Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması
Tarix

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması

Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların yaşadığı coğrafi məkan nəzərdə tutulur.

Bu gün Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixin müxtəlif dövrlərində Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyasının ərazisinə daxil olmuşdur. Tarixdə ilk erməni dövləti yalnız 1918-ci ildə Cənubi Qafqazda tarixi Azərbaycan torpağında yaranmışdır.

Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərdən əsər-əlamət yox idi. İndiki Ermənistan ərazisində, həmçinin tarixən sabunçu, baharlı, bayandur, qacar, kəngər, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkman, ayrım, qarapapaq, qaramanlı, muğanlı və s. türk tayfaları yaşamışlar. Həmin ərazidə oğuzların 24 boyunun hər biri ilə bağlı yer-yurd adları tarixi ədəbiyyatda və xəritələrdə öz əksini tapmışdır.

Bu gün özlərini "hay" adlandıran toplum tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxtalaşdırılmışdır.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - Eçmiədzinə köçürülmüşdür. Həmin vaxtdan etibarən ermənilər İrəvan ətrafında məskunlaşmağa başlamışlar. Matenadaranda saxlanan alqı-satqı sənədlərində Üçkilsənin ərazisinin Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşdiyi qeyd edilir.

1747-ci ildə Nadir şahın ölümündən sonra 1828-ci ilədək Çuxur-Səəd bəylərbəyliyinin ərazisində feodal dövlət kimi İrəvan xanlığı mövcud olmuşdur. Son 200 ildə baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan dövləti Qərbi Azərbaycan ərazisində azərbaycanlıların zaman-zaman kütləvi qırğınlara, soyqırımlarına və deportasiyalara məruz qoyulması və həmin əraziyə ermənilərin kütləvi surətdə köçürülməsi nəticəsində meydana çıxmışdır. Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsi beş mərhələdə həyata keçirilmişdir.

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələlərinin hər biri "Respublika" qəzetinin oxucularına təqdim edilir.

III mərhələ

1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər soyqırımı kimi xarakterizə edilir. Çünki həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi.

Rusiyada 1917-ci il noyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin "Qərbi Ermənistan" adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqını da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşlar. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində "türksüz Ermənistan" dövləti yaratmaqdan ibarət idi.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunasının daşnak-bolşevik silahlı qüvvələri tərəfindən əks-inqilabçılarla mübarizə pərdəsi altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilmişdi. Mart-aprel-may aylarında Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımız vəhşi üsullarla qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdi.

1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilmişdir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilmişdir.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən, Ermənistan Respublikasının ərazisi təqribən 9 min kvadratmetr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdü, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə, Basarkeçər bölgəsi istisna olmaqla, Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdəüçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddəbiri daxil idi. Batum müqaviləsinin imzalanmasından sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinin tədqiqi məqsədilə Nazirlər Şurası iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919-cu və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarının Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır.

Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli "Birləşmiş Ermənistan" yaradılması haqqında qərarını reallaşdırmaq niyyətində idi. Erməni silahlı dəstələri tərəfindən 1918-1920-ci illərdə Zəngəzurda 166, İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır.

Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdir. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 10 min nəfər azərbaycanlı qalmışdı. 1922-ci ildə 130 min azərbaycanlı Sovet Ermənistanına qayıda bilmişdi.

Yalnız 80 ildən sonra, ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamış və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

IV mərhələ

Sovet Ermənistanında 30-cu illərdə 50 mindən artıq azərbaycanlı repressiyaya məruz qoyulmuş, onların xeyli hissəsi Qazaxıstana və Orta Asiyaya sürgün edilmişdi. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın - azərbaycanlıların deportasiyasının həyata keçirilməsinə nail oldular.

İkinci Dünya müharibəsinin sonlarında SSRİ Türkiyəyə qarşı ərazi iddiası irəli sürmüşdü. Ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin SSRİ-nin Türkiyədən qoparmaq istədiyi əraziləri məskunlaşdırmaq problemi qarşıya çıxmışdı. Bu məsələni xaricdən Ermənistan ərazisinə ermənilərin gətirilməsi yolu ilə həll etmək istəyirdilər.

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə "Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında" qərar qəbul etdi.

Artıq 1946-cı ilin əvvəlində 130 min erməni xaricdən Ermənistana köçmək arzusunda olduğunu bildirmişdi. 1945-ci ilin sonu, 1946-cı ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Q.Arutiunov xaricdən ermənilərin kütləvi repatriasiyasını əsas götürərək, "Dağlıq Qarabağ"ın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini Moskva qarşısında qaldırmışdı. Mir Cəfər Bağırov ermənilərin bu iddiasına cavab olaraq Moskvaya bildirmişdi ki, o, Şuşa istisna olmaqla, Arutiunovun tələbi ilə o şərtlə razıdır ki, Ermənistanın Əzizbəyov, Vedi, Qarabağlar rayonları Azərbaycana birləşdirilsin. Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi ciddiləşmişdi. 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni köçürülmüşdü.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 26 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Qərarın 1-ci bəndinə əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfər köçürülməli idi. Bu qərarın icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 26 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında, Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.

V mərhələ

Bu mərhələdə Ermənistandan azərbaycanlıların etnik təmizlənməsi başa çatdırılmışdır. Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən işə salınmışdı. Uydurma "erməni soyqırımı"nın 50 illiyinin qeyd olunması haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı. Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra "Dağlıq Qarabağ" ermənilərinin öz müqəddəratını təyinetməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. "Dağlıq Qarabağ" ermənilərinin öz müqəddəratını təyinetmə məqsədilə Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs - Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. 1988-ci il fevralın 27-28-də "Dağlıq Qarabağ"da və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: "Müdafiəsiz, silahsız azərbaycanlıları, adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!". Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yeğeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisian və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru.