İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Üzgüçülərimizin uğurlu çıxışı

Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan üzgüçüləri uğurla çıxış ediblər. Süleyman İsmayılzadə sərbəst üsulla 1500 metr və 400 metr məsafəyə üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Müvafiq olaraq 16:10,99 və 04:08,42 nəticə göstərən idmançı yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Digər üzgüçümüz Oqtay Hüseynov da beynəlxalq turnirdə milli komandamızın hesabına qızıl medal yazdırıb. O, 400 metr məsafəyə qarışıq üsulla üzmədə finişə hamıdan tez çatıb. İdmançı eyni məsafəyə sərbəst üsulla üzmə yarışında isə ikinci yeri tutub. Azərbaycan millisinin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov isə Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə güclərini sınayırlar. Dünya çempionatına və "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə ilə Əbdürrəhman Rüstəmov 50 və 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə, Rəşad Alquliyev isə 100 metr məsafəyə arxası üstə üzmədə finala vəsiqə qazanıb.

"Qarabağ"dan yeni rekord

"Qarabağ" klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Belə ki, matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta "Köhlən atlar"ın derbidəki 120-ci topuna imza atıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə 93-cü matçda çatıb. Bu görüşədək rekord "Neftçi"yə məxsus idi. Bakı təmsilçiləri "Şamaxı" ilə qarşılaşmalarda 119 qol vurub. Qeyd edək ki, "Qarabağ" bu oyunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.

Taekvondo üzrə millimiz Vətənə qayıdıb

Çinin Usi şəhərində keçirilmiş Böyük Dəbilqənin təsnifat və Çempionlar mərhələsində iki qızıl və Olimpiya lisenziyası qazanan taekvando üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində federasiya nümayəndələri, idmançıların yaxınları və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, hər iki medala Qaşım Maqomedov sahib çıxıb. Böyük Dəbilqədə qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşən idmançı həm də "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".