Xülyadan ayılan Hayastan regional əməkdaşlığın zəruriliyini dərk etdi
Siyasət

Xülyadan ayılan Hayastan regional əməkdaşlığın zəruriliyini dərk etdi

"Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısının çıxışından aydın olur ki, otuzillik toqquşmadan sonra həm rəsmi Bakı, həm də İrəvan Cənubi Qafqazda sülh istəyir. Bu isə bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər. Hazırda atılan addımlar da yekun danışıqlar prosesinin irəliyə aparılmasına xidmət edir. Sözsüz ki, bir tərəfdən sülh perspektivi gündəmə gətirilərkən digər tərəfdən də regional infrastrukturların blokdan çıxarılması kimi məsələlər də müzakirə olunur. Çünki Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən beynəlxalq səviyyəli layihələrdən kənarda qalıb. Üstəlik, Ermənistanın illik qaz istehlakı təqribən 2,7-2,8 mlrd. kubmetrdir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. kubmetr qaz satıb, yəni İrəvanın təqribən 85 faiz qaz tələbatı Moskva tərəfindən ödənilib. Lakin Kreml Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür. Ona görə də hazırda rəsmi İrəvan bu vəziyyətdən çıxış üçün alternativ variantlar axtarır. Yaranmış iqtisadi böhrandan xilas olmağa çalışan İrəvan hakimiyyəti anlayır ki, ölkəsinin dirçəlişi və inkişafı yalnız Azərbaycanla əməkdaşlıqdan və münasibətlərin sülhə doğru normallaşdırılmasından asılıdır. Bu kontekstdə Ermənistan rəsmiləri diqqətə çatdırırlar ki, ölkələri beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda və iqtisadiyyatın şaxələndirilməsində maraqlıdır. Son olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib ki, ölkəsi Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır: "Biz təkcə Azərbaycanla deyil, Türkiyə ilə də bütün regional nəqliyyat infrastrukturunu açmağa hazırıq. Başa düşürük ki, bu layihə Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcək və əgər həyata keçirilsə, bu, Fars körfəzi ölkələrini Qara Dəniz İqtisadi regionu ilə birləşdirməyin daha bir maraqlı yolu olacaq. Bu konsepsiyaya görə, nəqliyyat infrastrukturunun açılması ölkələrin suverenliyinə tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq baş verməlidir".

Bundan əvvəl aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdəki çıxışında qeyd etmişdi ki, ölkəsi üçün Azərbaycandan qaz almaq məsələsi aktuallığını qoruyub saxlayır. Sözügedən məqam rəsmi Bakının da maraqlarına xidmət edir. Bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın gələcəkdə bizdən qaz ala biləcəyini istisna etməyib. Ölkə başçımız aprelin 24-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, yaxınlıq və infrastruktur nəzərə alınarsa, bu cür əməkdaşlıq təbii ki, olacaq.

Rəsmi Bakının yanaşması indiki məqamda uğurlu hesab olunmalıdır. Çünki iqtisadi bağlılıq dayanıqlı sülhə təminat verən məsələdir. Ermənistanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə "revanşist" ideyalarının qarşısını kəsən sədd ola bilər. Amma bunun üçün delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir.

Jalə QASIMZADƏ,

"Respublika".