17-18 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
İQTİSADİYYAT

17-18 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

16 iyun KTN-dən bildirilir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər. Fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

“Respublika”.