İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

15 iyun, 1993 VI məktub

Zaman, Azərbaycanın taleyi və xalqın təkidli tələbi Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə gətirəndən sonra onun adı erməni mətbuatının manşetlərindən düşmürdü. Demək olar, hər həftə Azərbaycanla, xüsusən də Heydər Əliyevin həyatı, respublikaya rəhbərliyi, o cümlədən, DTK-dakı fəaliyyəti ilə bağlı materiallar çap olunurdu. Bədnam Z.Balayan kimi hədyan ustalarının bütün riyakar böhtanlarını nəzərə almasaq da, üzdəniraq "böyük Ermənistan" planının tərkib hissəsi olan qeyri-insani əməllərdən və bu gün "milli qəhrəmanlıq" nümunəsi kimi təqdim edilən etiraflardan aydın görünür ki, ermənilər əvvəlki dövrlərdə olduğu kimi, altmışıncı illərdə də Qarabağın etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi üçün hər cür saxtakarlıqları özlərinə rəva bilirlərmiş. Onların belə mənfur əməllərinin qarşısını ilk növbədə respublikanın DTK-sı və onun rəhbəri Heydər Əliyev aldı.

Normal insan əxlaqı min il əvvəlin tarixinin, mədəniyyətinin əsrlər keçəndən sonra başqa cür "yazılmasını" qəbul edə bilmir. Erməni mentaliteti illüziyanın  imkanları, potensialları müqabilində ağlasığmaz iddialarının gerçək olduğuna inam illüziyasının üzərində qurulub. Bu illüziyanın, aldanışın həqiqət olduğuna inam yaratmaq məqsədilə özlərinə saxta tarix yazır, saxta mədəniyyət düzəldirlər. Bunun üçün zaman-zaman erməni xislətinə xas hiylə və fırıldaqla başqalarının elmi-mədəni, tarixi sərvəti oğurlanıb "özəlləşdirilir".

Altmışıncı illərdə ermənilər Yuxarı Qarabağın hər rayonunda tarix-diyarşünaslıq muzeyləri açdılar, respublikamızı qarış-qarış gəzərək, Azərbaycan sərvətlərini müxtəlif yollarla ələ keçirərək, Qarabağın "erməni tarixinin" eksponatlarını təşkil etməyə başladılar. Z.Balayan yazır ki, coşqun və fəal (saxtakarlıq) kampaniyasına məhz Heydər Əliyev son qoydu. DTK generalının (məhz başqa ziyalıların, mülki dövlət xadimlərinin deyil) məxfi göstərişinə əsasən, dəllallıqla tarix və mədəniyyət quraşdıran erməni işbazlarına qulaqburması verildi. Azərbaycanın hər yerində düşmən əlinə keçməməsi və gələcək nəsillərə çatdırılması üçün maddi mədəniyyət abidələri toplanaraq yerli muzeylər təşkil olundu.

Erməni mətbuatında xüsusi diqqət yetirilən məsələlərdən biri də Naxçıvan mövzusudur. Daşnakların Qarabağ ssenarisi öncə Naxçıvanda "gerçəkləşdirilməliydi": dünyanın müxtəlif yerlərindən ermənilər "tarixi vətənləri" Naxçıvana köçməli, yerli maddi mədəniyyət abidələri erməniləşdirilməli və Azərbaycanın ayrılmaz bu dilbər guşəsi Ermənistanla birləşdirilməliydi.

Bu bədnam niyyətin gerçəkləşdirilmə "əsası" hələ 1918-ci ildə, Andranikin başkəsənləri qədim Oğuz yurdu Zəngəzuru və o cümlədən Mığrını işğal etdiyi vaxtlarda qoyulmuşdu. Sonra, 1920-ci ildə Ermənistan yaradılanda və orada sovet hakimiyyəti elan ediləndə erməni "bolşevikləri" özlərinin də fəal iştiraklarıyla andranikçilərin zəbt etdiyi əraziləri, o cümlədən Mığrını da ağına-bozuna baxmadan qonşu respublikanın tərkibinə daxil edərək, Azərbaycanı Azərbaycandan (Zəngilandan Ordubadadək) 22 km aralı salmışdılar. 1929-cu ildə isə Zəngilan rayonunun Nüvədi kəndinin guya iqtisadiyyatını "dirçəltmək", "əhalinin rifah halını yaxşılaşdırmaq" üçün, əslində isə süni erməni dəhlizini genişləndirmək məqsədilə bu kənd də qanunsuz şəkildə Ermənistana ilhaq edildi və göydəndüşmə dəhliz 46 km-ə çatdırıldı.

