Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Dünyanın ən maraqlı süfrə adətləri

Hər bir ölkənin özünəməxsus mədəniyyəti, adət-ənənələri olduğu kimi, süfrə mədəniyyəti də fərqlidir. Gəlin, onlardan bəziləri ilə tanış olaq...

Məsələn, Koreyada ən yaşlı adam yeməyə başlamadan süfrəyə əl uzatmaq, hətta o getmədən masanı tərk etmək düzgün sayılmır.

Tanzaniya və Efiopiyada isə hamı bir qabdan yemək yeyir. Burada əgər siz ümumi qabdan özünüzə bir boşqabda pay istəsəniz, bu təhqir hesab edilir. Tanzaniyada yemək üçün dəvət olunan qonaq evə ən azı 20 dəqiqə gec getməlidir. Burada dəvət edilən yerə tez getmək ev sahibinə hörmətsizlik sayılır. Çində yemək yeyərkən ağzı marçıldatmaq və gəyirmək normal bir hal hesab edilir. Bu, həm də yeməkdən məmnun qalmağın göstəricisidir.

Burada yemək yedikdən sonra qabda bir az yemək saxlayırlar. Yoxsa ev sahibi, qonağını doydura bilmədiyini düşünər. Çində, həmçinin uzun əriştələrdən hazırlanan "noodle" yeməyi ilə bağlı qəribə bir inanc da mövcuddur. Belə ki, çinlilər uzun əriştələri əsla kəsməzlər. Çünki onlar uzun "noodle"ların ömrü uzadacağına inanırlar. Əgər əriştəni kəssəniz, ömrünüzü qısaltmış sayılırsınız. İtaliyada yemək yalnız doymaq üçün deyil, ailə və dostlarla vaxt keçirmək məqsədilə yeyilir. Bu ölkədə yemək zövq alaraq yeyilməlidir, buna görə də kimsə istəmədiyi bir yeməyi yeməyə məcbur edilmir.

Yamaykada isə insanlar hələ danışa bilməyən uşaqlara toyuq əti yedizdirmirlər. Çünki onlar bu zaman körpələrinin bir daha əsla danışa bilməyəcəklərinə inanırlar. Nigeriyalılar isə yumurta yeyən uşaqların oğru olacağına inanırlar. Bu səbəblə eynilə Yamaykada olduğu kimi, uşaqlarına yumurta yedizdirmirlər.

Almanlar hər bir sahədə dəqiqliyə və səliqə-sahmana fikir verdikləri kimi, süfrədə də hər şeyin düzgün olmasının tərəfdarıdırlar. Məsələn, orada bütün yeməklər çəngəl-bıçaqla yeyilməlidir. Əllə yeyilməsi xoş qəbul edilən yeganə qida çörəkdir. Qazaxıstanda çay fincanı yarıya qədər doldurulur. Bu ölkəyə qonaq gedərkən, fincanı tam doldurmalarını istəməyin. Çünki bu, qonaq olduğunuz yerdən bezdiyiniz və oranı tərk etmək istədiyiniz anlamına gəlir.

Xasiyyətimiz bizi bu xəstəlikdən qoruya bilər

Amerikalı elm adamları şəxsiyyət xüsusiyyətləri ilə demansın əlaqəli olduğunu ortaya çıxarıblar. Çikaqonun Şimal-Qərb Universitetində aparılan tədqiqatın nəticələri göstərib ki, xarakterin müəyyən cizgiləri yaşlı insanlarda bu və ya digər yüngül koqnitiv pozuntuların inkişafında həlledici amil ola bilər.

Alimlər insanlarda xoş xasiyyətin demansdan qorunmaq üçün böyük avantaj olduğunu iddia edirlər. Onlar şən, mehriban insanların demans (unutqanlıqla müşayiət olunan xəstəliyin ümümi adı) riskinin daha az, əks xüsusiyyətə sahib olanların isə bu xəstəliyə yaxalanmaq ehtimalının daha çox oluğunu söyləyirlər.

