DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİL VƏ HƏMAS ARASINDA 4 GÜNLÜK ATƏŞKƏS BARƏDƏ RAZILIQ ƏLDƏ OLUNUB

İsraill və HƏMAS qruplaşması arasında dördgünlük humanitar atəşkəs barədə razılıq əldə olunub. Bu barədə Benyamin Netanyahunun ofisinin bəyanatında qeyd olunur.

Verilən xəbərə əsasən, atəşkəs noyabrın 23-də yerli vaxtla saat 10:00-dan qüvvədə olacaq.

Məlumata görə, atəşkəs çə

rçivəsində Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. HƏMAS 150 fələstinli əsir müqabilində əksəriyyəti qadın və uşaqlardan ibarət olan 50 israillini azad edəcək.

Bununla yanaşı, atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə bu, saat 10:00-dan 16:00-a qədər qüvvədə olacaq.

Bildirilir ki, İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

Mənbələrin bildirdiyinə görə, atəşkəs müddətində İsrail də Qəzza zolağının şimalında PUA-nın kəşfiyyat uçuşlarını gündə azı altı saat dayandıracaq.

PETER SİYARTO Aİ-NİN MİQRASİYA SİYASƏTİNİN YANLIŞ OLDUĞUNU BİLDİRİB

Avropa İttifaqı öz sərhədlərini qorumaqda və miqrasiya problemlərinə milli təhlükəsizlikdən daha çox insan haqları məsələsi kimi yanaşaraq onları həll etməkdə səhv edir. “TASS” agentliyinin xəbərinə əsasən, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.

Nazir vurğulayıb ki, Macarıstan hökuməti sərhədlərə ciddi nəzarətin tərəfdarıdır və onların pozulmasını cinayət hesab edir. “Avropa İttifaqının miqrasiya siyasəti mahiyyətcə Avropaya miqrasiyanı təşviq edir və insan qaçaqmalçılarının biznes modelini gücləndirir. Təəssüf ki, Aİ-nin miqrasiya siyasətinə görə, sərhəd təhlükəsizliyi təhlükəsizlik məsələsi deyil, insan haqları məsələsidir”, - deyə baş nazir bildirib.

Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, qanunsuz miqrasiya ilə terror bir-birini qidalandırır və digər dövlətlər üçün təhlükə yaradır, çünki terrorçular onların ərazisinə miqrantlarla yanaşı daxil olurlar. Macarıstan hesab edir ki, miqrantlar giriş ərizələrinə baxılana qədər Aİ-nin xarici sərhədlərini keçməməlidirlər.

ALMANİYANIN MALİYYƏ NAZİRLİYİ “KƏMƏRLƏRİ SIXMAQ” QƏRARINA GƏLİB

Almaniyanın Maliyyə Nazirliyi demək olar ki, bütün büdcə ayırmalarını dondurmaq qərarına gəlib. Bu barədə “Spiegel” nəşri Maliyyə Nazirliyinin ölkənin bütün idarələrinə göndərdiyi məxfi sənədə istinadən xəbər verib.

Məlumata əsasən, limitlərin dondurulması bütün nazirliklərin büdcəsinə təsir edəcək. Gələcəkdə büdcəyə lazımsız yükün düşməməsi üçün əlavə ödənişlər yalnız müstəsna hallarda və Federal Maliyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mümkün olacaq.

Nəşrin açıqlamasına görə, bu cür tədbirlər, xüsusən də elektrik enerjisinin qiymətlərini sabit saxlamaq üçün hökumətin səylərinin maliyyələşdirilməsinə təsir göstərəcək.

Eyni zamanda, qeyd olunur ki, məhdudiyyətlər Bundestaq, Bundesrat və Federal Konstitusiya Məhkəməsi kimi konstitusiya qurumlarına şamil edilməyəcək.

