MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Galaxy SOHO" göydələnləri

Çinin paytaxtı Pekində şəhərin tam mərkəzində inşa olunan "Galaxy SOHO" Ticarət və Əyləncə Mərkəzi ölkənin ən möhtəşəm memarlıq layihələrindən biridir. 2009-cu ildə tikintisinə başlanan bu kompleksi Patrik Şumaxerlə birlikdə mərhum memar Zaha Hadid layihələndirib. Tikinti başa çatdıqdan sonra layihə bir çox tənqidçilərin qəzəbinə səbəb olub. Belə ki, ölkənin ən mübahisəli binalarından biri olan "Galaxy SOHO"  postmodernizm üslubunda inşa olunduğundan şəhərin digər tarixi memarlıq abidələri ilə kontrast yaradıb və ətrafdakı binalar onun kölgəsində qalıb.

Ümumi sahəsi 328 204 kvadratmetr olan kompleks Pekinin mərkəzində 50 000 kvadratmetrlik torpaq sahəsində inşa edilib. Mərkəzin interyerində fiberqlas, paslanmayan polad, keramoqranit, boyalı alçipan və şüşədən istifadə olunub.  Hündürlüyü 67 metr olan bina 18 mərtəbədən ibarət 4 qülləli kompleksin daha 3 mərtəbəsi isə yerin altında yerləşir.  Körpü vasitəsilə bir-birinə birləşən ticarət mərkəzinin ən yuxarı mərtəbəsində açıq və ya yarışüşəli atrium da var. Xüsusi işıqlandırma sistemləri ilə təchiz edilən binada 2 eskalator quraşdırılıb  ki, bu da ziyarətçilərin rahatlığını təmin edir.

 

"Holon Dizayn Muzeyi"

İsrailin qeyri-adi binalarından biri olan "Holon Dizayn Muzeyi"  Holon şəhərində yerləşir. Mobius zolağı şəklində dizayn edilən kompleks israilli memar və sənaye dizayneri Rona Arad və Bruno Asa tərəfindən layihələndirilib. Yerli əhalinin və turistlərin ən çox ziyarət etdikləri məkanlarından biri olan bu kompleks 2010-cu il  martın 3-də istifadəyə verilib.

Səhranın rəngini əks etdirən bina beş nəhəng metal lent formasında dizayn edilib. Muzeydə daim tematik sərgilər keçirilir. Ekspozisiyada müasir işıqlandırma sistemlərinin ən son yeniliklərini əks etdirən texnologiyalar nümayiş olunur. Burada həmçinin, XX əsrin ən məşhur dizaynerlərindən olan futurist və modernist rəssam Bruno Munarinin əsərlərinin sərgisi  də təşkil edilir.

Onu da qeyd edək ki, "Holon Dizayn Muzeyi"  "Conde Nast Traveler" səyahət jurnalı tərəfindən yeni dünyanın möcüzələrindən biri kimi tanınıb.

 

"Sakatekas Kafedralı"

İspan barokko memarlığının şah əsəri olan "Sakatekas Kafedralı" Meksikanın şimal hissəsində Sakatekas adlı şəhərdə yerləşir. Mədənçilər tərəfindən tikilən bu kafedral VIII əsrdə zəngin gümüş yataqları sayəsində çiçəklənmə dövrünü yaşamış şəhərin simvolu hesab edilir.

Meksikanın "Churriguera" memarlığının ən gözəl nümunələrindən olan kilsə xaç formasında tikilib. Mürəkkəb heykəltəraşlıq elementlərini özündə ehtiva edən binanın fasadını dekorativ oymalar, müxtəlif dini fiqurlar bəzəyir. Dini abidənin  eksteryerindən fərqli olaraq, daxili interyeri neoklassik üslubda dizayn edilib. Üç pillədən ibarət  fasadda müxtəlif dini fiqurlar, o cümlədən 12 həvarinin heykəlləri təsvir edilib.

24 karatlıq qızılla örtülmüş mərkəzi qurbangah 2010-cu ildə meksikalı rəssam Xavyer Marin tərəfindən restavrasiya edilib. Çəkisi 20 ton, hündürlüyü isə 16,5 metr olan qurbangahda müqəddəslərin heykəli olan həndəsi taxçalar var.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".