ƏBƏDİYAŞAR LİDER
Siyasət

ƏBƏDİYAŞAR LİDER

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Böyük şəxsiyyətin fiziki yoxluğundan illər ötsə də, xalqımız öz əbədi rəhbərini hər zaman böyük minnətdarlıq, dərin ehtiramla yad edir. Zaman ötdükcə, illər bir-birinə calandıqca, Azərbaycan öz yüksəlişinin və müvəffəqiyyətlərinin miqyasını artırdıqca, hər birimiz Heydər Əliyev şəxsiyyətinin əzəmətini daha aydın görür, onun müəyyən etdiyi siyasi xəttin, ölməz ideyalarının dəyərini daha dərindən anlayırıq. Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək, gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən bu dahi şəxsiyyətin əbədiyaşar ideyaları bizim milli sərvətimizdir. Bu irsin Prezident İlham Əliyev tərəfindən yaşadılmasının, davam etdirilməsinin və zənginləşdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövləti dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır.

Bütün fəaliyyətini ölkəmizə həsr edən böyük şəxsiyyət

Ümumiyyətlə, tarix sübuta yetirib ki, xalqların və millətlərin taleyində dahi şəxsiyyətlərin, görkəmli siyasətçilərin müstəsna rolu danılmazdır. Liderlərin, müdrik rəhbərlərin dövlətlərin tarixində və inkişafında rolu barədə çox nümunələr qeyd etmək olar. İstənilən dövlətin keçdiyi yola nəzər salsaq, onun həm yaranmasında, həm formalaşmasında, həm də inkişafında lider amilinin nə qədər böyük rol oynadığını görərik. Çox keçmişə getmədən, Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçillin, Fransada Şarl de Qollun fəaliyyətini misal göstərməklə deyə bilərik ki, dövlətin yüksəlişində, dünya səhnəsinə çıxmasında, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsində, beynəlxalq birlikdə özünə yer tutmasında fenomen şəxsiyyətlərin rolu böyükdür. XX əsr Azərbaycan tarixi isə Heydər Əliyevin timsalında hələ ötən əsrin 70-80-ci illərindən lider amilinin dövlətin və xalqın tarixində, onun gələcəyinin formalaşmasında, inkişafında, beynəlxalq aləmdə özünü sübut etməsində ən vacib amil olduğunu təsdiq edir. Heydər Əliyev kimi dahilər mübarizələri və əməlləri ilə mənsub olduqları xalqların qürur doğuran tarixini yaratmaqla bərabər, həm də inkişaf salnaməsinin müəllifinə çevrilirlər, tarixi yaradaraq, eyni zamanda onun gərdişini nizamlamağa qadir olurlar. Ulu Öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixdəki rolunu əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

Heydər Əliyevin siyasi həyat yolu, fəaliyyəti xalqımızın yaddaşına ona görə əbədi həkk edilib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyatının başlıca qayəsi kimi öz Vətəninə xidmət edib. Ona görə belə bir gündə hər birimiz bir daha Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fikir söyləməyə ehtiyac duyur, bunu mənəvi borc bilirik.

Lakin bu da bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev barədə nə qədər yazsaq, nə qədər danışsaq da, onun fəaliyyətini, dövlət və xalq qarşısındakı xidmətlərini tam şəkildə əhatə edə bilmərik. Çünki həm Heydər Əliyevin özü nəhəng şəxsiyyət idi, həm də rəhbər kimi fəaliyyət göstərdiyi 35 ilə yaxın dövrdə gördüyü işlərin miqyası olduqca böyük idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq yüksəliş və quruculuq, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Eyni zamanda, respublikamızın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən Ulu Öndər hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub. Heydər Əliyev irsinin hər bir istiqaməti elmi ictimaiyyət üçün aktual məsələlərdir və bunların araşdırılması, tədqiq olunması bundan sonra da davam etdirilməlidir.

Qeyd etdiyim kimi, Heydər Əliyevin fəaliyyəti boyu gördüyü işlərin miqyası olduqca böyükdür. Ona görə bu yazıda Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyətinin bir neçə aspektinə nəzər yetirmək istəyirəm. Cəmi bir neçə tarixi faktların fonunda görəcəyik ki, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri və rolu nə qədər böyük və əzəmətlidir.

