Panel sessiya: Mərkəzi Asiya və Qafqazda Gənc Sülh Qurucuları Proqramının işə salınması müzakirə olunub
Siyasət

Panel sessiya: Mərkəzi Asiya və Qafqazda Gənc Sülh Qurucuları Proqramının işə salınması müzakirə olunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də "Peace4Culture Qlobal Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə salınması" mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya Gənc Sülh Qurucuları Proqramının idarə olunması üzrə mütəxəssis Dana Podmolikova moderatorluq edib.

Panel sessiyada çıxış edən BMTSA-nın gənc sülh qurucusu Denis Adesina Daniel Mədəniyyətlərarası Dialoq Forumunun gənclər üçün böyük təcrübə olduğunu deyib. "Dünyada baş verən münaqişələrin həlli üçün aparılan müzakirələr mənim üçün olduqca faydalı oldu. Xüsusilə, qadınların hüquqları ilə bağlı məsələlərə, onların dəstəklənməsi üçün səslənilən fikirlərə və təşəbbüslərə nail olmaq lazımdır", - deyə o bildirib.

Sülh qurucusu Anand Junior çıxışında Mədəniyyətlərarası Dialoq Forumunun mövzusunun çox əhatəli olduğunu vurğulayaraq qeyd edib ki, Forumda iştirak edən gənclər müxtəlif bilik və bacarıqlara yiyələniblər. Gənc Sülh Qurucuları Proqramının məqsədindən də danışan Anand Junior diqqətə çatdırıb ki, proqram dünya gənclərinin sülh quruculuğu prosesinə cəlb olunmasını hədəfləyir. Siyasətdə gənclərin rolundan da danışan sülh qurucusunun fikrincə, siyasətdə gənclərə də yer verilməlidir: "Bəzən gənclərin ideyaları manipulyasiya edilir. Yaşlı insanlar isə gənclərin yeniliklərini qəbul etmək istəmirlər. Bu kimi hallardan çəkinmək lazımdır".

Sonra sülh qurucusu Hazhir Aljaf çıxış edib. Gənc Sülh Qurucuları Proqramının karyerasına təsirlərindən danışan Hazhir Aljaf deyib: "Dünyanın bir çox ölkəsindən olan yeni dostlar tapmaq, insanları tanımaq, onların mədəniyyətlərini kəşf etmək mənim üçün inanılmaz təcrübə olub. Eyni zamanda, proqram mənim şəxsi karyerama da çox müsbət təsir edib".

BMTSA-nın digər gənc sülh qurucusu Sarra Messaudi proqram vasitəsilə sülhün təşviqi ilə bağlı bir sıra müzakirələrin aparıldığına diqqət çəkib: "Bu məqsədə nail olmaq üçün araşdırmalar aparırıq. Bu, bizə çox böyük təcrübə qazandırır".

Sülh qurucusu Dania Abraham isə çıxışında gənclərin dəyişikliyə hər zaman hazır olduğuna diqqət çəkib. "Onlar fərqli rəyləri eşitməyə, müzakirələrə hazırdır. Təklif edirəm ki, gənclərin yeni ideyaları, yaşlı nəslin təcrübələri ilə birləşsin. Nəsillər arası əməkdaşlıq yaransın", - deyə o diqqətə çatdırıb.

Sessiya müzakirələrlə davam edib.