Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb
Siyasət

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri" mövzusunda konfransın iştirakçıları Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkə vəziyyətindən dərin narahatlıqlarını ifadə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mekaççiyə və ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Tereza Ribeyroya açıq məktub ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları 1945-ci ildə BMT Nizamnaməsinin imzalanmasından sonra özünüidarənin beynəlxalq standartlarının BMT Baş Assambleyasının öz müqəddəratını təyinetmə və bundan irəli gələn müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığını vurğulayıblar. Qeyd olunub ki, 1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edilib və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yaranmağa başlayıb. Proses 1960-cı ildə dekolonizasiya haqqında tarixi bəyannamənin (1514 saylı Qətnamə) və onu dəstəkləyən qətnamənin (1541 saylı Qətnamə) qəbul edilməsi ilə sürətlənib. Bu proseslər müstəmləkə altında olan ölkələrin və ərazilərin müstəqilliyi uğrunda mübarizəni təşviq etdi. Lakin həmin qətnamənin qəbul edilməsindən 64 il keçsə də, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarının xalqları hələ də yeni müstəmləkəçilik təcrübələrinə məruz qalırlar.

Kolonializmə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun rolunun xüsusi vurğulandığı məktubda qeyd olunub: "2023-cü ildə beynəlxalq miqyasda qeyri-hökumət təşkilatı kimi yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas məqsədi müstəmləkəçilik və neokolonializmlə mübarizəni dəstəkləməkdir. Bu çərçivədə Bakı Təşəbbüs Qrupu Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib. 2024-cü il aprelin 30-da Avstriyanın paytaxtı Vyanada növbəti konfransı keçirdik. Mövzu "Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri"dir. Yüksək qurumunuz həmin tədbirə dəvət olunub. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. 2024-cü il aprelin 4-də Konqo Respublikasının Prezidenti cənab Deni Sassu-Nqessonun Azərbaycan Respublikasının paytaxtı Bakıya rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanıb. Bu bəyannamənin 8-ci bəndində bildirilir: "Hər iki tərəf müstəmləkəçiliyin nəticələri və onun müxtəlif təzahürləri, eləcə də neokolonial təcrübədən irəli gələn çağırışların müzakirəsi üçün əlverişli mühit yaradan Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş dekolonizasiya və neokolonializm mövzusunda silsilə beynəlxalq konfransları diqqətə çatdırıblar".

Xüsusilə bildirilib ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən bütün beynəlxalq konfranslarda Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.

Həmin hallar məktubda aşağıdakı qaydada ümumiləşdirilərək təqdim olunub:

–Həmin ərazilərdə Fransa inhisarçılığının maraqları güdülərək, həddindən artıq qida asılılığına (ərzaq məhsullarının 80 faizindən çoxu Fransadandır) və həyat bahalılığına səbəb olan düşünülmüş zəif iqtisadi inkişaf strategiyası həyata keçirilir. Yoxsullaşma (Qvianada əhalinin 50 faizi yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik bu ərazilərin gələcəyini ciddi şəkildə sarsıdan hər cür neqativ hallara (zorakılıq, silah və narkotik ticarəti) gətirib çıxarıb;

–1989-cu il (Qviana) Yerli və qəbilə xalqlarına dair (169 saylı) Konvensiya ratifikasiya edilməyib;

–Getdikcə daha çox təhdid edilən yerli dilləri arxa plana keçirən fransız mədəniyyətinin hegemonluğunun və assimilyasiya siyasətinin tərkib hissəsi kimi, yerli xalqların tarixinə, coğrafiyasına, mədəniyyətlərinə, eləcə də onların gələcəkləri ilə bağlı maraqlarına uyğun gəlməyən fransız tədris proqramları məktəblərdə tətbiq edilir;

–Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90 faizi Fransa dövlətinə aiddir), sahəsi milyonlarla kvadratmetr olan Xüsusi İqtisadi Zonalara nəzarət (Fransa 11 milyon kvadratmetrlik Xüsusi İqtisadi Zona ilə dünyada ən böyük ikinci dəniz gücüdür), onilliklər ərzində yerli gənclərin Fransaya deportasiyası siyasətinin həyata keçirilməsi Qvadelupa və Martinikada ağır demoqrafik böhrana və təbii ehtiyatların talanmasına səbəb olub;

–Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayətləşdirən və rüşvətxorları qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sistemi formalaşdırılıb (Martinika və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, siyasi dustaq statusu tanınmadan korsikalıları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyalar yaradılıb;

–Polineziya müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına yenidən daxil edildikdən bəri "boş kreslo" siyasəti həyata keçirilir;

–Böyük Qərb dövlətləri yerli xalqlarla ən kiçik məsləhətləşmələr aparmadan Hind-Sakit okean regionunda (Polineziya, Yeni Kaledoniya), Karib dənizi-Amerika bölgəsində (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikada (Solenzara bazası) ərazilərdən hərbi-geostrateji bazalar kimi istifadə edir;

–Numea Sazişinə əsasən başlayan müstəmləkəsizləşdirmə prosesinə əməl edilmir, beləliklə, qeyri-qanuni referendum keçirilir və seçicilərin sayı azalır.

"Tarix və öz xalqları qarşısında məsuliyyətdən yola çıxaraq, ən son fransız müstəmləkələri olan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarından olan təşkilatların və Bakı Təşəbbüs Qrupunun nümayəndələri sizdən Fransa hökumətinə beynəlxalq norma və təcrübələrə zidd olan bütün hərəkətləri dayandırmaqla bağlı müraciət etməyi xahiş edirlər.

Biz yerli xalqların mədəni və dini irsinin vəziyyəti haqqında məlumat xarakterli hesabat hazırlamaq üçün UNESCO-nun rəhbərliyi ilə beynəlxalq ekspertlər qrupunun yaradılmasının və dərhal müvafiq ərazilərə göndərilməsinin zəruriliyini vurğulayırıq.

Biz, həmçinin 2024-cü ilin noyabrında Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək COP29-da Fransanın müstəmləkəçilik siyasətinin zərərli ekoloji təsirlərinin müzakirə edilməsinin böyük əhəmiyyətini vurğulayırıq.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli xalqların hüquqları ilə bağlı vəziyyəti öyrənmək üçün xüsusi missiya göndərməsi üçün sizdən dəstək göstərməyinizi xahiş edirik.

Bəşəriyyətimizin qlobal istiləşmənin əsas fəsadları və onun gələcəyini təhdid edən görünməmiş təhlükələrlə üzləşdiyi bir vaxtda sizin kömək və dəstəyinizə inanır və ümid edirik ki, bu dəfə xahiş və müraciətlərimiz cavabsız qalmayacaq", - deyə açıq məktubda qeyd olunub.