Heydər Əliyev erməni millətçiliyinin baş qaldırmasına imkan verməmişdi

2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabr ayında isə Qarabağda erməni separatizminə son qoyulması müasir tariximizin ən böyük hərbi-siyasi hadisələridir. Prezident İlham Əliyev öz qətiyyəti, müdrikliyi və uzaqgörənliyi ilə Qarabağ probleminə birdəfəlik son qoydu.

Bu hadisələr indi bizim əsas mövzumuzdur. Azərbaycanın zəfəri barədə bundan sonra da çox deyiləcək, çox yazılacaq, bu qalibiyyət siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət və digər sahələrdə elmi araşdırmalara vəsilə olacaq. Lakin biz bu gün artıq keçmişdə qalmış Qarabağ münaqişəsi və erməni separatizmi barədə danışarkən hadisələrə yalnız son 30 ilin kontekstindən baxmalı deyilik. Çünki Ermənistan onilliklər boyu bu ərazinin Azərbaycandan qoparılmasına çalışmış, hələ sovet dövründən Qarabağda erməni separatizmi baş qaldırmışdı. Məhz Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə erməni separatizminin qarşısı alınmışdı.

Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Qarabağın erməniləşdirilməsinin qarşısını almaq idi. Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin siması xeyli dəyişdi. Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı.

Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Ermənilər Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək, vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda Qarabağın digər rayonlarımızla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə atılan addımlardan biri Ağdam-Xankəndi dəmiryolu xəttinin çəkilişi oldu.

Sovet illərində Şuşa şəhərinin dirçəldilməsi və qədim Azərbaycan şəhəri kimi inkişaf etdirilməsi məhz Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra mümkün oldu. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayandan dərhal sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük muzeyə çevirmək üçün əhəmiyyətli işlərin görülməsinə dair göstərişlər vermişdi.

Ermənilərin əzəli Azərbaycan torpaqlarına çox yaxın tarixdə köçürüldüyünü onların özlərinin əli ilə əbədiləşdirmək Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur. Belə ki, Qarabağ erməniləri 1978-ci ildə Mardakert - indiki Ağdərə rayonunun Marağa kəndində ucaltdıqları abidə ilə bu torpaqlara 150 il əvvəl gəldiklərini təsdiqləmişlər.

Bütövlükdə, Heydər Əliyevin qətiyyəti nəticəsində ötən əsrin 80-ci illərinin sonlarına qədər ermənilərin Qarabağ və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri baş tutmamışdı. 1985-ci ilin fevralında Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma "erməni soyqırımı"nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də "Soyqırımı qurbanlarının xatirə günü" kimi qeyd olunması təklifi ilə müraciət etmişdi. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı.

Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə alırdı. Xalqımızın dahi oğlunun qətiyyətli mövqeyi M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat edirdi. Çünki Heydər Əliyev onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi maneə idi. Yalnız Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefasından sonra xalqımıza qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Xalqımızın dahi oğlunun ermənipərəst qüvvələr tərəfindən siyasi fəaliyyətdən uzaqlaşdırılıb təzyiq və təqiblərə məruz qalması Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni-daşnak qüvvələrinə öz məkrli niyyətlərini həyata keçirmək fürsəti verdi.

Heydər Əliyev bütün vəzifələrindən istefa verdikdən sonra da öz xalqının yanında idi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsi ilə bağlı etiraz səsini ucaltması, daha sonra həmin ilin iyul ayında Naxçıvana gəlişi respublikamızdakı milli azadlıq mücadiləsinə təkan vermişdi. Heydər Əliyev o dövrdə ermənilərin Naxçıvanla bağlı işğalçı planlarının qarşısını qətiyyətlə almışdı.