Tədqiqatda səkkiz araşdırmanın məlumatlarından istifadə edilib. Son zamanlar "Böyük beşlik" (Big Five personality traits) kimi populyarlıq qazanan 5 növ şəxsiyyət tipinə diqqət yetirilib. 49-81 yaş arası 44000-dən çox insanı əhatə edən araşdırmada 1703 nəfərdə demans aşkar edilib. Tədqiqat nəticələri göstərib ki, ekstrovert, vicdanlı, ünsiyyətcil, gülərüzlü, məsuliyyətli və nikbin insanlarda demensiyaya daha az rast gəlinir. İntrovert, nevrotik və bədbin insanların isə yaşlandıqca demans diaqnozu qoyulma riski daha yüksəkdir. Tədqiqat müəllifi Eylin Qremin insanların şəxsiyyət tipinin gündəlik vərdişlərinə təsir göstərdiyini və bunun da beyin sağlamlığında böyük rol oynadığını qeyd edib. O, həmçinin əlavə edib ki, şəxsi xarakterik cizgilərinə sağlam həyat tərzi, meditasiya, şüurluluq və psixoterapiya ilə təsir göstərmək mümkündür.

Beləliklə, xoşxasiyyət olmaqla, biz nəinki daha xoşbəxt, həm də uzunömürlü ola, həm də arzuolunmaz demensiya, Alzheymer kimi xəstəliklərdən yaxa qurtara bilərik.

Özünüzlə tez-tez danışırsınız?

Hər bir insan özünü dərk etdiyi gündən etibarən əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar...Əslinə baxsanız, insan atdığı bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır.

Əlbəttə ki, atdığımız addımları təhlil etmək doğrunu yalnışdan ayırmağımıza kömək edir. Əgər etdiyimiz hərəkətlərə görə məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xaosa yol açar. Lakin bəzi insanlar olan hadisələri beyinlərində o qədər saf-çürük edib böyüdürlər ki, nəticədə "takıntı" dediyimiz, yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkirlər. Bu hallar bir müddət sonra onlarda ciddi xəstəliklərə yol açır.

Əsasən hobbiləri, işi və məşğuliyyəti az olan insanlar özləri ilə daha çox danışırlar. Beyni daha çox işlərlə məşğul olan insanların isə "boş-boş" fikirləri təhlil etməyə zamanları az olur. Bu tip insanlar daha səbirli və sakit həyat yaşayırlar. Əslində, onların da özlərinə görə problemləri var, sadəcə hadisələri və insanları olduğu kimi qəbul etməyə çalışırlar.

Orqanlarımızın içərisində ən hiperaktivi beynimizdir. Əgər beynimiz bekar qalırsa, ona heç bir məşğuliyyət verilmirsə, dəyirman daşı kimi özünü üyütməyə çalışır. Bu səbəbdən də mütəxəssislər fəaliyyət dairəsi, məşğuliyyət, hobbiləri artırmaqla lazımsız və boş fikirlərin yerinə beyində daha pozitiv fikirlərin sayını çoxaltmağı tövsiyə edirlər.

Beyinləri olmasa da...

Rəngarəng görünüşü ilə diqqət çəkən dəniz ulduzları ilə bağlı yeni fakt ortaya çıxıb. Belə ki, ABŞ-ın Şimali Karolinadakı Dyuk Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı hələ də tam olaraq tədqiq edilməyən bu sirli heyvanların beyinlərinin olmamasına baxmayaraq, nəyisə öyrənə bildikləri məlum olub. Tədqiqatın nəticələri "Behavioral Ecology and Sociobiology" (BES) elmi jurnalında dərc edilib. Bioloqlar Atlantik okeanının və Karib dənizinin tropik sularında yaşayan dərisitikanlılar sinfinə aid tikanlı ofiokoma (Ophiocoma echinata) adlı kövrək dəniz ulduzlarını müşahidə ediblər. Bu heyvanların sinir sistemi ağız ətrafında halqa şəklində birləşən əzalardakı strukturlardan ibarətdir.

Alimlər sözügedən növ 16 dəniz ulduzunu su çənlərinə yerləşdirərək hər 30 dəqiqədən bir onlara yemək verməklə təcrübə aparıblar. Bir qrup dəniz ulduzunu yemləyərkən onların məkanı olan akvariumların işıqlarını söndürüblər. Heyvanların digər yarısını isə işıqları söndürdükdən sonra yemləyiblər. Tədqiqat 10 ay davam edib. Bu müddət ərzində birinci qrupdan olanlar qaranlığa şərti refleks veriblər, hətta onlara yemək tökülməmişdən əvvəl sürünərək sığınacaqlarından çıxıblar. Bu assosiasiya 13 günlük fasilədən sonra, onların işıqlandırma dəyişdirilmədən qidalandığı zaman da davam edib.

Elm adamları dəniz ulduzlarının beyinləri olmadan təcrübələrini necə dəqiq xatırlaya bildiklərini öyrənməyə çalışırlar. Bioloqlar bunu gələcək təcrübələr vasitəsilə öyrənəcəklərinə ümid edirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".