Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 21-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

17 oktyabr

  • Vətən müharibəsinin 21-ci günündə Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatlarını davam etdirib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.
  • Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub.
  • "Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
  • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.
  • Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar. Gəncədə ölənlərin sayı 13-ə çatıb, 52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 20 ev tam dağılıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib. Növbəti paylaşımında Mehriban Əliyeva bildirib: "Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".
  • Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.
  • Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.
  • Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.
  • Düşmənə məxsus növbəti zirehli texnika, "Tor-M2KM" zenit-raket kompleksləri, BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, "S-125" zenit-raket kompleksi məhv edilib.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Respublika".