Türkiyə ilə Azarbaycan arasında 13 il əvvəl imzalanan saziş bu gün də öz aktuallığını qoruyur
Tarix

Türkiyə ilə Azarbaycan arasında 13 il əvvəl imzalanan saziş bu gün də öz aktuallığını qoruyur

2010-cu il 16 avqust tarixində Türkiyə ilə Azərbaycan arasında mühüm strateji əməkdaşlıq sazişi imzalanıb. Sazişdə göstərilən bir şərtə görə, iki ölkədən hansısa birinə qarşı hərbi hücum olarsa, hücum vəziyyətində olmayan ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcəkdi ki, bu, elə də oldu. 2020-ci ildə Azərbaycanın şanlı 44 günlük zəfərində qardaşı Türkiyə ona hər baxımdan dəstək oldu. Müharibədən sonra 2021-ci il iyunun 15-də Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyənnaməsi isə bu sazişin məntiqi davamı kimi qəbul edilir.

Hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov 13 il əvvəl imzalanan müqavilənin mahiyyəti haqqında “Respublika”ya fikirlərini bildirib:

“İmzalanan müqavilənin bir qismi açıqlansa da, ümumiyyətlə detallar tam olaraq açıqlanmadı və bu günə qədər də açıqlanmayıb. Amma belə məlum olur ki, müqavilənin əsas şərti belədir ki, əgər hər hansı bir üçüncü ölkə bu iki qardaş ölkəyə hücum edərsə, o zaman bu dövlətlər birləşərək həmin ölkənin hücumunu dəf etmək səlahiyyətinə malikdirlər və biz bunu ikinci Qarabağ savaşında da gördük. Çünki Türkiyə hökuməti, onun prezidenti, Nazirlər Kabineti, parlamenti, ən əsası isə güc strukturları tamamən Azərbaycanın yanında oldular. Onlar yalnız bir bəyanat olaraq deyil, fiziki olaraq da Azərbaycanın yanında oldular. Bunun əksinə olaraq, biz Ermənistanın yanında yalnız quru bəyanatlar verən və müəyyən qədər təbii ki, yardımlar göstərən ölkələri gördük. Amma onlardan heç biri Türkiyə qədər Azərbaycana açıq dəstək vermədi".

"Türkiyə hökuməti liderinin bilavasitə bəyanatlarında eşitdik ki, əgər burada hər hansı bir üçüncü ölkə olacaqsa, o ölkə bizi qarşısında görəcək. Təbii ki, bu cür açıq bəyanatdan sonra Ermənistana illər ərzində dəstək verən, onu bu işlərə sövq edən dövlətlər istər Rusiya, istər Fransa, istər digər hər hansı bir dövlət olsun buna cəsarət etmədilər. Əlbəttə ki, Azərbaycan ordusu da bu şərəfli vəzifəni çox qısa bir müddət ərzində böyük qələbə ilə başa vura bildi. Bundan başqa Türk ordusunun F-16 ları hələ bu müharibədən bir qədər öncə burada keçirilən təlimlər zamanı Azərbaycana gəlmişdi . Bizim zabitlərimiz Türkiyədə akademiyalarda təhsil alıblar, qarşılıqlı təcrübə mübadilələri keçiblər. Bu təlimlər aviasiya, quru qoşunları, dəniz, xüsusi təyinatlı qüvvələr üzrə keçirilib. Ona görə də bu təlimlər imkan verib ki, Azərbaycan ordusu NATO standartlarına uyğun olaraq hazırlansın. Bütün bunları nəzərə alsaq onu deyə bilərik ki, 2010-cu ildə bağlanmış böyük saziş daha sonra 2021-ci ildə bağlanan Şuşa müqaviləsi ilə davam etdirildi və bu hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edildi. Bundan sonra bu əməkdaşlıq daima yüksələn xətlə gedəcək və hər hansı bir ölkənin Azərbaycana qarşı təhdidi nəticəsiz qalacaq" - deyə, ekspert bildirib.

Tacir SADIQOV,
"Respublika".