Qarabağ səyahətnaməsi
Sosial həyat

Qarabağ səyahətnaməsi

Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Qarabağ tarix boyu dünyaşöhrətli səyyahların, yazarların, rəssamların diqqətini cəlb edib. Əsrarəngiz gözəlliyi ilə dahi şəxsiyyətlərin yaddaşında silinməz iz qoyan bu əvəzolunmaz diyar bir çox əsərlərdə də vəsf olunub. Müxtəlif vaxtlarda bu yerlərdə olmuş tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında maraqlı faktlardan söz açıblar.

XVIII əsrin sonlarında fransız səyyahı Jordan De Fardie Qarabağı gəzib qayıtdıqdan sonra Xankəndinin gözəlliyinə əsərlərində xüsusi yer ayırıb: "Bu şəhər dağlar qoynundakı cənnətdir. Mən gəldim və buranın xalqının mehribanlığını, xoş səxavətini, ən əsası qonaqpərvərliyini gördüm!". İtalyan səyyahı Marko Polonun diqqətini isə ən çox Qarabağda yerli ipək məmulatlarının gözəlliyi çəkib. Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləyiblər. Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olub. Burter isə Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları olduğunu deyib.

Təəssüf ki, öz əsrarəngizliyi ilə seçilən bu torpaqlar işğal altında qaldığı 30 il müddətində erməni vandallığının qurbanı olub, tarixi abidələrimiz dağıdılıb, münbit torpaqlarımız ekoloji terrora məruz qalıb. Erməni barbarlığına şahid olan Qarabağ Prezident İlham Əliyevin diqqəti sayəsində işğaldan azad edilməsindən qısa müddət keçməsinə baxmayaraq bərpa və dirçəliş dövrünə qədəm qoyub. Gülüstana çevrilməkdə olan ərazilərimiz isə yenidən xarici səyyahların diqqətini çəkir. Dünyanın müxtəlif ölkələrindən gələn səyahətsevərlər Qarabağ salnamələrinin yeni səhifələrini yazmağa can atırlar.

Beynəlxalq səyyahların səfərlərindən birincisi 2021-ci il sentyabrın 27-də 30-dan çox səyyahın yer aldığı heyətin Qarabağa ziyarəti ilə başlayıb. Bakı-Füzuli marşrutu üzrə kommersiya təyinatlı ilk sınaq uçuşu həyata keçirilib. Beləliklə, xarici qonaqlarımız Füzuli Beynəlxalq Hava Limanına səfər etmiş ilk sərnişinlər olublar. 20 ölkədən 30-dan çox dünyaşöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri isə 2022-ci il fevralın 16-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb. Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edib, törədilmiş urbisidi öz gözləri ilə görüblər. Bu regiona səfər Zəngəzur dəhlizinin açılması istiqamətində dünya ictimaiyyətinin Ermənistana təzyiqlərinin artmasında da mühüm rola malikdir. Ötən il iyunun 18-də isə beynəlxalq səyyahların işğaldan azad olunmuş torpaqlarımıza 3-cü səfəri baş tutub. 10 ölkəni təmsil edən 24 səyyah və blogerlərdən ibarət qrup ilk "Ağıllı kənd"lə tanış olublar. 2022-ci il sentyabrın 8-də beynəlxalq səyahətçilərin Qarabağa növbəti ziyarəti baş tutub. Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın səyyah ilk olaraq Şuşa şəhərinə yollanıb, buranın tarixi məkanları və təbiəti ilə tanış olublar. Ötən ilin 29 oktyabr tarixində isə Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edib. 2023-cü il fevralın 4-də 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Qarabağa səfər edib. Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolu üzərində iki aydan çoxdur ki, fasiləsiz davam edən aksiyanın iştirakçıları ilə də söhbət ediblər. Aksiya fəalları tələbləri barədə məlumat veriblər. Bildirilib ki, bu aksiya Azərbaycanın suveren ərazisində təbii sərvətlərin qanunsuz istismarına, talanmasına və daşınmasına qarşıdır.

Ümumilikdə, işğaldan azad olunmuş ərazilərimizə edilən səfərlər dünya ictimaiyyətinin diqqətini Qarabağa çəkərək, həm də bu ərazilərə investisiya qoyuluşunu artırır.

Jalə QASIMZADƏ,

"Respublika".