Damarların tıxanmaması üçün istifadə olunan qidalara diqqət edilməlidir
Səhiyyə

Damarların tıxanmaması üçün istifadə olunan qidalara diqqət edilməlidir

Günümüzün ən ciddi sağlamlıq problemlərindən biri olan damar tıxanması halları bütün dünyada getdikcə artır. Damar tıxanması vaxtında müalicə edilmədikdə həyati təhlükə yarada bilir.

''Qəbul edilən artıq yağlar və xolesterin nəticəsində tıxanan damarlar qan axınının qarşısını alır. Qan axınının azalması, yəni damar tıxanıqlılığı beyin, ürək və digər həyati orqanlara yetəri qədər qan və oksigen getməsinin qarşısını alır. Damar tıxanıqlılığı müxtəlif cərrahiyyə yolu ilə də müalicə edilə bilər. Ancaq bununla yanaşı, mütəmadi hərəkət etmək, sağlam qidalanmaq çox vacibdir". Bu fikri mövzu ilə bağlı açıqlamasında kardioloq dos. dr. Onur Taşar vurğulayıb. O deyib: "Əsas məqsədimiz genetik meyil, yüksək təzyiq, xolesterin, siqaret, spirtli içkilərdən istifadə, qeyri-sağlam qidalanma kimi faktorlarla son illərdə sürətlə yayılan bu xəstəliyin qarşısını almaqdır.

Doymuş yağlarla zəngin heyvan mənşəli yağlar əvəzinə, tərkibində bitki mənşəli doymamış yağ turşuları olan yağlar istifadə edilməli, şəkər, ağ çörək kimi nişastalı məhsullardan uzaq durmalı, gündəlik duz istehlakı 5 qramı keçməməlidir. Liflə zəngin tam taxıl, meyvələr, tərəvəzlər, paxlalılar və qoz-fındıq da damar tıxanıqlığının qarşısını alan əsas qidalar hesab edilir.

İnsan orqanizmi ehtiyac vitamin və mineralları almadığı təqdirdə damar tıxanıqlığı problemi yaranır. Bu problemləri yaşayan minlərlə insan bay-pass, stent taxılması kimi əməliyyatlara məruz qalırlar. Bu əməliyyatlar isə müəyyən risklər də yaradır. Damarlar əməliyyatla açılsa belə qidalanmağa, zərərli vərdişlərə, hərəkətliliyə və s. diqqət göstərilməlidir. Yağlı balıqlar omeqa-3 yağ turşularının zəngin qaynaqlarıdır və damar tıxanmasından qoruyur. Qırmızı əti həftədə 500 qramı keçməmək şərti ilə mümkün qədər yağsız yeməli, mümkün qədər ət və ət məhsullarından uzaq durulmalıdır.

Kifayət qədər maye istehlakı qan dövranını tənzimləyir və damarları qoruyur. Lakin maye istehlakı su, ayran və kefir kimi içkilərlə qarşılamaq, şəkərli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Nizamlı, kafi və keyfiyyətli yuxu da damar sağlamlığı baxımından əhəmiyyətli rol oynayır. Xüsusilə gecələr ən az 7-8 saat yatmaq məsləhətdir və gecə saat 23:00-dan etibarən yatmaq lazımdır.

Taxikardiya və ürək xəstəliyindən əziyyət çəkən şəxslər çay və qəhvə qəbul edərkən çox diqqətli olmalı və mümkün qədər az istehlak etməlidirlər. Hipertoniya, aritmiya, taxikardiya və ürək xəstəlikləri olan insanlar qəhvə içdikdən sonra ürək döyüntüsü ilə qarşılaşa bilərlər. Qan təzyiqini artıran qəhvə, həddindən artıq istehlak edildikdə sağlam fərdlərdə də zamanla ürək döyüntüsü ilə bağlı narahatlıqlara səbəb ola bilər".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.