Bu gün çox haqlı olaraq torpaqlarımızın işğaldan azad edilməsini Heydər Əliyev ideyalarının həyata vəsiqə alması kimi dəyərləndiririk. Çünki torpaqlarımızın azad edilməsinə hesablanmış hazırlıq işləri dahi strateq kimi Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kursun uğurlu davamının məntiqi nəticəsi idi. Bu kurs isə 1993-cü ildən başlamışdı və ilkin olaraq Azərbaycan üçün olduqca əlverişsiz bir şəraitdə Füzuli istiqamətində işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdi. Sonrakı dövrdə isə Heydər Əliyevin böyük uzaqgörənliklə nail olduğu atəşkəs Azərbaycan torpaqlarının azad edilməsi üçün kompleks şəkildə - yəni iqtisadiyyatımızı inkişaf etdirmək, ordumuzu gücləndirmək, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin maraqlarına uyğun beynəlxalq hüququ təmin etməklə hazırlıq işlərinin aparılması üçün tarixi zəmin yaratdı.

Bu gün dönüb geriyə baxanda görürük ki, müxtəlif istiqamətlərdə aparılan hazırlıq işləri vəhdət təşkil edərək, qələbəmizin qazanılmasına əsas vermişdir. Görünən həm də odur ki, bu hazırlıq zəncirinin hansısa bir həlqəsində olan boşluq gələcəkdə Azərbaycanın hərbi yola əl atmaq məcburiyyətində qalacağı təqdirdə ciddi problemlər yarada bilərdi. Amma bu hazırlıq işlərinin təməllərini müəyyən edən Heydər Əliyev idi. Ötən illərin mənzərəsi isə sübuta yetirir ki, Heydər Əliyev Azərbaycanın dövlət və milli maraqlarını layiqincə və qətiyyətlə təmin edib.

1993-cü ildə siyasi hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyev Ermənistanın işğal siyasətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün yorulmadan çalışırdı. Bunun nəticəsidir ki, 1993-cü ilin iyul-oktyabr aylarında BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul olunmuşdu.

Atəşkəsin əldə olunmasından sonra Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səviyyələrdə mübarizə apardı. Ulu Öndər bütün mötəbər qurumların platformalarından beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ münaqişəsinə cəlb edir, onların potensialından istifadə etməklə problemin həllinə çalışırdı. 1996-cı ilin dekabrında Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti Zirvə toplantısı Qarabağ münaqişəsinin həlli istiqamətində respublikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü. Belə ki, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının baza formulu məhz Lissabonda müəyyən edildi. Qəbul olunmuş tarixi qərar sülh danışıqlarının Azərbaycanın maraqları çərçivəsində yekunlaşdırılmasını zəruri edirdi.

Heydər Əliyev ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etmişdi. Bu gün zəfərimizin və Qərbin erməni təəssübkeşliyinin fonunda dönüb tarixə baxanda görürük ki, Heydər Əliyev nə qədər böyük təzyiqlərə sinə gərmiş, Azərbaycanın mənafelərini müdrikcəsinə qorumuşdur.

Dotasiyasız yaşayan respublika

Bu məqalədə toxunmaq istədiyim digər məqam Heydər Əliyevin həm sovet, həm də müstəqilliyimizin bərpasından sonra Azərbaycanın iqtisadi imkanlarından, milli sərvətlərimizdən, yerləşdiyi coğrafi məkanın strateji üstünlüklərindən düzgün istifadə ilə bağlı gördüyü işlərdir. Mənim üçün olduqca qürurvericidir ki, hələ sovet dövründə istər elmi araşdırmalar aparan iqtisadçı, istərsə də dövlət strukturlarında çalışan bir şəxs kimi fəaliyyətimdə Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı atdığı addımların şahidi və həmin proseslərin iştirakçısı olmuşam.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı öz göstəricilərinə görə ittifaqın digər üzvləri ilə müqayisədə çox geri idi. Obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın iqtisadi inkişafdan geri qalması fakt idi. Ölkəmiz bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının artım sürətinə və əmək məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.

Lakin 1969-cu ilin yayında respublikaya enerjili və məqsədə doğru addımlayan lider - Heydər Əliyevin gəlişi ilə bu istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni ideyalar həyata keçirildi. Belə ki, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə perspektiv inkişaf proqramları hazırlandı və gerçəkləşdirildi.