ÇİN VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI VALYUTA MÜBADİLƏSİ HAQDA SAZİŞ İMZALAYIBLAR

Çin Xalq Bankı və Səudiyyə Ərəbistanı Mərkəzi Bankı arasında valyuta mübadiləsi sazişi imzalanıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Açıqlamaya əsasən, müqavilənin həcmi 50 milyard yuan (təxminən 7 milyard dollar) və ya 26 milyard rial təşkil edir. Üç il müddətində qüvvədə olacaq müqavilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.

Bununla yanaşı, sazişin Çin və Səudiyyə Ərəbistanı arasında maliyyə əməkdaşlığının gücləndirilməsinə, iki ölkənin milli valyutalarının istifadəsinin genişləndirilməsinə və ticarət, eləcə də investisiyaların asanlaşdırılmasına kömək edəcəyi gözlənilir.

KREML ERMƏNİSTANIN KTMT-də FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏYİNƏ ÜMİD EDİR

Rusiya Ermənistan tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin davam edəcəyinə ümid edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin sözçüsü  Dmitri Peskov mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Eyni zamanda, Kreml rəsmisinin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın KTMT-nin Minsk görüşündə təmsil olunmayacağından təəssüflənir.

“Sözsüz ki, Ermənistanın KTMT sammitində yüksək səviyyədə iştirak etməyəcəyinə yalnız təəssüf etmək olar. Əlbəttə, ümid edirik ki, Ermənistan təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcək”, - deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini dilə gətirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin Minsk görüşündə iştirak etməyəcəklərini bildiriblər.

BORREL: QƏZZAYA NƏZARƏT FƏLƏSTİN RƏHBƏRLİYİNƏ VERİLMƏLİDİR

İsrailin təhlükəsizliyi üçün ən yaxşı təminat Fələstin dövlətinin yaradılmasıdır. “Teleqraf.com”un məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildrib.

Məlumata əsasən, Avropa İttifaqının baş diplomatı qeyd edib ki, hazırkı münaqişə bitdikdən sonra İsrail Qəzza zolağını işğal etməməli və əraziyə nəzarət Fələstin rəhbərliyinə verilməlidir.

“Böyük çətinliklərə baxmayaraq, Qəzzanın sabitləşməsi və gələcək Fələstin dövləti ilə bağlı fikirlərimizi irəli sürməliyik”, - deyə Jozep Borrel vurğulayıb.

Avropa İttifaqının ali nümayəndəsi Qəzza zolağında çıxılmaz humanitar vəziyyətlə bağlı təcililik zərurətinin olduğunu bəyan edib: “BMT Təhlükəsizlik Şurasının təcili humanitar fasilələrə çağıran qətnaməsi irəliyə doğru böyük addımdır, onun sürətlə həyata keçirilməsini təmin etməliyik”.

“QANUNİ OĞRU”NUN 720 MƏNZİLİ DÖVLƏTƏ TƏHVİL VERİLİB

Qırğızıstanda “qanuni oğru” Kamçı Kolbayevin 720 mənzili dövlətə təhvil verilib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Agentliyinin rəhbərinin birinci müavini Meder Maşiyev mətbuat konfransında bildirib.

Bununla yanaşı, agentlik rəsmisinin sözlərinə görə, daşınmaz əmlaklar və obyektlər “qanuni oğru”nun ailə üzvləri tərəfindən könüllü olaraq, müqavilə əsasında dövlətə təhvil verilib.

Həmçinin Meder Maşiyevin sözlərinə görə, daşınmaz əmlak obyektlərinin tikintisi hələ başa çatmayıb.

“Mənzillər tam olaraq 2027-ci ildə dövlətin balansına keçəcək. Bundan başqa, daha 38 daşınmaz əmlak obyekti və nəqliyyat vasitəsi dövlətə təhvil verilib. Altı avtomobildən ibarət ilk partiya artıq hərraca çıxarılıb”, - deyə Meder Maşiyev vurğulayıb.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı həbs olunarkən silahlı müqavimət göstərdiyi üçün öldürülən Kamçı Kolbayevə məxsus 720-dən çox mənzil dövlət ipotekası yolu ilə vətəndaşlara satılacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.