Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 15-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

11 oktyabr

  • Düşmənin gecə saatlarında Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə atdığı raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücum etməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib. Müdafiə Nazirliyi Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilməsinə dair görüntüləri paylaşıb.
  • Prezident İlham Əliyev Ermənistanın Gəncəyə etdiyi raket hücumu ilə bağlı "twitter" hesabında paylaşım edib: "Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Ümumilikdə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir. Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək! Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!".
  • Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ağır artilleriya atəşinə tutub. Gecə saat 2 radələrində cəbhə zonasından kənarda şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib: "Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər… Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".
  • Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
  • Müdafiə Nazirliyi Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nın məhv edilməsinin, Gəncənin raketlə vurulma anının videogörüntülərini yayıb. Gün ərzində müxtəlif vaxtlarda Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin, Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin yeni videogörüntülərini yayıb.
  • Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb. Ermənistan ordusuna məxsus "KUB" zenit-raket kompleksi məhv edilib.

"Respublika".