Azərbaycanın qətiyyətli mövqeyi: kolonializmdən azad dünya
Siyasət

Azərbaycanın qətiyyətli mövqeyi: kolonializmdən azad dünya

"Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz?". Bu sözləri Prezident İlham Əliyev mayın 1-də Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.

Müasir dövrdə yaşamağımıza baxmayaraq, hələ də neokolonialist siyasətindən əl çəkə bilməyən ölkələr var. Bu ölkələr arasında Fransanın qəsbkar fəaliyyəti daha aydın nəzərə çarpır. Özünü "demokratiyanın beşiyi" adlandıran rəsmi Parisin müstəmləkəçilik siyasətinin tarixi çox qədimdir. Belə ki, hələ XVII əsrdən etibarən fransız tacirlər fəal şəkildə qul ticarətinə başlayıblar.

Hətta Fransa həmin dövrdə neokolonializmi o qədər genişləndirib ki, onun kölə qismində ələ keçirdiyi insanların sayı 2 milyon nəfərə çatıb. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxunda məhz Fransanın əli var və Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasındakı ölkələri işğal edib, hətta onların bütün sərvətlərini talayıb, xalqlarını uzun illər əsarətdə saxlayıb. Bütün bunlar kifayət deyilmiş kimi, Fransa tərəfindən sözügedən ərazilərdə bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədilib. Həmçinin fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Əsrlər keçsə də müstəmləkəçilik siyasətinə son qoymayan Fransanın kolonializmin utancverici yeni metodları bu gün də özünü büruzə verir. Rəsmi Paris bu gün Avropadan kənarda, Sakit və Atlantik okeanların dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, onun reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Bu baxımdan, neokolonializmlə mübarizə hazırda bəşəri problemlərdən biri hesab olunur.

Dünyanın bir çox aparıcı ölkələri bu problemin aradan qaldırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Azərbaycan da neokolonializmlə fəal mübarizəyə qoşulan dövlətlər sırasındadır. Rəsmi Bakı sözügedən məsələnin öz həllini tapması üçün bir sıra uğurlara imza atıb. Hər şeydən öncə ölkə başçımız iştirak etdiyi istər regional, istərsə də qlobal tədbirlərdə bu çirkin siyasəti daim pisləyib. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, müasir dövrdə Fransanın neokolonializm siyasəti fonunda Afrika qitəsində insanlara qarşı kölə münasibətinin davam etməsi, onların sərvətlərinin talan edilməsinə qarşı mübarizənin önündə Qoşulmama Hərəkatı xüsusilə seçilir. Məhz ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə prioritetlərdən biri tarixi Bandunq prinsiplərinə əməl olunması idi. Xatırladaq ki, xalqların köləliyə, istismara məruz qalması insan hüquq və azadlıqlarının inkar olunmasıdır. Bu, BMT Nizamnaməsinə ziddir, həmçinin beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Bu kontekstdə neokolonializmin bütün təzahürlərinin tez bir zamanda aradan qaldırılması vacibdir.

Azərbaycanın Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizəsi artıq öz nəticələrini verməyə başlayıb. Bu gün müstəmləkələrindən biabırcasına qovulan rəsmi Parisə qarşı geniş etiraz aksiyaları davam edir. Etirazçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirməklə müstəqillik tələb edirlər. Aksiya zamanı Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni Kaledoniya bayraqlarının qaldırılması həmin xalqların ölkəmizə olan minnətdarlığının təcəssümüdür. Ümumiyyətlə, son zamanlarda Yeni Kaledoniyada keçirilən bütün etiraz aksiyalarında üçrəngli Azərbaycan bayrağı dalğalandırılır. Bütün bunlar bir daha Fransa neokolonializminə qarşı başlanan beynəlxalq hərəkatın genişləndiyindən xəbər verir. Reallıq isə ondan ibarətdir ki, bu hərəkat məhz Bakıdan başlayıb. Fransa separatizmə, işğalçıya dəstəyin öz daxilində bumeranq effekti yarada biləcəyini əvvəlcədən bilməli idi. Bütün reallıqları nəzərə alaraq Parisin öz maraqları üçün qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi təqdirdə daha çox uğursuzluğa məhkum olacağını söyləmək mümkündür. Azərbaycan isə müstəmləkəçiliyə qarşı öz qətiyyətli mövqeyindən dönməyəcək, neokolonializmlə mübarizə sahəsində birgə səylərin səfərbər olunması üçün əlindən gələni edir, azad dünya üçün var gücü ilə çalışır.

Nəzrin ELDARQIZI,

"Respublika".