Daxili İşlər Nazirliyində kollegiya iclası
Sosial həyat

Daxili İşlər Nazirliyində kollegiya iclası

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən nazir general-rolkovnik Vilayət Eyvazov bildirıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36 min 811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34 min 783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə səhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurma hallarının 98,9, xuliqanlıq hallarının 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluq hallarının 98,1, quldurluq hallarının və hədə-qorxu ilə tələb etmə hallarının 97,5, avtonəqliyyat vasitəsini qaçırma hallarının 97,2, dələduzluq hallarının 92,1 faizi açılıb. Xırda talama hallarının açılmasının nəticələri 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib.

Eyni zamanda, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında prokurorluq orqanlarının əməkdaşları ilə birgə nəzərəçarpan irəliləyiş əldə edildiyi, 426 fakt üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunduğu, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük iş həcminin yerinə yetirildiyi, habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə sıx qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə önəmli nəticələrə nail olunduğu xüsusi vurğulanıb və həmin dövlət orqanlarının əməkdaşlarına və rəhbərliyinə təşəkkür ifadə edilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.

Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12 min 648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.

Qeyri-leqal dövriyyədən müxtəlif nominallı 3 min 487 saxta əsginas, istifadə müddəti ötmüş 6 min 310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb, 620 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib. Nazir bu növ cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini bildirərək onlara təşəkkür edib.

Həmçinin yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərə tələbatın azaldılması məqsədi üzərində qurulması ilə bağlı göstərişlər verib.

Hesabat ilində 5 min 389, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 60 şəhər və rayonundan 3 min 823 vətəndaş qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll olunub. Eyni zamanda, nazirliyə daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi təmin edilib.

Məruzə ətrafında çıxış edənlər həyata keçirilən tədbirlərdən danışıblar.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini xüsusi vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

"Respublika".