Turanda uran sevdası
Siyasət

Turanda uran sevdası

Neokolonialist Makron bölgədə nə arayır...

Neokolonialist və imperialist siyasətindən əl çəkməyən Fransa artıq bir müddətdir ki, əsarəti altında saxlamağa çalışdığı ölkələrdə ciddi azadlıq hərəkatı ilə üzləşib. İqtisadiyyatının böyük bir hissəsini işğal etdiyi ölkələrin yeraltı və yerüstü sərvətlərindən formalaşdıran Fransa üçün bu cür halların baş verməsi heç də arzuolunan deyil. Xüsusilə dünyanın ən zəngin yeraltı sərvətlərinə malik olan Afrika qitəsindən xaricolma təhlükəsilə qarşılaşan Paris hökuməti buna cavab olaraq öz nəzərlərini Mərkəzi Asiyada yerləşən türk dövlətlərinə, yəni Turana yönəldib.

Rusiya-Ukrayna müharibəsinin başlanması Avropa qitəsinin enerji siyasətində köklü dəyişikliklərə yol açması ilə nəticələndi. Kollektiv Qərbin tələm-tələsik verdiyi qərarlarla Rusiyadan alınan enerjiyə qadağalar qoyması, gec-tez bir gün Avropa üçün ciddi təhlükə mənbəyinə çevriləcəyi hiss olunurdu. Qeyd olunduğu kimi, üstəlik də Fransanın Afrikadan yavaş-yavaş qovulması bu ölkəyə xammal idxalının çətinləşməsinə şərait yaradıb. Enerjisinin böyük bir hissəsini Atom elektrik stansiyaları ilə təmin edən Fransa əsasən uranı Niger dövlətindən idxal edirdi. Hazırda isə bu ölkədə baş verən dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələr açıq-aşkar Fransaya nifrət hissilə yanaşır və imperialist Fransanın qoşunlarını ölkədən qovub. Bütün bunları nəzərə alan Makron hökuməti üçün hazırkı məqamda ən məqbul bazar Mərkəsi Asiya hesab olunur. Uranla zəngin olan Qazaxıstanla yaxınlaşmasının kökündə dayanan əsas məqsəd də elə budur. Saxta təbəssümlə türk dövlətlərinə səfər etmiş Makronun əslində qəlbində böyük bir antitürk, antiislam hissi olması məlum məsələdir. Lakin çətin durum tülkünü "həccə" yola saldığı kimi, Makronu da Mərkəzi Asiyaya gətirib.

Emmanuel Makronun Qazaxıstana və Özbəkistana səfərlərinin başlıca məqsədlərindən birini də siyasi amillər təşkil edir. Burada da əsas plan guya Mərkəzi Asiyanı Rusiya hegemonluğundan xilas etməkdir. Bununla da Fransa sanki Qazaxıstan və Özbəkistanın sərbəst xarici siyasət aparmasına "yardımçı" olmağa çalışır. Lakin Yelisey sarayının əsas məqsədi Mərkəzi Asiya uğrunda gedən "böyük yarışda" rəqabətə qoşulmasıdır.

Rəsmi Paris Fransa prezidentinin Qazaxıstana və Özbəkistana səfərinin həmin ölkələrdə gedən islahatlara və modernləşməyə dəstək olduğunu söyləmişdi. Bununla da Yelisey sarayı Mərkəzi Asiyanın Rusiyadan qorunmasının vacib olduğunu vurğulayıb. Hələ Emmanuel Makronun şəxsən söylədiyi bu fikirlər Rusiya ilə Qazaxıstan arasında nifaq toxumunun səpilməsinə xidmət edir. O, Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə görüşündə Qazaxıstanın hansısa güclərin vassalı olmaq istəmədiyini, xalqın mənafeyinə uyğun siyasət yürütmək iqtidarında olduğunu diqqətə çəkib. Açıq-aşkar anti-Rusiya siyasətini Mərkəzi Asiya üzərindən aparmağa çalışan Makron bu sözlərlə bir daha həm özünün, həm də ölkəsinin ikiüzlü olduğunu bəyan edib. Çünki Fransa öz baxış bucağında Mərkəzi Asiya ölkələrini hansısa xarici dövlətlərin təsir dairəsində görürsə və onları da bundan xilas etməyə çalışırsa, ilk növbədə, özü neokolonialist təfəkküründən əl çəkməlidir. Əks halda, belə saxta bəyanatlar yaymaqla getdikcə düşən nüfuzunu yerlə bir edəcək.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirən Fransanın nəzərə almalı olduğu əsas amillərdən biri də Türkiyə-Azərbaycan faktorudur. Yelisey sarayının naşı halda yürütdüyü xarici siyasət demək olar ki, bütün regionlarda, o cümlədən Azərbaycan və Türkiyədə bu ölkəyə qarşı mənfi rəy qazandırıb. Cənubi Qafqaz strategiyasında ikili və qərəzli yanaşma sərgiləyən "Qərbin Ermənistanı" açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir ki, bu da Azərbaycan üçün olduqca qəbuledilməzdir. Türkiyə dövləti ilə NATO müttəfiq olmasına baxmayaraq, ikili münasibətlərdə ziddiyyətlərin olması qardaş ölkə ilə Fransanı bir çox məsələdə də qarşı-qarşıya qoyub. Bu baxımdan Azərbaycan və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələrinin olması Fransanın Bakı və Ankaraya qarşı daha həssas olmasını vacib edir.

Musa BAĞIRLI,

"Respublika".