Azərbaycan tezliklə keçmiş ittifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Sənaye və kənd təsərrüfatı məhsullarının dinamik artan istehsalı, öhdəliklərin vaxtından qabaq və artıqlaması ilə yerinə yetirilməsi, xalq təsərrüfatının bütün sahələrində keyfiyyət göstəricilərinin yüksəlməsi 70-80-ci illərdə Azərbaycanın inkişafını əks etdirirdi. Ümumittifaq əmək bölgüsündə respublikanın payı, həmçinin Sovet İttifaqının xarici iqtisadi əlaqələrində onun iştirakı əhəmiyyətli dərəcədə artmışdı.

1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdı. Həmin illər ərzində iqtisadiyyata əvvəlki 50 ildəkindən 1,4 dəfə çox kapital qoyulmuşdu. Xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. 250-dən çox iri zavod, fabrik və istehsal sexləri tikilmişdi. Azərbaycanda buraxılan 350 adda sənaye məhsulu dünyanın nə az, nə çox, düz 65 ölkəsinə ixrac olunurdu. Bu məhsulların bir çoxu nəinki Azərbaycanda, eləcə də bütün ittifaq miqyasında ilk dəfə istehsal edilən məhsullar idi. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı. Bu illərdə Azərbaycan üçün yeni olan bir neçə sənaye sahəsinin əsası qoyulmuşdu.

Təbii ki, bunun səbəbini ilk növbədə Heydər Əliyevin bir rəhbər kimi yüksək mənəvi keyfiyyətlərində, ədalətli və şəffaf idarəçiliyində, öz dövlətinə və xalqına bağlılığında axtarmaq lazımdır. Azərbaycan ittifaq miqyasında dotasiyasız yaşamaq imkanları olan bir respublikaya çevrilmişdi.

Elə bu uğurlar da Heydər Əliyevin Moskvada daha yüksək vəzifəyə təyinat almasında əsas rol oynadı. Heydər Əliyev 1982-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçiləndə və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunanda Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. O illərdə çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyən Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan hazırda onun ən layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.

Enerji strategiyası Azərbaycanın inkişafının təməllərindən biridir

Heydər Əliyevin siyasi rəhbər və dövlət xadimi kimi fəaliyyətinin ən mühüm tərəflərindən biri milli sərvətlərdən səmərəli istifadə, ən əsası bu prosesdə ölkənin maraq və mənafelərinin qorunmasıdır. Müstəqillik dövründə xalqımızın nail olduğu ən böyük uğurlardan biri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının təntənəsi və Azərbaycan dövlətinə gətirdiyi siyasi və iqtisadi dividendlərdir.

Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın yeni neft strategiyasından danışarkən dövlət müstəqilliyimizin bərpasından sonra neft sənayesində gedən prosesləri xatırlamamaq olmur. 1993-cü ilin təlatümlü günlərində, Azərbaycan vətəndaş müharibəsinin astanasında, dövlət kimi parçalanma ərəfəsində olduğu, Ermənistanın hərbi təcavüzünün genişləndiyi, ölkədə siyasi, iqtisadi və maliyyə böhranının dərinləşdiyi vaxtlarda bəzi Qərb dairələri və neft şirkətləri belə hesab edirdilər ki, Azərbaycan iqtidarı istənilən razılaşmaya gedəcək.

Lakin 1993-cü ildə siyasi hakimiyyətə gələn Heydər Əliyevin danışıqların məzmunu ilə tanış olmasından sonra hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. Bu addımın nə qədər müdrik və uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi. Çünki bundan bir il sonra xarici şirkətlərlə aparılan neft danışıqları və onların uğurlu nəticələri, Heydər Əliyevin müəllifi olduğu yeni neft-qaz strategiyası Azərbaycan dövlətinin və xalqının milli maraqları üzərində qurulmuşdu. Artıq Azərbaycan xalqı öz təbii sərvətlərinin əsl sahibi kimi çıxış edirdi. Məhz bu strategiyasının uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həyata keçməsində ilk addım olan və "Əsrin müqaviləsi" adı alan bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək onun dünya birliyinə sıx inteqrasiyasını təmin etdi.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu, Azərbaycan dövlətini öz hədəflərinə doğru aparan böyük bir yolun başlanğıcı oldu. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi. Qarşımızda açılan gələcəyin üfüqləri məhz bu ilk addımdan sonra görünməyə başladı. Bu saziş təbii sərvətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşüncədə dolaşan mücərrəd təsəvvürləri konkretləşdirdi, qarşıdakı istiqamətlərə aydınlıq gətirdi. "Əsrin müqaviləsi" ilə Azərbaycan özünün halal sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini sərgilədi, bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından hasilat 26 il əvvəl - 1997-ci ilin noyabr ayında başladı.

