyünən ürəyi Xankəndidə, əsrlərin minillik yadigarlarını qoruyan Laçının, Kəlbəcərin quşqonmaz zirvələrində şanlı Azərbaycan Bayrağı dalğalanır.

1992-ci ildə erməni işğalçıları tərəfindən zəbt olunmuş maddi-mədəniyyət abidələrimiz, o cümlədən 7 kənddə  8 kitabxana filialı və onlara məxsus 178.285 nüsxə kitab fondu talanıb, yandırılıb.

Böyük inam hissi ilə qeyd etmək olar ki, cənab Prezidentin diqqət və qayğısı nəticəsində işğaldan azad olan kəndlərimizdə hər bir sahədə olduğu kimi, kitabxanalarımız da yenidən qurulacaq, zəngin ədəbiyyat fondu ilə yeni, müasir avadanlıqlarla təchiz olunaraq Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasına və dünyada tanıdılmasına xidmət edəcək.

Vəli VƏLİYEV,

"Respublika".