And yerimiz
Sosial həyat

And yerimiz

Cəmi 24 il, çox qısa bir ömür yaşadı Rəşid. Torpaqlarımız uğrunda canından, qanından keçdi. Vətənin qəhrəman övladı kimi o da tarixə adını şərəflə, həmişəlik yazdı. Doğulduğu qəsəbənin, oxuduğu məktəbin bütün ətraf kəndlərin fəxri oldu. İndi Rəşid təkcə bir evin deyil, bütöv bir elin oğludur.

Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində doğulub boya-başa çatan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla həlak olan Mədinov Rəşid Nəzər oğlu haqqında biz də qürur hissilə danışırıq.

Rəşid Mədinov 1996-cı il aprelin 24-də dünyaya göz açıb. 2012-ci ildə Yeni Həyat qəsəbəsində tam orta məktəbi bitirib. Həmin il kolleclərə qəbul imtahanlarında iştirak edərək Bakı Dövlət Sosial-İqtisad kollecinə daxil olmuşdur. Kollec təhsilini başa vurandan sonra 2015-2017-ci illərdə cəbhə bölgəsində həqiqi hərbi xidmət keçmişdir. Əvvəlcə Gəncədə, daha sonra Murovdağda artilleriya bölmələrində xidmətini davam etdirmişdir. Şanlı Aprel döyüşləri zamanı igid döyüşçü baş artilleriya atıcısı kimi düşmənə ağır zərbələr vurur, canlı qüvvəsini məhv edirdi. Aprel döyüşlərində göstərdiyi rəşadətə görə o, hərbi hissə tərəfindən üç tərifnamə və üç fərqlənmə diplomu ilə mükafatlandırılır. Hərbi xidmətini şərəflə başa vurub doğma elinə qayıtsa da ürəyi yenə Murovdağda qalır.

2020-ci ilin sentyabrın 20-də o Qusarda yerləşən "N" saylı hərbi hissədə təlimlərə başlayır. Vətən müharibəsi başlayanda Rəşid artıq Murovdağda ön xətdə idi. Daha sonra isə o, artilleriya bölmələri tərkibində Füzulidə gedən ağır döyüşlərdə iştirak edir. İgid döyüşçü burada əsl qəhrəmanlıq nümunələri göstərir. Müharibənin 16-cı günündə - oktyabrın 13-də Füzulinin Əhmədbəyli kəndində gedən döyüşlərdə Rəşidin döyüş yoldaşlarından biri ağır yaralanaraq iki tərəf arasındakı ərazidə atəş altında qalır. Rəşid ölümün gözünə dik baxaraq çox böyük çətinliklə həmin əraziyə gəlir. Yaralı yoldaşını çiyninə alaraq buradan uzaqlaşmaq istəyərkən namərd düşmən gülləsinə tuş gəlir. Ağır yaralanaraq həlak olur. Oktyabrın 14-də Yeni Həyat qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılır.

Qəhrəman döyüşçünün xidmətləri ölümündən sonra yüksək qiymətləndirilib. O, "Döyüşdə fərqləndiyinə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmyerliləri də şəhidin xatirəsini əbədiləşdirərək onun şərəfinə "Bulaq-abidə" kompleksi inşa ediblər. Qəsəbənin mərkəzi küçələrindən biri şəhid Mədinovun adını daşıyır.

Bu gün hər yerdə şəhid məzarları müqəddəs bir məkana, and yerimizə çevrilib. Şəhidin anım günündə rayon rəsmiləri, ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, məktəblilər də iştirak edirdi. Mərasim iştirakçıları əvvəlcə məzarın önünə əklil və gül-çiçək dəstələri düzdülər. Torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad olundu, onların ruhuna dualar oxundu. İgid döyüşçü haqqında xatirələr söylənildi. Çıxış edənlər Rəşid və onun kimi qəhrəman Vətən oğullarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladılar. Sonda məktəblilərin ifasında Vətənə, şəhidlərə və qəhrəmanlığa dair şeirlər səsləndi.

Ziyafəddin BAYRAMOV,

"Respublika".