Yeni neft strategiyasının reallaşması Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl oldu: genişmiqyaslı islahatlar aparıldı, sənayenin şaxələndirilməsi həyata keçirildi.

Təkcə Azərbaycan yox, Qərb dövlətləri, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" ilə dünyanın neft sənayesi tarixində yeni bir dönəm başlandı.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra qarşıda duran əsas məsələlərdən biri Xəzərin Azərbaycan sektorundan hasil olunacaq "qara qızıl"ın dünya bazarlarına çatdırılması idi. Bu sahədə görülən işlərin ilkin nəticəsi kimi 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bunlar Azərbaycanın perspektiv enerji siyasəti üçün yetərli deyildi və alternativ marşrutlar lazım idi. Bakı-Tbilisi-Ceyhan ideyasının ortaya çıxması da məhz neftin bir neçə kəmər vasitəsilə nəql olunması arzusundan doğmuşdu.

BTC-nin reallığa çevrilməsi, həqiqətən də çox çətin mərhələlərdən keçməli oldu və nəhayət, bu məsələyə də Heydər Əliyev dühası son qoydu. Məhz Heydər Əliyev qətiyyətinin sayəsində 2002-ci il sentyabrın 18-də Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verən, ermənipərəst siyasi dairələrin müxtəlif çabalarının əksinə olaraq Ermənistandan yan keçən BTC neft kəmərinin təməli qoyuldu. Heydər Əliyev 2002-ci il sentyabrın 18-də kəmərin təməlqoyma mərasimində deyirdi: "... Müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla - Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq. Bu qərarın özü də çox mübahisələr doğurdu. Çünki o vaxt həm bizim imzaladığımız müqaviləyə qarşı çıxış edənlər, həm də boru xəttinin məhz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə getməsinin əleyhinə çıxanlar var idi. Bunlar məlumdur. Bizə, yəni birinci növbədə Azərbaycana mane olurdular".

BTC 2006-cı il iyulun 13-də keçirilən açılış mərasimindən sonra həyata rəsmən vəsiqə aldı. Beləliklə, bu böyük enerji layihəsinin reallaşdırılması ilə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə düşünülərək, həyata keçirilən neft strategiyası tarixi yolçuluğunda özünün ən uca zirvəsinə çatdı. Bütün dünyada "əsrin layihəsi" kimi dəyərləndirilən və üç ölkəni birləşdirən BTC-nin əfsanədən reallığa çevrilməsi müəllifi Heydər Əliyev olan Azərbaycanın neft strategiyasının, İlham Əliyev qətiyyətinin təntənəsini və eləcə də Azərbaycanın dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu.

Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika mərkəzi

Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən yol-nəqliyyat şəbəkəsinə malik olmayan hansısa dövlətin dinamik inkişafından da söz açmaq qeyri-mümkündür. Bu reallığı böyük müdrikliklə qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev respublikanın əlverişli geostrateji mövqeyini, eləcə də beynəlxalq əhəmiyyətli qlobal kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, yol-nəqliyyat sisteminin tamamilə yenidən qurulmasını və modernləşdirilməsini özünün dərin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmasının ölkənin iqtisadi həyatında və qlobal proseslərdə iştirakında böyük rol oynadığını düzgün dəyərləndirirdi. Bu sahədəki uzaqgörən fəaliyyəti ilə Heydər Əliyev həm də beynəlxalq nəqliyyat dəhlizlərinin ideyadan praktik müstəviyə keçirilməsinə böyük töhfələr verdi, o cümlədən TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramının reallaşması üçün iştirakçı dövlətləri səfərbər etdi.

