Azərbaycanda bütün millətlər, xalqlar bir ailə kimi yaşayırlar
Sosial həyat

Azərbaycanda bütün millətlər, xalqlar bir ailə kimi yaşayırlar

16 noyabr - Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildən dünyanın bir çox ölkələrində qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olmuş və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanmışdır. Azərbaycan bütün dünyada həm də tolerantlıq örnəyi kimi qəbul edilir.

Respublikamızda Beynəlxalq Tolerantlıq Günü ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib. Azərbaycan keçmiş sovet respublikaları arasında bu günü qeyd edən  ilk ölkə olub.  Ulu öndər  çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın sərvəti hesab etmişdir: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür... Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Ölkəmizdə dini dözümlülük, tolerantlıq mühiti ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin təkmilləşməsi siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Qədim tarixə və zəngin ənənələrə malik xalqımızın xarakterik keyfiyyəti olan multikulturalizmin və tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış və bu sahə dövlətin qayğısı ilə əhatə olunmuşdur.

Ölkə vətəndaşlarının dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malik olduqlarını və onların hüquqlarının dövlətimiz tərəfindən qorunduğunu bu və ya digər tədbirlərdə dəfələrlə qeyd edən ulu öndər bu prinsiplərə həmişə sadiq qalırdı. Bu, "Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür", - deyən ümummilli liderin əməli fəaliyyətində də özünü göstərirdi.

Azərbaycanda multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Respublikamızda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, bu sahəyə də diqqəti nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Məqsədyönlü fəaliyyət nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Prezident İlham Əliyevin din xadimləri ilə keçirdiyi görüşlər, Ramazan bayramlarında iştirakı və bu mərasimlərə Azərbaycanda digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin tam bərqərar olduğunu göstərir.

Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olub. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, eləcə də dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Burada fərqli mədəniyyətlərin, dinlərin birgəyaşayışının xüsusi modeli yaradılıb.

Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu inkişaf yolundadır. Tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoquna, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır.

2020-ci ilin sentyabrında Azərbaycan torpaqlarında - Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən azsaylı xalqların nümayəndələri də Vətən qarşısında öz borclarını yerinə yetirdilər. Onlar doğma torpaqlarımızın azad olunmasında rəşadətlə vuruşdular. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə silaha sarılan, Vətən uğrunda canından keçən igidlərimiz bütün dünyaya nümunə oldular. Erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları başlanan kimi Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar ölkə Prezidentinin ətrafında sıx birləşdiyini bəyan etdi. Çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə özünü göstərdi.

M.MİRZƏ,

"Respublika".