İşğaldan azad olunmuş ərazilərdə enerji təchizatı bərpa olunur
İQTİSADİYYAT

İşğaldan azad olunmuş ərazilərdə enerji təchizatı bərpa olunur

Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi 30 ilə yaxın bir dövr ərzində erməni işğalında olan ərazilərimizin azad edilməsi ilə nəticələndi. İşğal dövründə erməni vandalları Azərbaycan torpaqlarında böyük dağıntılar həyata keçirmiş və bu ərazilərdə mövcud olan bütün infrastrukturu demək olar ki, tamamilə məhv etmişlər. Ona görə də Qarabağ müharibəsi bitdikdən dərhal sonra bu yerlərdə bütün istiqamətlərdə, o cümlədən dağıdılmış enerji infrastrukturunun yenidən qurulması, bərpası məqsədilə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanıldı.

Bərpa prosesində əsas məqsəd energetika sahəsində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastruktur şəbəkəsinin yaradılmasıdır. Bu gün bu işlər uğurla həyata keçirilir və bərpa prosesinə qabaqcıl texnoloji şirkətlər cəlb edilmişdir. Artıq azad olunmuş ərazilər, bütövlükdə Qarabağ "yaşıl enerji" zonası elan edilmişdir. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad edilmiş ərazilərdə "Azərenerji" ASC tərəfindən elektroenergetika infrastrukturunun yaradılmasına start verildi. Strategiyada hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisi və onların yüksək gərginlik xətləri ilə enerji sisteminə inteqrasiyası nəzərdə tutulur. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra cənab Prezident bu ərazilərə səfərləri çərçivəsində bir neçə - 8 meqavat gücə malik "Güləbird" Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılışı oldu. Həmçinin Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verildi. Su Elektrik stansiyalarının ümumi gücü 7,8 meqavatdır. "Suqovuşan-1" kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kilovat/saat "Suqovuşan-2" stansiyasında isə ildə 8,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur. Qeyd edək ki, ümumilikdə 2021-ci il ərzində 13 enerji obyektinin tikintisinə, yaxud yenidən qurulmasına başlanılıb. Bunlardan, may ayında "Şuşa", iyunda "Füzuli" və Ağdamda inşa edilən "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi tamamlanıb. Qarabağda və Şərqi Zəngəzurda istismara verilən yarımstansiyaların hər biri Azərbaycanın ümumi enerji sisteminə qoşulub və tam olaraq rəqəmsallaşdırılıb. Eyni zamanda, bu ərazilərdə 365 kilometr məsafədə olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovotluq elektrik verilişi xətti çəkilib.

2021-ci il oktyabr ayının 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyası tikilib istismara verilib. Cəbrayıl rayonunun Füzulidəki "Şükürbəyli yarımstansiyasından ümumi uzunluğu 31 kilometr məsafədə olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci "Cəbrayıl" hava xətləri çəkilib. Bu yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. "Qubadlı", "Zəngilan" yarımstansiyalarının qidalanması üçün Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması məqsədilə yarımstansiyalarda texniki cəhətdən hər cür lazımi şərait yaradılıb. "Cəbrayıl" yarımstansiyası rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən Cəbrayıl şəhərinin və ümumilikdə rayonun bütün obyekt, kənd və qəsəbələrini dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə tam təmin edəcək.

Bu bölgədə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər görülür. Belə ki, Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi nəzərdə tutulub. "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarından qısa bir vaxtda 140 meqavat elektrik enerjisi əldə olunacaq. Vurğulayaq ki, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında da elektrik təsərrüfatı yenidən qurulur. Burada külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan artıqdır. Bu mühüm potensialın inkişaf etdirilməsi işlərinə başlanılıb. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur həm də "yaşıl enerji" zonası elan edilib ki, bu da müasir qlobal çağırışlar və inkişaf strategiyasına yanaşmanın təcəssümüdür. Bundan başqa, "yaşıl enerji" zonasına təkan verəcək layihələrdən biri də Laçın və Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının reallaşması olacaqdır.

Hazırda həm Qarabağda, həm də Şərqi Zəngəzurda elektrik təsərrüfatı, transformatorlar, yarımstansiya və elektrik stansiyaları qurulur, Laçın və Kəlbəcərdə dağıdılmış 12 su elektrik stansiyaları yenidən bərpa olunur. Artıq bunlardan 7-si istifadədədir. Bütün bunlar ölkəmizin enerji potensialını, eyni zamanda istehsalı və ixracını artıracaq. Hazırda ümumi gücü 26,9 MVt olan - "Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Meydan" və "Soyuqbulaq" 5 kiçik su elektrik stansiyasının tikintisi üzrə işlər davam etdirilir. Bununla bərabər, ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri görülüb. Beləliklə, iki il müddətində burada 11 kiçik su elektrik stansiyasının bərpa olunması enerji sisteminə 54 MVt-a yaxın istehsal gücü qazandırır.

İkinci Qarabağ savaşında olduğu kimi, Türkiyə dövləti, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün də Azərbaycanın yanındadır, ölkəmizin haqq səsini bütün tribunalardan dəstəkləyir, Azərbaycanla qardaşlığını, Türkiyə-Azərbaycan birliyini ifadə edir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində Türkiyə şirkətləri yaxından iştirak edir. Bu günlərdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olması, geniş bəyanatla çıxış etməsi də bu əbədi qardaşlıq, dostluq münasibətlərinin əyani göstəricisidir.

Görülən işlərin tərkib hissəsi oktyabr ayının 19-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Cəbrayıl və Qubadlı rayonlarında "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyalarının və Rəqəmsal İdarəetmə mərkəzlərinin təməlinin qoyulmasıdır. Səfər zamanı ölkə başçısı 330/110 kilovoltluq "Cəbrayıl" Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə də tanış olub. "Cəbrayıl" yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur rayonlarının dayanıqlı elektrik enerjisi ilə təminatını ödəmək, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarına əlavə və daha əlverişli imkan əldə etməklə ölkəmizin ixrac potensialını artırmaqdır. Bundan başqa, uzun illərdən sonra Naxçıvanı Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq.

Cəbrayıl şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kv-luq "Cəbrayıl" yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini 2x2500 KVA gücündə transformatorlarla təmin etməklə yanaşı, eyni zamanda tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirmə imkanlarına malik olub, Cəbrayıl şəhərinin bir hissəsinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edəcək.

Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kv-luq "Qubadlı" yarımstansiyasından qidalanır. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini transformatorlar vasitəsilə təmin etməklə yanaşı, eyni zamanda, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. "Qubadlı" şəhər 35/0,4 kv-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə "Cəbrayıl şəhər" yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, "Hadrut" qovşaq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin inşa edilməsilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin ediləcək.

Əli SADIQOV,

"Respublika".