Xarici səyyahlar Qarabağda
Digər xəbərlər

Xarici səyyahlar Qarabağda

Bu diyarın gözəlliyi, insanların qurub-yaratdıqları onları heyran etdi

Bu Vətənin keçmiş əzəmətini əks etdirən o qədər izləri var ki... Elə Qarabağ kimi... XIX  əsrin ortalarında Azərbaycan və İranı  tədqiq edən fransız arxeoloqu Jak de Morqan Qarabağ sözünün etimologiyası ilə maraqlanıb  və belə bir nəticəyə gəlib ki, həmin ad vilayətə, onun təbii sərvətlərinə uyğun olaraq verilib. Yəni Qafqaz silsilə dağlarının həmin hissəsini  meyvə bağları, onun davamı olan sahəni  meyvəsiz bəzək ağacları əhatə etdiyinə görə, bura "Qarabağ" adlandırılıb. Təbii ki, bu cür versiyalar çoxdur...

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mənəvi irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar bir diyardır. Başı qarlı sərt dağlar, sıx meşələr, bumbuz bulaqlar, axar çaylar, sıldırım qayalar, bu qayalarda bitən çiçəklər... Bu diyarın Şuşa adlı baş tacı da var. XIX əsrdə Azərbaycanı və Şuşanı müşahidə edən Qərbi Avropa səyyahları onun qədimliyi haqqında da  fikir söyləyiblər. İngilis səyyahı Ceyms Morye Şuşada bizim eradan əvvəl insan cəmiyyətinin yaşadığı haqqında  mülahizələr irəli sürüb. Başqa bir ingilis səyyahı Robert Burter isə yazırdı: "Şuşada Qafqazın başqa  şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan  gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim  şəhər olması haqqında  fikir söyləməyə imkan verir".

Şuşa Qarabağın Üçmıx zirvəsindən baxanda daha füsunkar görünür. O, sal qaya üzərində  böyük ustalıqla həkk olunan ilahi bir əsərə bənzəyir.  Bu möcüzəyə heyrətlənməmək mümkün deyil. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə söykənən uca dağlar, ətəyində mürgüləyən dərələr, yaşıl çəmənlər... Təbiətin öz əli ilə çəkilən möcüzələr... Açıq səma altında canlı muzeydir Şuşa...

Təəssüf ki,  bu gözəlliyi çox gördü bizə düşmən. Pusquda dayanmışdı, məqam gözləyirdi. Şeir, muğam, mahnı beşiyi, ab-havası, iqlimi bambaşqa bir aləm olan, vaxtilə adı dünyanın ən məşhur sağlamlıq  məkanları ilə bir  sırada çəkilən Şuşanın  gözəlliyi, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıltısı onun gözünü tuturdu. Əsrlərcə onu zəbt etmək üçün planlar cızırdı. 1992-ci il mayın 8-i.  Şuşanı itirdiyimiz acı tarix. Ermənilər 28 il saxladılar onu əsarətdə. Bütünlükdə Qarabağın faciəsi başladı Şuşanın yoxluğu ilə. İçimiz qovrula-qovrula gözlədik. Ali Baş Komandanımızın 44 günlük  döyüşlərin sonunda ermənilərin məğlub edildiyi, Şuşanın azad olunduğu barədə müjdəsi içimizin yanğısına su çilədi. Qarabağımız azadlığına qovuşdu:

Mən aşiqəm, qara bağ,

Qara salxım, qara bağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Düşmən yaddaşımızdan silə bilmədi əsrlikdə qalan torpaqlarımızı, əksinə, şikəst övladını daha çox əzizləyən valideynlər kimi,  qəlbi yaralı, kürəyi xəncərli, əli-qolu kəsilmiş Qarabağ xalqımızın qövr eyləyən  yarasına çevrildi. İndi dirçəlir Qarabağ, ona yeni həyat gəlir. Artıq dünya səyyahları da öz sələflərinin  missiyasını daha ürəklə, cəsarətlə davam etdirməyə çalışırlar. Çünki Qarabağın qapıları dünyaya açıqdır. Dünyanın aparıcı beynəlxalq  səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubu heyətlərinin 2021-ci ildə bir, 2022-ci ildə isə dörd dəfə Qarabağa və Şərqi Zəngəzura  səfərləri gerçəkləşib. Bu isə o deməkdir ki, otuz illik erməni barbarlığından sonra indi bərpa edilən, yenidən qurulan bu yerlərə beynəlxalq səyahətçilərin marağı artıb. Fevralın 4-6-sı tarixlərində Azərbaycanın azad edilmiş ərazilərinə sayca altıncı səfər baş tutub. 30 nəfərlik heyətdə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya,  Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya  və Rusiyanın tanınmış  səyyahları yer almışdı. Bu dəfəki səfər Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə gerçəkləşib.

Dünya səyyahlarının o ecazkar torpaqlarımız barədə  söylədikləri isə insana qürur yaşadır. "Ecazkar təbiəti görmək istəyən Azərbaycana gəlsin". Bu fikirləri azad edilmiş  ərazilərə səfər edən Böyük Britaniyadan olan səyyah Heyli Kennedi Şuşada olarkən  jurnalistlərə açıqlamasında deyib. Xarici səyyah ölkənin  təbiətinin  möhtəşəmliyi barədə danışaraq bunun gələcəkdə turizm üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb: "Ecazkar təbiəti görmək üçün mütləq buraya səyahət etmək lazımdır. Bu gözəlliyi görmək üçün  buradayam. Azərbaycanın heyrətamiz təbiəti var. Ölkənin gözəl mənzərələrindən başqa tarixi məkanları da var".

O, Azərbaycanın dəyərli tarixə, təbii gözəlliyə, xüsusən də neft və digər zənginliklərə sahib olduğunu da vurğulayaraq bildirib ki, bu zənginliklərlə hər bir şey etmək mümkündür.

İngiltərəli səyyah Stuart Pinçin Cıdır düzündə olarkən deyib: "Şuşa turizm üçün  möhtəşəm yerdir". Azərbaycan təbiəti haqqında  çox oxuduğunu deyən səyyah: "Gözlədiyim gözəlliyi görə bildim. Ölkənin çox tarixi keçmişi var. Burada hər yerdə mədəni abidələrlə rastlaşmaq olar. Bunu görmək istəyən hər bir şəxs Azərbaycana gəlib görə bilər", - deyə əlavə edib.

Beynəlxalq səyyahlar Laçın şəhərində aparılan tikinti-quruculuq işləri ilə də tanış olub, sonra Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gəliblər. Səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.

Xarici səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu olub. Səyyahlar unikal tarixi abidə olan Xudafərin körpüsünə gəliblər. Onlara ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq - mühəndis həlli və digər xüsusiyyətlərinə görə fərqlənən Xudafərin körpüləri barədə ətraflı məlumat verilib.

Qrupun səfərinin sonuncu ünvanı isə Ağdam rayonu olub. Belçikalı səyyah Yves Bouvie deyib: "Ağdamda gördüyümüz dağıntılar bizi çox sarsıtdı. Burada erməni işğalçılarının Azərbaycan mədəniyyətini  necə məhv etdiklərinin şahidi oldum. Sentyabr ayında burada olduğum müddətdən bəri aparılan yenidənqurma və bərpa işləri bizi heyrətləndirir". O, həmçinin vurğulayıb: "İnanıram ki, Azərbaycan qarşıdakı bir neçə il ərzində Qarabağı bərpa etməyə müvəffəq olacaq... Azərbaycan beynəlxalq səyyahları bu ərazilərə dəvət etməklə bizə münaqişə barədə reallıqları dünya birliyinə çatdırmaq üçün gözəl imkan yaradır".

Bəli, Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfər dünya səyyahlarına bu yerlər haqqında dolğun məlumat almağa imkan verib. Təbiətin yaratdığı gözəllik, insanların qurub-yaratdıqları isə onları heyran edib.

Zümrüd QURBANQIZI,

"Respublika".