Avropa İttifaqının TRASEKA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRASEKA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRASEKA-nın imkanlarını və respublikamızın potensialını yüksək qiymətləndirən Ümummilli Liderin siyasi uzaqgörənliyi və səyləri nəticəsində 1998-ci ildə 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans ölkəmizin müstəqilliyinin qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün tarixi hadisə kimi qiymətləndirildi. Heydər Əliyev konfransda demişdir: "... Qədim, böyük, tarixi İpək Yolunun bərpa olunması məsələsi ümumi, dünyəvi, qlobal bir məsələ kimi meydana çıxmışdır. Bu, yeni kommunikasiya, nəqliyyat xətləri yaratmaq, Avropanı Asiya ilə daha yaxın, əlverişli, təhlükəsiz və daha ucuz yollarla bağlamaq və bu vasitə ilə də ölkələr arasında iqtisadi əməkdaşlıq yaratmaq, onu inkişaf etdirmək və Avropa Birliyinin bu ölkələrə təsirini artırmaq məqsədi daşımışdır".

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci il fevralın 21-də rəsmi açılışı olmuşdu. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

Ulu Öndərin layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi ölkəmizin nüfuzunu artırmışdır. Əlbəttə ki, bu məsələdə bir çox uğurlarımızla yanaşı, Azərbaycanın dövlətlərarası nəqliyyat-logistik münasibətlərin dərinləşməsinə verdiyi töhfələr, həmçinin bu prosesin sürətlənməsi üçün həyata keçirdiyi layihələr böyük rol oynamış, respublikamız beynəlxalq nəqliyyat qovşağına çevrilmişdir.

Respublikamızda hava limanlarının yenidən qurulması, yeni aeroportların istifadəyə verilməsi, dəmir yolları şəbəkəsinin inkişaf etdirilməsi, Çindən Avropaya yüklərin çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, o cümlədən Ələt Azad Ticarət Zonasının yaradılması Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatmasında böyük rol oynamışdır.

Ötən dövr ərzində Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə avtomobil yolları şəbəkəsi də inkişaf etdirilmiş, beynəlxalq standartlara uyğun yeni yollar salınmışdır və bu proses indi də davam edir. Avtomobil yolları şəbəkəsinin yenidən qurulması və ya yeni yolların inşası Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi, həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə vermiş, həm də respublikamızın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində həyata keçirilmiş işləri uğurla tamamlamışdır. Ölkəmizin yol infrastrukturunun keyfiyyəti reytinqində Ümumdünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən MDB dövlətləri arasında 1-ci, Asiya qitəsində 10-cu, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşması Azərbaycanın yüksəlişini dünyaya bəyan edən nailiyyətlərdir.

Qarabağ və Şərqi Zəngəzurda inşa edilən magistral avtomobil yollarının istifadəyə verilməsi respublikamızın beynəlxalq nəqliyyat qovşağı kimi imkanlarını daha da artıracaq. Bu, qloballaşan dünyamızın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolunu daha da artırır və strateji əhəmiyyət kəsb edir. Görülən işlər göstərir ki, yaxın gələcəkdə respublikamızın bu müstəvidə mövqeləri daha da güclənəcək.

Ulu Öndərin siyasəti yaşayır və layiqincə davam etdirilir

Bu gün Azərbaycan dövlətinin elə bir sahəsi, cəmiyyət həyatının elə bir istiqaməti yoxdur ki, orada Ümummilli Liderimizin möhtəşəm imzası, sanballı izi olmasın. Hər bir sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu, onun ideyalarının uğurla davam etməsini aydın müşahidə edirik.

Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyən Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan hazırda onun ən layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla, həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi.

Dahi Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyim yazını Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində dediyi aşağıdakı sözlərlə yekunlaşdırmaq istəyirəm: "Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolları, respublikamızda baş verən bütün pozitiv dəyişikliklər və torpaqlarımızın işğaldan azad edilməsi göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, layiqincə davam etdirilir. Vəfatının 20-ci ildönümündə respublikamızın keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqla bir daha Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan yaşadıqca, Heydər Əliyev də yaşayacaq. Azərbaycan isə əbədi var olacaq.

Ziyad SƏMƏDZADƏ,

akademik.