Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı
Məktublar

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri Mərdan Novruzovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Uzaq Şərqin Azərbaycan diasporu Sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir. Bizim qüdrətli Ordumuz işğal altındakı torpaqları cəmi 44 gün ərzində azad edib. Qarabağ Azərbaycandır!

Sizin iştirakınızla Xankəndidə hərbi paradın keçirilməsindən böyük qürur duyduq. Vladivostok ilə Bakı arasında on min kilometrdən çox məsafə var, amma biz Uzaq Şərqdə ürəyimizdə alovla uzun müddət davam etmiş münaqişəyə necə son qoyulduğunu izləyirdik. Bu, bütün xalq üçün tarixi hadisədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı missiya artıq başa çatıb. Bu, bütün xalqın, Ümummilli Lider Heydər Əliyevin arzusu, bizim arzumuz idi.

Üç il əvvəl Qarabağın tacı və mədəniyyətimizin möcüzəvi qədim abidəsi Şuşa şəhərinin düşməndən azad edilməsi Vətən müharibəsinin kulminasiyası oldu. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı hər gün Qələbəni yaxınlaşdırırdı, ordumuz isə rəşadət, güc və yüksək peşəkarlıq nümayiş etdirirdi. Nəticədə, biz tarixi ədaləti bərpa etdik. Artıq bir neçə ildir ki, biz böyük sevinc və iftixarla şanlı Qələbəni qeyd edirik, bu ənənəni qoruyuruq və gələcək nəsillərə ötürəcəyik.

İnanırıq ki, Azərbaycan əmin-amanlıq şəraitində gələcəkdə də inkişaf edəcəkdir. Bunun zəmanətçisi Sizsiniz - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Biz, dünyanın müxtəlif guşələrində olan azərbaycanlılar Sizin dəstəyinizi hiss edirik. Biz öz liderimizlə fəxr edirik. Uzaq Şərqin diasporunun hər zaman Sizinlə birlikdə olmasından əmin ola bilərsiniz. Sizi Qələbə münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirik!

Hörmətlə,

Mərdan NOVRUZOV,

Rusiya Federasiyası Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk diyarındakı "Azərbaycan Konqresi" Milli-Mədəni İctimai Təşkilatının sədri.