“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365; 2021, № 1, maddə 6, № 12, maddə 1298; 2023, № 4, maddə 453, № 8 (I kitab), maddə 1105) aşağıdakı məzmunda 3.1-1-ci və 3.1-2-ci maddələr əlavə edilsin:

“3.1-1. Aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

3.1-1.1. iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;

3.1-1.2. qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

3.1-1.3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

3.1-2. Bu Qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 dekabr 2023-cü il.