MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Kielce Avtovağzalı 

Polşanın Kielce şəhərində inşa olunan avtovağzal kompleksi Avropanın ən yaxşı binaları sırasında yer alıb. Qeyri-adi memarlıq üslubu ilə seçilən avtovağzalın layihəsi 1984-cü ildə Edvard Modrjeyevskinin başçılıq etdiyi memar və mühəndislər qrupu tərəfindən hazırlanıb. Zaman keçdikcə kompleks yararsız vəziyyətə düşdü və bu səbəbdən də mühəndislər onu sökmək qərarına gəliblər. Şəhər sakinləri buna etiraz etdikdə isə ölkə rəhbərliyi 2017-ci ildə müasir avtovağzal layihəsi təqdim etmək üçün müsabiqə elan edib. Abidənin xarici görünüşünü və funksionallığını qorumaq şərtilə hazırlanan layihənin rekonstruksiya işlərinə 2018-ci ildə başlanılıb. Yeni avtovağzalın açılışı 2020-ci ilin avqustunda baş tutub.

Yerləşdiyi şəhərin əsas atributlarından biri hesab edilən avtovağzal kompleksi kosmik gəmi şəklində dizayn edilib. Müasir standartlara cavab verən binada qeyri-adi işıq tunelləri quraşdırılıb. Enerjiyə qənaət edən bu tunellər dünyaca məşhur "Fakro" pəncərə şirkəti tərəfindən hazırlanıb. Ümumilikdə binaya 169 işıq tuneli yerləşdirilib. Həmçinin xüsusi kommunikasiya sistemi ilə təchiz edilmiş binada nəqliyyat vasitələrinin və piyadaların maneəsiz hərəkəti təmin edilib.

"Qardoş qülləsi" 

Serbiyanın paytaxtı Belqrad şəhərinin Zemun rayonunda unikal xatirə qülləsi inşa olunub. Minillik qala adlandırılan "Qardoş qülləsi" 20 avqust 1896-cı ildə tikilib. Orta Dunay ovalığında macar xalqının şərəfinə ucaldılan abidə Avstriya-Macarıstan hakimiyyəti tərəfindən maliyyələşdirilib.

Dunay çayı yaxınlığında məşhur ərazidə tikilən bu qədim abidənin memarlığında bir neçə üslub yer alır ki, bunların arasında Roma üslubu aparıcı yer tutur. Zemunun ən məşhur qülləsinin hündürlüyü 36 metrdir. Qüllənin birinci mərtəbəsində iqlim dəyişikliyinin Yerə necə təsir etdiyini ilk izah edən serb alimi Milutin Milankoviçə həsr olunmuş sərgi salonu yerləşir. Burada, həmçinin milli mətbəx və dəniz məhsulları təqdim olunan kafe və restoranlar fəaliyyət göstərir. Mədəni tədbirlərin mərkəzi olan "Qardoş qülləsi"ndə müxtəlif teatr və musiqi festivalları keçirilir.

 

"Teyt Modern" muzeyi

Londonda yerləşən "Teyt Modern" qalereyası dünyanın ən çox ziyarət edilən sənət ocaqlarından biridir. Temza çayı sahillərində bir vaxtlar elektrik stansiyası kimi fəaliyyət göstərən binanın yerində inşa olunan qalereyanın layihəsini hazırlamaq üçün müsabiqə keçirilib. Müsabiqədə stansiyanın orijinal görünüşünü qorumaqla maraqlı layihə təqdim edən İsveçrənin "Herzog & de Meuron" memarlıq bürosunun dizaynerləri qalib gəlib.

7 mərtəbədən ibarət müasir incəsənət muzeyinin əsas qülləsinin hündürlüyü 99, ona paralel olan qazanxananın hündürlüyü 35, uzunluğu isə 152 metrdir. Elektrik stansiyasının damında "işıq şüası" kimi tanınan ikimərtəbəli şüşəli mansard yerləşir. Borunun yuxarı hissəsində rəssam Maykl Kreyq-Martin tərəfindən hazırlanmış "İsveçrə fənəri" adlı rəngli lampa var. Binanın damındakı şüşə konstruksiya sayəsində qalereya təbii işıqla təmin olunur.

Klassik sənətdən innovativ tendensiyalara keçidi simvolizə edən ekspozisiyada 1990-cı illərdən bu günə qədər bir sıra beynəlxalq sənət əsərləri nümayiş olunur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".