Naxçıvanda altmışıncı illərdən başlayaraq Qarabağ ssenarisinin qarşısını ilk növbədə Heydər Əliyev aldı.

İrəvanda bunları unuda və Heydər Əliyevi bağışlaya bilmirdilər. Ermənistanın son təcavüzünün (1988-ci ildən başlayaraq indiyənəcən) müxtəlif mərhələlərindən bəhs edən yazılarımda xalqımıza qarşı törədilmiş soyqırımına Naxçıvan müqavimətini və Naxçıvan dəyanətini əks etdirməyə çalışmışam. "Heydər Əliyev və Azərbaycanda milli siyasət" adlı monoqrafiyamda, "Burdan min atlı keçdi" toplumda bu mövzuda səhifələr var. Sonuncu adını çəkdiyim kitabım barədə millət vəkili, şəksiz, istedadlı publisist Alqış Həsənoğlunun bu gün oxuduğum "Burdan min atlı keçdi" həqiqətləri" yazısının təsiri altında olduğumdan, gənc qələm dostumun həmin qeydlərindən Naxçıvanın müdafiəsiylə bağlı bir parçanı bura daxil edirəm:

"Burdan min atlı keçdi" kitabınızda bu məsələyə Sizin dəqiq yanaşmanız, ümumiyyətlə bu problemin mahiyyətini düzgün anlatmanız sanki neçə illərdir ermənilərin Naxçıvan uğrunda apardıqları mübarizənin ideoloji rıçaqlarına vurulan bir zərbədir. Bəli, düz buyurursunuz ki, Mığrını amansızcasına öz doğma anasından (Naxçıvandan) ayırıb Ermənistana verdilər, süni koridor yaratdılar ki, qonşu respublika İrana çıxsın və Azərbaycanı Azərbaycandan ayırsın... Əslində, məsələnin məhz bu cür həll olunması ermənilərin illər boyu apardığı siyasətin nəticəsi idi. Onu da deyim ki, bu, artıq Arazın bu tayında Azərbaycanın ikiyə bölünməsi idi. Və hələ çox sonralar Qarabağ uğrunda aparılan hərbi əməliyyatların uğursuzluğa düçar olması bizim torpaqlarımızın ideoloji cəhətdən müdafiəsinin düzgün qurulmadığını, bu məsələdə axsadığımızı göstərdi. Hətta son vaxtlar erməni mətbuatında səslənən "Biz Azərbaycana daha nəyi güzəştə getməliyik ki? Onsuz da tarixi torpaqlarımızın bir hissəsi kimi Naxçıvanın da azad olmasını yarıda dayandırdıq, onları türklərə güzəştə getdik" kimi fikirlərin səslənməsi bu məsələdə bədxah qonşularımızın əldən çox beyinlə mübarizə apardıqlarını göstərir. Amma bütün bunlara baxmayaraq, burada heç bir güzəştdən söhbət gedə bilməz. Heydər Əliyevin Moskvadan birbaşa Naxçıvana gəlməsi və sərhəddə mövcud olan ağır vəziyyətin stabilləşdirilməsi istiqamətində atdığı addımların tez bir zamanda səmərə verməsi bizim Naxçıvanı itirməyimizin birdəfəlik qarşısını almış oldu. Məhz Heydər Əliyev faktorunun Naxçıvanda mövcudluğu ermənilərin Naxçıvanın işğalı istiqamətində qurduqları planları alt-üst etdi. Ümummilli liderimizin həmin ərəfədə xarici və daxili düşmənlərin əngəllərinə baxmayaraq, Naxçıvana rəhbərlik etməsi həm də Tanrının Azərbaycan xalqını unutmadığından xəbər verirdi. Heydər Əliyevin Naxçıvanın bütövlükdə Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli strateji obyekt olduğunu dərindən bilməsi və onu məlum işğaldan qorumağı bacarması respublikanı ən böyük təhlükədən xilas etdi. Onu da deyim ki, həmin dövr mücadiləsində Heydər Əliyev təkcə ermənilərlə yox, həm də Naxçıvanın Azərbaycan üçün nə demək olduğunu anlamayanlarla mübarizə aparmaq məcburiyyətində idi. Azərbaycanın digər ərazilərinin düşmən tərəfindən xüsusi amansızlıqla işğal edilib viran qoyulduğu bir vaxtda O, öz tarixi missiyasının Naxçıvan mərhələsini çox uğurla yerinə yetirirdi. Xalqımız Naxçıvan Muxtar Respublikasının belə məharətlə müdafiə olunduğunu həsədlə müşahidə edib, Heydər Əliyevin Azərbaycanı idarə edəcəyi günü səbirsizliklə gözləyərkən Bakıdakı "rəhbərlər" Milli Liderə qarşı məkrli planlar hazırlayır, onu proseslərdən kənarlaşdırmağa çalışırdılar. Onu da deyim ki, bu, ermənilərin də ürəyincə olan plan idi. Çünki onlar Naxçıvan faktorunun Azərbaycanın bütövlükdə müdafiəsi və itirilmiş torpaqlarının geri alınması məsələsində nə demək olduğunu çoxlarından yaxşı anlayırdılar. Məhz Heydər Əliyevin bacarığı nəticəsində bu gün Naxçıvan təkcə Azərbaycanın Türkiyə ilə sərhəddi kimi deyil, eyni zamanda, Ermənistanın İrana yeganə çıxışını təmin edən Mığrının mübahisəli məntəqəyə çevrilməsi məsələsində ermənilər üçün psixoloji təhlükə rolunu oynayan ciddi faktor olaraq qalmaqdadır.

Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıtmasından sonra Muxtar Respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər bu çirkin niyyətlərin taleyini birdəfəlik həll etdi. 1999-cu ilin 4 fevralında prezident Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik, 2004-cü ilin fevralın 10-da isə Prezident İlham Əliyevin Muxtar Respublikanın 80 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı fərmanlar bölgənin siyasi müstəvidə əhəmiyyətini təsdiqləməklə yanaşı, həm də bədxah qonşulara bu torpaqların Azərbaycan dövlətçiliyi üçün önəmli faktor olduğu ideyasını ortaya qoydu". ("Yeni Azərbaycan" qəzeti, 21 fevral 2004-cü il).

Naxçıvandan gözünüzü çəkin!

Ötən əsrin əvvəllərində Mığrının işğalı və sovet Ermənistanı yaradılanda bu respublikaya ilhaq edilməsi, əsrin sonlarında Qarabağın və ətraf rayonların zəbt olunması, Naxçıvana təcavüz meyilləri, Azərbaycanın başqa bölgələrinə gülünc iddialar barədə ayrı-ayrılıqda danışmaq istəməzdim, çünki bunlar hamısı təcavüzkar qonşunun son iki yüz ilə yaxın vaxtda mənim ölkəmə və xalqıma qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir. Son on ilin anti-Azərbaycan siyasətinin dayaq nöqtələrini alt-üst edən məqamlarını açıqlayaq:

Şəxsiyyətə qarşı irtica mövzusunda qeydlərimi yeddi məktuba sığışdırmaq istərkən görürəm ki, Heydər Əliyevin Azərbaycan həqiqətlərini dünyaya açıqlaması və təbliğatının gücü erməni mətbuatını, millətçi-şovinist ictimai-siyasi dairələri yeddi yöndən rahat buraxmır.

1. İrəvan özünə yer tapa bilmir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi Heydər Əliyevin ölçüyəgəlməz səyləri, qətiyyəti sayəsində dünyaya çatdırılmış, beynəlxalq təşkilatlar, sivil aləm bu aqressiya faktını təsdiqləmişdir. Azərbaycan ümummilli liderinin "Qarabağ qədimdən əsl Azərbaycan torpağıdır, erməni silahlı qüvvələri indi buranı sadəcə işğal ediblər" deyimini Ermənistan jurnalistləri, siyasətçiləri neçə illərdir təkzib etmək cəhdləriylə hallandırsalar da, nəyəsə nail ola bilmirlər, əksinə, bu həqiqət dünyada yayılır və qəbul olunur.